Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:42

Putin prezident vəzifəsinə namizədliyini verəcəyini təsdiq edib


Vladimir Putin və Artyom Joqa təltif mərasimində
Vladimir Putin və Artyom Joqa təltif mərasimində

Rusiya prezidenti Vladimir Putin bu postda yeni müddət üçün seçkidə namizədliyini verəcəyini deyib.

O bu bəyanatı dekabrın 8-də Kremldə dövlət təltifləri mərasimində verib.

Xəbər verilir ki, mərasimdən sonra Putin “Rusiya qəhrəmanı” ordeni ilə təltif olunmuş şəxslərlə söhbət edib.

Jurnalistlərin verdiyi məlumata görə bu zaman Rusiya tərəfindən işğal olunmuş Donetskdə regional parlamentin sədri Artyom Joqa Putindən prezident seçkisində iştirak etməsini rica edib.

Kommersant qəzetinin müxbiri Andrey Kolesnikov yazır ki, bu ricaya başqa iştirakçılar da qoşulublar.

Putin bu ricalara müsbət cavab verib və 17 mart 2024-cü il seçkisində namizəd olacağını deyib.

Bundan əvvəl Putin prezident seçkisində namizədliyini irəli sürəcəyi barədə heç nə deməmişdi.

Bu, Putin üçün 5-ci prezidentlik müddəti olacaq. O 2000-ci ildə ilk dəfə prezident seçiləndə bir nəfər bu postu yalnız iki müddət tuta bilərdi. Üstəlik o vaxt bir prezidentlik müddəti 4 il idi. Lakin 2008-ci ildə bu müddət 6 ilə uzadılıb.

2020-ci ildə Konstitusiyaya Putinin öz təşəbbüsü ilə edilmiş dəyişikliklər ona hətta altıncı müddət üçün seçilmək imkanı verir. Bu halda onun prezidentlik səlahiyyətləri yalnız 2036-cı ildə başa çatacaq.

Rusiyada prezident seçkisinin vaxtı açıqlandı, Navalnı Putinin əleyhinə səs verməyə çağırdı

Rusiya parlamentinin yuxarı palatası - Federasiya Şurası martın 17-nə prezident seçkisi təyin edib.

Şura dekabrın 7-də keçirilən iclasında belə bir qərar qəbul edib.

1999-cu ildən baş nazir, yaxud prezident kimi hakimiyyətdə olmuş Vladimir Putin daha altı il də hakimiyyətdə qalmaq üçün seçkiyə qatılmaq niyyətini açıqlamayıb. Ancaq onun seçkiyə gedəcəyi gözlənilir.

Konstitusiyaya dəyişiklik Putinə seçkidə iştirak şansı verib. İndiyədək ona meydan oxuyacaq ciddi namizəd ortaya çıxmayıb.

Navalnının çağırışı

Rusiya müxalifətinin liderlərindən hazırda həbsxanada olan Aleksey Navalnı seçki gününün elan olunmasına yeni çağırışla reaksiya verib.

O 100 milyonluq Rusiya elektoratını səslərini Putindən başqa "istəınilən namizədə” verməyə çağırıb.

Navalnı bloq postunda yazıb ki, "Putin Rusiyanı məhv edəcək. O getməldir”.

Müxalifət lideri seçki nəticələrinin saxtalaşdırılacağına əmin olduğunu bildirsə də, seçiciləri Putinin əleyhinə səs verməyə çağırıb:

"Putin üçün bu seçki onun hərəkətlərinin qəbul olunması haqqında referendumdur. Bu müharibəyə tərəfdar olmağın referendumudur. Gəlin onun planlarını pozaq...”

Hətta ən saxtakar seçki də...

Navalnının bloqunda daha sonra deyilir:

"İstənilən, hətta ən saxtakar seçkilər – tərəddüdlər zamanıdır. Adamlar kimin hakimiyyətdə olması və onun niyə hakimiyyətdə olması barədə düşünürlər. Rusiya müxalifətinin, bütün vicdanlı vətəndaşların əsas vəzifəsi bu tərəddüdlərə cavab verməkdir. Təbliğat aparmaq lazımdır. İzah etmək lazımdır ki, 24 ildir hakimiyyətdə olan 71 yaşlı Putin daha 6 il müddətinə hakimiyyətdə qalmamalıdır...”

Rusiya Federasiya Şurasının qərarında bu prezident seçkisinin həm də Ukraynanın işğal olunmuş ərazilərində keçiriləcəyi bildirilir.

Rusiya Ukraynanın Donetsk, Xerson, Luhansk və Zaporojye vilayətlərini öz ərazisi elan etsə də, bu vilayətlərə yalnız qismən nəzarət edir.

Ötən ay Putin seçki qanununa düzəlişlər barədə qanunvericilik aktını imzalyıb. Bu dəyişiklik seçkinin media tərəfindən işıqlandırılmasını məhdudlaşdırır və Mərkəzi Seçki Komissiyasına fövqəladə vəziyyət elan edilmiş ərazilərdə - yəni Ukraynanın işğal olunmuş ərazilərində seçki prosedurlarını dəyişmək səlahiyyəti verir.

Mümkün rəqiblər

Rusiya mediası yazır ki, Putinin bu seçkidə namizədliyi irəli sürüləcək və Kreml asan qələbəyə ümid edir.

“Meduza” və “Vyorstka” saytlarının yazdığına görə məmurlara Putin üçün 80 faiz nəticənin əldə olunması tapşırığı verilib.

Gözlənildiyinə görə Putinin namizədliyini “Ədalətli Rusiya” və “Vahid Rusiya” partiyaları dəstəkləyəcəklər.

Amma Putin bu seçkidə öz namizədliyini yalnız özü irəli sürə bilər. Bunun üçün namizədin Rusiya Federasiyasının bütün subyektlərini təmsil edən 300 min seçici imzası toplaması lazımdır.

Bu seçkidə namizəd kimi iştirak etmək qərarını indiyədək Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov, Dövlət Dumasının keçmiş deputatı Boris Nadejdin, Donetsk separatçılarının hazırda təcridaxanada olan keçmiş hərbi komandanı İqor Strelkov (Girkin) və jurnalist Yekaterina Duntsova elan ediblər.

XS
SM
MD
LG