Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:38

Aİ Ukraynaya Macarıstanın vetosundan yan keçərək 20 milyard avroluq yardım ayırmağı planlaşdırır


Avropa İttifaqının dekabr sammitində
Avropa İttifaqının dekabr sammitində

Avropa İttifaqı əgər Budapeştlə razılaşma əldə olunmazsa, Ukraynaya Macarıstanın vetosundan yan keçərək 20 milyard avroluq yardım ayırmaq mexanizmi üzərində işləyir.

Bu barədə Financial Times (FT) mənbələrə istinadla yazıb.

Qəzetin mənbələrinin sözlərinə görə Avropa İttifaqının yüksək kredit reytinqinə malik üzvləri ittifaqın büdcəsi qarşısında maliyyə qarantiyasına dair öhdəlik götürəcəklər.

Bu, Avropa Komissiyasına Ukraynaya yardım üçün kapital bazarından lazımi məbləğin alınması imkanı verəcək.

Qəzet yazır ki, belə bir sxem Avropa İttifaqının bütün ölkələrinin razılığını tələb etmir. Macarıstan Ukrayna üçün Avropa İttifaqının büdcəsindən yardım ayrılmasına etiraz edir.

Bununla belə sözü gedən bəzi ölkələr maliyyə öhdəliyi götürmək üçün öz parlamentlərinin razılığını almalı olacaqlar.

Avropa İttifaqı bu proseduru mart ayınadək başa çatdırmağı planlaşdırır.

“B” planı

FT yazır ki, Aİ başqa bir variant kimi Ukraynaya ucuz qısamüddətli kreditlərin verilməsi məsələsinə baxır.

Bu sxem üzrə Ukrayna artıq 2023-cü ildə 18 milyard avro ala bilib. Amma belə variant Aİ-yə üzv ölkələrin əksəriyyətinin razılığı ilə baş tuta bilər.

Qəzet yazır ki, Ukraynaya Beynəlxalq Valyuta Fondundan 900 milyon dollarlıq tranşın ayrılması Avropa İttifaqının qərarından asılı olacaq.

Bu, Ukraynaya büdcə kəsirini bağlamaq üçün tədavülə təzə pullar buraxılmasından və deməli inflyasya təhlükəsindən xilas edərdi.

Dekabrın 14-də Macarıstan növbəti dəfə Avropa İttifaqının sammitində Ukraynaya 50 milyard avroluq iqtisadi yardım göstərilməsinə dair qərarı bloklayıb.

Avropa İttifaqı bu məsələyə gələn il fevralın 1-də keçiriləcək növbəti sammitində qayıtmaq niyyətindıdir.

XS
SM
MD
LG