Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:52

Əliyev Qərbi ittiham edir, 'bildiyimizi edəcəyik' deyir


İlham Əliyev
İlham Əliyev

Prezident İlham Əliyev dekabrın 31-də xalqa müraciətində Qərbi yeni ikili standartlarda ittiham edib, Ermənistan rəhbərliyini isə hədələyib.

"Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və, eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik... Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin". Prezident dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə yayılan müraciətində belə deyib.

Ermənistan rəhbərliyindən, hələlik, bu deyilənlərə reaksiya gəlməyib.

Son vaxtlar Azərbaycanla Fransanın münasibətlərində gərginlik yaşanır, tərəflər qarşılıqlı şəkildə iki diplomatlarını arzuolunmaz şəxs elan edərək ölkədən çıxarıblar. Rəsmi Bakı Parisi Yerevana dəstək verməkdə ittiham edir, Qarabağ münaqişəsində onun tərəfini saxladığını deyib. Fransa isə tərəflər arasında sülh danışıqlarını dəstəklədiyini bildirir.

Azərbaycan Qarabağ üzərində nəzarətini bərpa etsə də, tərəflər sülh sazişi imzalamayıb.

Prezident Əliyev deyib ki, 2024-cü ildə Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Onun dediyinə görə, 2023-cü ildə 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb.

Prezidentin iddiasına görə, onlar başa çatan 2023-cü ildə iqtisadi sahədə də uğurlu siyasət aparıblar: "Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən asılı olmayaq, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik".

2023-cü ilin 11 ayında Azərbaycanda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz çox Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub. Müstəqil iqtisadçılar bunu ciddi inkişaf saymayaraq vurğulayırlar ki, bu göstəriciyə görə Azərbaycan hətta bir çox MDB ölkələrindən geri qalır. Başa çatan ilin 11 ayında ölkədə sənaye istehsalı isə 1 faiz azalıb.

1988-ci ildə gərginləşən Qarabağ münaqişəsi nəticəsində Azərbaycan 20 faiz ərazisinə nəzarəti itirmişdi. Amma 2020-ci ildə Ermənistanla 44 günlük savaşla qismən, 2023-cü ildə isə tam ərazilərinə nəzarəti bərpa edib.

XS
SM
MD
LG