Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:53

Qaniçən qayıdır: Putin Rusiyası Stalinin kölgəsinə sığınıb


"Putin rejiminin Stalinə, stalinistlərə, stalinizmə tam bəlli münasibəti var".
"Putin rejiminin Stalinə, stalinistlərə, stalinizmə tam bəlli münasibəti var".

Tatarıstanın ikinci ən böyük şəhəri olan Naberejnıye Çelnıda, bir özəl məktəbin ərazisində sovet diktatoru İosif Stalinin qəribə heykəli var. Oturaq durumdakı heykəl bir qədər önə əyilərək sanki yol ötənləri yanında əyləşib söhbətləşməyə çağırır.

Robert Koulsonun məqaləsində deyilir ki, indi Rusiya ərazisində Stalinin 100-dən çox heykəlini görmək olar. Onların əksəriyyəti Vladimir Putinin 24 illik hakimiyyəti dövründə ucaldılıb. Stalin irsinin əsas hissələrini manipulyasiya edən Putin həmin irsdən özünün etatist (fransızca dövlət anlamı verən "eta" sözündən götürülüb və siyasi, iqtisadi müstəvidə "dövlətçilik" deməkdir – red.), millətçi, hərbiləşmiş Rusiya yaratmaqla bağlı baxışlarını cəmiyyətə sırımaq üçün yararlanır. Bir çox təhlilçilər bu siyasəti "neostalinizm" adlandırır.

"Bugünkü Rusiyada "Lenin", olsa-olsa, mavzoleydəki fiqurdan başqa heç nə deyil, amma "Stalin" gündəlik reallığımızdır. Putin rejiminin Stalinə, stalinistlərə, stalinizmə tam bəlli münasibəti var. Bu münasibət, əsasən, rejimin köklərinə bağlıdır. KQB ideya və əməl olaraq "Stalin"ə qarşı ola bilməz, Stalin onların ağası, onların taleyi, onların ömür tarixçəsidir", - işadamı Leonid Nevzlin 2020-ci ildə AzadlıqRadiosu üçün yazdığı essedə belə deyir. O, 2003-cü ildə, Putin neft nəhəngi "Yukos"u ələ keçirəndən sonra Rusiyanı tərk edərək İsrailə köçüb. "Stalin" elə özəl əməliyyatdır ki, onun gedişində əhali stalinləşmə prosesinə cəlb edilir və neostalinist olmaqdan ötrü səfərbər edilir. Mədəni-psixoloji mənada biz stalinist toplum olaraq qalırıq", - bu da həmin işadamının sözləridir.

"Biz, doğrudan da, Stalin irsinin içində yaşayırıq. Burada əsas şeylər qorxu, atomlaşma, itaət və sosial şərin digər növləridir", - Stalini "böyük manipulyator" adlandıran tatar fəal və siyasi təhlilçi Ruslan Aisin avqust ayında Azadlıq Radiosunun "İdel.Realii" xidməti üçün yazdığı essesində belə yazır.

1991-ci ildə KQB zabiti Aleksey Solovyov Uzaq Şərqdə yerləşən Smolenko kəndinə ezam edilib. O, həmin kənddə Stalin repressiyası qurbanlarının edam olunandan sonra oradakı meşədə kütləvi qəbirlərə atıldığını sübut edən arxiv dəlillərini araşdırmalı idi. Bu, Stalin dönəmində hökumətin sovet xalqına qarşı törətdiyi cinayətləri üzə çıxarmaq istiqamətində göstərilən səylərin bir hissəsi idi. O dönəm sovet dövrünün sonlarını və postsovet dövrünün ilk illərini əhatə edirdi. İndi 92 yaşı olan Solovyov AzadlıqRadiosuna müsahibəsində həmin dövrdə bir neçə ay içində, azı, 2 min 500 insanın basdırıldığı 50 bəsit kütləvi qəbir aşkar etdiklərini deyir. Bu insanlar 1937-38-ci ildə ədalətsizcəsinə edam edilmişdilər. Ekspertlərin hesablamalarına görə, həmin meşədə azı 8 min insan basdırılıb, ancaq bu da var ki, araşdırmalar uzun zaman öncə artıq dayandırılıb.

Permdə QULAQ əmək düşərgələrinin məhbusları
Permdə QULAQ əmək düşərgələrinin məhbusları

"Hökmlər məhkumlara elan edilmirdi"

Solovyovun sözlərinə görə, həmin ekspedisiyanın tarixçəsi onun 1980-ci ildə yaşlı bir keçmiş zabitlə söhbətinə gedib çıxır. O, Stalin dövründə təhlükəsizlik orqanlarında çalışan bu zabitin adını heç vaxt açıqlamayacağına söz verdiyini deyir: "O, xəstə və narahat görünürdü. Eşitdiklərim heyrətamiz və qorxunc idi. Tezliklə öləcəyini gözlədiyini və o qorxunc olaylar barədə bu bilgini kiminləsə bölüşməli olduğunu söylədi".

O zaman Stalin NKVD-sinin polis serjantı olmuş həmin şəxs "xalq düşmənlərinin hökmlərini icra etmək" tapşırığı aldığını deyib. "Biz bayramlar da daxil, hər gün onları həbsxanada güllələyirdik", - Solovyov həmin şəxsin sözlərini xatırlayır. Hər gecə həbsxanaya Çita rayon NKVD-sinin rəhbəri Qriqori Xorxorinin imzaladığı edam siyahıları gəlirmiş. Xorxorinin özü 1938-ci ildə həbs edilib və 1939-cu ilin martında həbsxanada ölüb.

