Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:46

2024-cü ildə əhalinin hansı xərcləri artacaq?


Dükan sahibi :'Nisyə dəftəri dolur, cavan-cavan oğlanlar xəcalətlənir'
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Dükan sahibi :'Nisyə dəftəri dolur, cavan-cavan oğlanlar xəcalətlənir' (2021)

Hər il olduğu kimi, 2024-cü ildən başlayaraq bir öncəki ilin qərarları əsasında bəzi ödənişlər artacaq. Gələn il xərcləri ən çox artacaq sosial qruplardan biri mikrosahibkarlardır. Hökumət onların ödədiyi gəlir verişini dörd dəfə artıraraq 5 faizdən 20 faizə qaldırır. Bir neçə il öncə Vergi Məcəlləsinə dəyişiklikdə qeyd edilirdi ki, sahibkar əhaliyə yox, hüquqi şəxslərə (yəni biznes subyektlərinə) xidmət edirsə, sadələşdirilmiş vergi ödəyici ola bilməz. Hətta dövriyyəsi baxımından mikrosahibkar (illik 200 min manatdan aşağı) olsa da, bu halda həmin sahibkarlıq subyekti avtomatik 20 faizlik gəlir vergisinin ödəyicisi sayılır.

Ancaq elə həmin vaxt Məcəlləyə belə bir müddəa əlavə edildi ki, qanunvericiliyə uyğun gəlir və xərclərin uçotunu aparan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların gəlirinin 75 faizinə vergi güzəşti tətbiq olunur. Başqa sözlə, 20 faizlik vergi dərəcəsi mikrosahibkarlar üçün 5 faizə endirilir. İndi məhz həmin maddəyə dəyişiklik təklif edilir. Əgər mikrosahibkarın üç nəfər muzdlu işçisi yoxdursa, onun gəlirləri 20 faizlə vergiyə cəlb olunacaq. Hazırda bir şəxsdən ibarət sahibkarlıq subyekti əldə etdiyi min manatın 50 manatını gəlir vergisi kimi ödəyirsə, dəyişiklikdən sonra bu rəqəm 200 manata yüksələcək.

Spirtli içki və siqaret xərcləri də artacaq

2024-cü ildə Azərbaycanda tütün məmulatları və alkoqollu içkilərin aksiz dərəcələri də artır. Nəzərdə tutulan dəyişikliyə görə, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər min ədədi üçün aksiz dərəcəsi 38.5 manatdan 45.5 manata yüksəldilir. Ənənəvi siqaretlərlə yanaşı, 2024-cü ildə ölkədə son illər populyarlaşan elektron siqaret (hər bir ədədi üçün aksiz dərəcəsi isə 0.25 manatdan 2 manata) və qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün məhsullarının aksiz dərəcəsi də (hər min ədədi üçün 14 manatdan 16 manata) artırılır.

Spirtli içkilər üçün tutulan aksizlər də artırılacaq. Araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör məmulatları və konyak materiallarının hər litri üçün aksizlər 4 manatdan 4.8 manata qaldırılır. Bütün bu artımlar son nəticədə həmin məhsulların maya dəyərini yüksəldəcək. Bu da tütün məmulatları və spirtli içkilərin bahalaşacağı deməkdir. Nəticədə hökumət 2024-cü ildə aksiz daxilolmalarını 145 milyon manat və ya 12 faiz artırmağı proqnozlaşdırır.

Maşını olanların da xərci artır

2024-cü ildə Azərbaycanda avtomobil sahiblərinin də xərci artacaq. Qərara əsasən, nəqliyyat vasitəsinə dövlət texniki baxışı aparılarkən dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir. Qərar 2024-cü il fevralın 1-dən qüvvəyə minəcək. Utilizasiya haqqı istehsal müddəti 1-10 il arası avtomobillər üçün 10 manat, 11-21 il olan avtomobillər üçün 20 manat, 21-31 il olan avtomobillər üçün 30 manat, 31 ildən çox olan avtomobillər üçün isə 40 manat müəyyənləşdirilib.

Depozit faizləri və ünvanlı sosial yardımda dəyişikliklər

2024-cü ildən əhalinin banklarda saxladığı vəsaitlərə görə qazandığı faiz gəlirləri də dəyişəcək. Belə ki, 2023-cü ilin fevralından etibarən Azərbaycanda bank müştəriləri banklarda saxladığı vəsaitlərə görə qazandıqları faizin 10 faizi qədər gəlir vergisi ödəyir. Yeni qərara əsasən, artıq qazanılan faizlərin 200 manatlıq hissəsinə güzəşt tətbiq ediləcək. Başqa sözlə, tutalım, indiyədək bankda saxladığı puluna görə ayda 250 manat faiz gəliri qazanan şəxs 25 manat gəlir vergisi ödəyirdisə, 200 manat güzəştindən sonra bu məbləğ 5 manata enəcək, axı yalnız 200 manatı aşan hissəyə 10 faiz vergi tətbiq ediləcək. Bankdan qazanılan faizlərlə bağlı güzəşt depozitin müddətindən asılı olaraq da tətbiq edilə bilər. Vəsaitini banka, ən azı, 18 aylıq yatıran şəxslər bu vəsaitə görə qazandığı faizdən gəlir vergisi ödəməyəcək.

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı göstəricilər də artır. 2024-cü ildə həm yaşayış minimumu, həm də ehtiyac meyarının həddi 270 manat olacaq. Ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılıdır. Bu meyar ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiqlənir. Başqa deyimlə, bu göstərici ünvanlı dövlət sosial yardımının təyinindən ötrü vacib amildir. Ailə üzvlərinin sayını ehtiyac meyarına vurduqda alınan rəqəm ailənin rəsmi gəlirindən çoxdursa, həmin ailəyə aradakı fərq qədər ünvanlı dövlət sosial yardımı təyin oluna bilər. 2023-cü ildə ölkə üzrə ehtiyac meyarı 246 manat idi.

Gəlirlərə gəlincə, 2023-cü ildə Azərbaycanda 10 faizə yaxın, yəni yüksək inflyasiya qeydə alınsa da, hökumət minimum əməkhaqqını artırmaq barədə düşünmür. Son aylar, sadəcə, hərbçilərin əmək haqlarının artırılması ilə bağlı qərar var. Bu baxımdan, digər sahələrdə çalışan dövlət işçilərinin də maaşında artım gözlənilmir. Pensiyaçılara gəlincə, uyğun qanuna görə, hər il Azərbaycanda pensiyaçıların pensiya məbləği indeksləşdirilir. İndeksləşdirmə ölkə üzrə orta aylıq əməkhaqqına uyğun artırılıb. İlboyu orta aylıq əməkhaqqı neçə faiz artıbsa, pensiyalar bir sonrakı il elə o qədər artırılır. Yekun rəqəmlər bilinməsə də, sonuncu açıqlanan göstəriciyə görə, 2023-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqındakı artım 11.3 faiz olub. Deməli, 2024-cü ildə pensiya məbləğlərindəki artım təxminən 11 faizdir.

XS
SM
MD
LG