Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 05:11

Son 20 ildə Azərbaycanda böhranlı günlər yaşanmayıb? Yaşanıb, axı


"Exchange"lərdə dollar ajiotajı
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

"Exchange"lərdə dollar ajiotajı (Arxiv. 2016)

İlham Əliyev beşinci dəfə prezidentliyə namizədliyini irəli sürdükdən bəri bir çox dövlət və hökumət rəsmisi tez-tez onun fəaliyyətini öyən açıqlamalarla mediada çıxış edir. Belə açıqlama verən şəxslərdən biri də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevdir. O bildirib ki, "axırıncı 20 ilin statistikasına baxarkən ancaq yüksəliş, inkişaf görürük. Bu illər ərzində dünyada dəfələrlə müxtəlif sahələrdə böhranlar yaşanıb, dünya iqtisadiyyatına mənfi təsir edən, ağır fəsadlar törədən qanlı müharibələr baş verib. Amma bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı dönməz xarakter alıb, davamlı olaraq inkişaf edib". Deməli, deputat İ.Əliyev Azərbaycan prezidenti seçiləndən bəri ölkədə heç vaxt iqtisadi azalma yaşanmayıb, yalnız inkişaf gedib? Deputatın bu iddiası nə qədər doğrudur?

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlər göstərir ki, dünyada böhran olduğu dövrlərdə belə Azərbaycanda ardıcıl iqtisadi artımla bağlı deputatın açıqlaması gerçəkliyi əks etdirmir. İ.Əliyevin prezidentliyi dövründə ölkədə bir neçə dəfə iqtisadi böhran və azalmalar baş verib.

Devalvasiyanın ağır təsirləri

Azərbaycan iqtisadiyyatı ilə bağlı makroiqtisadi göstəricilərin təhlili göstərir ki, İ.Əliyevin prezident olduğu illərdə iqtisadi böyümədə ilk ciddi çağırış 2011-ci ildə qeydə alınıb. Həmin il Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) cəmi 0.1 faiz artmışdı, yəni, əslində 2011-ci ildə Azərbaycan iqtisadiyyatı böyüməmişdi. İ.Əliyevin prezidentliyi dövründə ilk ciddi iqtisadi böhransa 2015-ci ildə yaşanmağa başlandı. Bunun əsas səbəbi 2014-cü ilin sonlarına doğru neftin kəskin ucuzlaşması idi. Bu ucuzlaşma üzündən Mərkəzi Bank öncə öz ehtiyatları vasitəsi ilə manatın məzənnəsini qorumağa çalışdı, ancaq 2015-ci ilin əvvəlində devalvasiyaya getməyə məcbur qaldı. Əgər həmin ilin fevralınadək Azərbaycanda 100 dollar 78 manat idisə, fevraldan etibarən artıq 105 manat oldu. Di gəl, bu da manatın ucuzlaşmasını dayandıra bilmədi. 2015-ci ilin dekabrında ölkədə yenidən devalvasiya qərarı verildi və, beləcə, il boyunca manat öz dəyərini 100 faiz itirmiş oldu.

Bu devalvasiya qərarı ölkənin bütün iqtisadi göstəricilərinin pisləşməsinə yol açdı. Özəlliklə idxal məhsullarının qiymətindəki kəskin bahalaşma əhalinin gəlirlərinə ciddi təsir göstərdi. Ölkədəki bankların təxminən üçdə biri bu böhran üzündən bağlandı. Həmin böhran Mərkəzi Bankın ehtiyatlarının da önəmli bölümünü əritdi. Əgər 2014-cü ilin iyulunda Mərkəzi Bankın valyuta ehtiyatları 15.2 milyard dollar idisə, 2016-cı ilin sonunda bu rəqəm cəmi 3.9 milyard dollara endi. Başqa deyimlə, təxminən iki ilə Mərkəzi Bank öz ehtiyatlarının 75 faizə yaxınını itirdi.

2015-ci ildə Azərbaycanda ÜDM artımı cəmi 1.1 faiz oldu. 2016-cı ildə İ.Əliyevin prezidentliyi dövründə Azərbaycanda ilk dəfə ÜDM azaldı. Həmin il Azərbaycan iqtisadiyyatında 3.1 faizlik azalma baş verdi. 2017-ci ildə Azərbaycan iqtisadiyyatının cəmi 0.2 faiz böyüdüyü açıqlandı. Başqa sözlə, həmin ildə də ölkə böhrandan çıxa bilmədi.

Pandemiyanın təsirləri

Azərbaycan iqtisadiyyatında növbəti böhran 2020-ci ildə baş verdi. Həmin il, dünyanın hər yerində olduğu kimi, koronavirus pandemiyası Azərbaycanda da iqtisadi fəaliyyətə ciddi zərbə vurdu. Rəsmi rəqəmlərə görə, 2020-ci ildə Azərbaycan iqtisadiyyatı 4.2 faiz kiçilib. İqtisadi durğunluq ölkədə işsiz sayını da kəskin artırdı. Rəsmi açıqlamaya görə, 2020-ci il boyunca işsiz sayı 250 min nəfərdən 375 min nəfərə yüksəldi, yəni 50 faiz artdı. Göründüyü kimi, deputat S.Möhbalıyevin iddiasından fərqli olaraq, dünya ölkələrində böhran baş verdiyi dövrlərdə Azərbaycanda da iqtisadi azalmalar gözə çarpır. Bəzi hallarda iqtisadi durğunluq heç də qlobal böhran olmayan dövrlərə də təsadüf edib. Elə 2023-cü ildə də Azərbaycan iqtisadiyyatı kəskin artımla deyil, tam tərsi, iqtisadi artım göstəricisinin 1 faizdən az olması ilə yadda qaldı.

Bu baxımdan, deputatın "axırıncı 20 ilin statistikasına baxarkən ancaq yüksəliş, inkişaf görürük" və sonrakı dəyərləndirmələrinin doğru olmadığını hətta hökumətin özünün açıqladığı rəsmi statistik rəqəmlər də təsdiqləyir.

İqtisadi artım və iqtisadi inkişaf

Müstəqil ekspertlərin fikrincə, hətta iqtisadi artım da hər zaman iqtisadi inkişaf demək deyil. 2005-ci ildən bəri Azərbaycana böyük neft gəlirləri axmağa başladı və ölkənin iqtisadi göstəriciləri də yüksəldi. Di gəl, dayanıqlı iqtisadi inkişafa o halda gerçəkləşir ki ölkənin iqtisadi göstəriciləri sadəcə bir sahədən asılı olmasın. Hazırda Azərbaycanın ixrac gəlirləri, demək olar, tam (90 faiz), büdcə gəlirləri isə yarıbayarı (50 faiz) neft-qaz sektoru hesabına formalaşır. Ötən illərin təcrübəsindən aydın görünür ki, neft-qaz qiymətləri azaldığı illərdə ölkənin iqtisadi göstəriciləri də aşağı düşür. Bu baxımdan, İ.Əliyevin 20 illik hakimiyyəti dövründə iqtisadi göstəricilər artsa da, Azərbaycanda dayanıqlı iqtisadi inkişaf baş tutmayıb. Elə bu üzdən ölkə iqtisadiyyatı ilə bağlı ənənəvi risk faktorları hər zaman öz aktuallığını qoruyub. Son illər ölkədə neft hasilatı azaldığından beynəlxalq təşkilatlar da qarşıdakı illərdə ölkə iqtisadiyyatında artıma nail olmağın daha da çətinləşəcəyini bildirir.

XS
SM
MD
LG