"Ölümə məhkum edilənlər öz aqibətlərini bilmirdilər: Tribunallar gizli toplanır, hökmlərini məhkumlara elan etmirdi. Keşikçilər məhkumları zirzəmiyə aparır və orada onları revolverlə başlarının arxasından vururdular… [Keçmiş NKVD zabiti] mənə cəsədlərin harada basdırıldığını deyə bilmədi. Bilmirdi.", - Solovyovun sözləridir. Bu gün meşədə burada basdırılan qurbanlardan bəzilərinin adlarını göstərən balaca, qeyri-rəsmi abidə var. Ancaq yerlilərdən çox az adam bu abidə haqqında nəsə bilir.

Adının çəkilməsini istəməyən 22 yaşlı smolenkalı kişi meşədəki bu yer haqda heç nə bilmədiyini söyləyir: "Mən burada kiminsə basdırıldığı yerdə abidə olduğunu bilmirdim. Repressiya olunan adamlar? Burada insanları güllələyiblər? İndi gəl baş çıxar. Mən bu haqda heç nə eşitməmişəm".

Stalinin Bakıda heykəli var imiş
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

"Stalin dövrünü tərifləmək normaya çevrilib"

NKVD cəlladının gözlərinə baxıb onunla söhbətləşsə və Smolenkadakı kütləvi qəbirləri araşdırsa da, Solovyov Stalinə bu şəkildə bəraət verilməsini alqışlayır: "Stalin öz dövrünün müdrik siyasətçisi idi. Onu tənqid edənlər sadəcə kommunizm ideyalarını və bizim böyük keçmişimizi ləkələmək istəyirlər. Stalinsizləşdirmə yalnız Rusiya vətəndaşlarının diqqətini [postsovet] islahatların ciddi uğursuzluqlarından yayındırmaq istəyənlərə lazımdır. Xalqa bu lazım deyil. Repressiyalar bizim tariximizdə qorxunc səhifə idi, ancaq hər bir rejimin öz yanlış və qaranlıq nöqtələri var. Biz Stalin dövründə baş verən bütün yaxşı şeylərdən danışmalıyıq. Bu yaxşı şeylərsə çox olub. O zaman dövlətin repressiya olunanların əməyi sayəsində qurulduğunu deyə bilsəniz də, bəzən bəlli məqsədlərə çatmaq üçün qurbanlar verməlisiniz".

Çitadakı Zabaykalye Dövlət Universiteti tarix fakültəsinin magistrantı Oleq Yaçmenev müəllimlərin çoxunun "fəal putinçi" olduğunu deyir. O, mühazirəçilərdən biri ilə Stalinin cinayətlərindən danışdığını xatırlayır. Söhbətin sonunda müəllim deyib ki, "işlər pis olsa da, [Stalin olmasaydı] daha pis olacaqdı".

"Təəssüf ki, Stalin dövrünü tərifləmək normaya çevrilib, axı insanlar düşərgələr və repressiyalar haqda həqiqəti bilmirlər. İndi mən həmin edam edilənlər haqda məlumat almaq istəsəm və arxivlərə getsəm, tezcə peyda olan poqonlu adamlar soruşacaqlar ki, mən Stalini, Rusiyanın qürurunu ləkələməyə çalışan xarici agentəmmi", - Yaçmenevin sözləridir. Stalinin reabilitasiyası keçmiş KQB əməkdaşı Putinin 24 illik hakimiyyət dövrünün əsas özəlliklərindən biridir. Onun hakimiyyətinin ilk illərində Stalin SSRİ-ni nasist Almaniyası üzərində qələbəyə aparan "effektiv rəhbər" kimi təbliğ edilirdi. Stalinin şəxsiyyətini, demək olar, həmişə İkinci Dünya müharibəsinə bağlayır, şəklini bayraq və plakatlara vururdular.

Putinin 'Yeniyetmələr ordusu'
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

"Ailə hekayətlərini araşdırırlar"

Ancaq zamanla Stalin ilə müharibə arasındakı sıx əlaqə zəifləyib, Stalin və stalinist görüntülər reklamdan incəsənətədək daha geniş spektrdə görünməyə başlayıb.

"Memorial" insan haqları təşkilatının rəhbəri Aleksandra Polivanova AzadlıqRadiosuna deyib ki, hazırda ölkə çox mühüm dəyərlər toqquşması yaşayır: "Hər dəfə Ukrayna şəhərlərinə qarşı çox qorxunc hücum törədiləndə, yaşayış binalarına raketlər düşəndə, çox sayda insan öldürüləndə Rusiyada insanlar abidələrin önünə gül-çiçək gətirirlər. …Onlar sovet terror qurbanlarının abidələrinə gül gətirirlər. Bu o deməkdir ki, insanlar indiki Rusiya hökumətinin cinayətlərini spontan olaraq sovet dövlətinin cinayətlərinə bağlayırlar. Biz sovet dövlət terrorunun anlaşılmasının çox önəmli mərhələsini görməkdəyik".

Onun sözlərinə görə, Stalin dövründə öldürülən və itkin düşən əcdadları haqda məlumat axtaran insanlardan "Memorial"a gələn müraciət sayı artıb. Polivanovanın fikrincə, bu insanların bəziləri "özlərini canilərlə deyil, repressiyaya məruz qalanlarla bağlamaq, [Ukraynaya qarşı müharibədəki] aqressordan, azca da olsa, uzaqlaşdırmaq üçün öz ailə hekayətlərini araşdırırlar".

XS
SM
MD
LG