Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 10:09

Manhetten Federal Məhkəməsi 'Putinin yaxtası' ilə bağlantılı məsələyə baxacaq


ABŞ 325 milyon dollarlıq super yaxta olan "Amadea"ya həbs qoyub.
ABŞ 325 milyon dollarlıq super yaxta olan "Amadea"ya həbs qoyub.

"Amadea" superyaxtadır, ABŞ-ın Sakit okean sahilindəki San-Dieqo limanına bağlanıb və 325 milyon dollar dəyəri var. ABŞ hökuməti onu sanksiya siyahısındakı rusiyalı milyarder Suleyman Kerimova məxsus olduğu üçün müsadirə edib. Amma indi "Amadea"nın gerçək sahibi olduğunu iddia edən başqa bir rusiyalı milyarder - Rusiya dövlət neft şirkəti "Rosneft"in keçmiş baş icraçı direktoru Eduard Xudaynatov yaxtanı geri almaq istəyir və ABŞ məhkəməsi ilə çəkişir. O iddia edir ki, yaxta ona və özünün Britaniya Vircin adalarındakı "Millemarin Investments Ltd." adlı şirkətinə məxsusdur.

Maya Zivanoviç ilə Karl Şrekin yazısında deyilir ki, bu işlə bağlı ilk məhkəməöncəsi iclasın yanvarın 10-da Manhetten Federal Məhkəməsində keçiriləcəyi gözlənilir.

Federal Təhqiqat Bürosunun sənədində Xudaynatov Kerimovun yaxta üzərindəki mülkiyyətini gizlətmək üçün istifadə edilən proksi kimi tanıdılır. Məhkəmə işində əsas məsələ onlardan hansının yaxtanın əsl sahibi olduğunu müəyyənləşdirməkdir.

Başqa superyaxtalar da var

Xudaynatov Avropa Birliyinin sanksiya siyahısına salınsa da, ABŞ ona qarşı sanksiya tətbiq etməyib. "Amadea" onun sahibliyinə iddia etdiyi tək superyaxta deyil. Xudaynatov eyni zamanda 750 milyon dollarlıq "Scheherezade" yaxtasının da sahibi olduğunu deyir. Rusiyalı müxalifət fəalları İtaliyada həbs qoyulmuş bu yaxtanın əslində Rusiya prezidenti Vladimir Putinə məxsus olduğunu iddia edirlər.

63 yaşlı maqnat, üstəlik, uzunluğu 135 metr olan "Crescent" yaxtasının da sahibi olduğunu deyir. "Scheherazade"nin "bacısı" kimi təqdim edilən bu yaxta İspaniyada müsadirə olunub. Onun Kremlin inanılmış adamı, "Rosneft"in indiki baş icraçı direktoru İqor Seçinə məxsus olduğu iddia edilir. Dəyəri 600 milyon dollar olan bu yaxtaya 2022-ci ilin martında İspaniyada həbs qoyulub. Xudaynatovun müştərisi olduğu Amerika strateji kommunikasiya şirkəti "Vermillion Advisors"un sözçüsü AzadlıqRadiosuna bildirib ki, Xudaynatov həbs qoyulan hər üç superyaxtanın həqiqi sahibidir. "Amadea" 2022-ci ilin iyununda, Ficidə çıxarılan məhkəmə hökmünün ardınca ABŞ-a təhvil verilib. Fici gəmini iki ay öncə ələ keçirmişdi. Sonra yaxta San-Dieqoya gətirilib və ovaxtdan bəri orada qalıb.

"SuperYachtFan" saytı gəmini "18 qonaq üçün nəzərdə tutulan, tayı-bərabəri olmayan lüks və komfortlu" ən böyük yaxtalardan biri kimi təsvir edir. Saytda yazıldığına görə, 36 ekipaj işçisi olan "Amadea"nın helikopter meydançası, üzmə hovuzu, cakuzisi və göyərtəsində "heyrətamiz" qış bağçası da var.

700 milyon dollarlıq "Scheherazade" yaxtası
700 milyon dollarlıq "Scheherazade" yaxtası

Putinin özünə bağlı olan ikinci superyaxta?

Manhetten Federal Məhkəməsinin baxdığı iş yalnız 106 metrlik "Amadea" yaxtasına fokuslansa da, ABŞ qurumları Xudaynatovun Putinin özünə bağlı olan ikinci superyaxtanın da saxta sahibi olması haqda iddianı diqqət mərkəzində saxlayır.

İtaliyanın 2022-ci ilin mayında həbs qoyduğu "Scheherazade" adlı bu gəmi o zamandan bəri İtaliya sahillərində qalmaqdadır.

"Xudaynatovun sanksiyaya məruz qalan şəxslərlə bağlı olan iki ən iri superyaxtanın sahibi kimi tanıdılması faktı onu deməyə əsas verir ki, bu gəmilərin əsl sahiblərinin gizlədilməsi üçün Xudaynatovdan təmiz və sanksiya altında olmayan saxta mülkiyyətçi kimi istifadə edilir", - FTB-nin Fici məhkəməsində təqdim edilən ifadəsində belə deyilir.

Xudaynatov uzun zamandan bəri Seçinlə bağlı olub. "Forbes" jurnalı ötən il onun varidatının azı, 2 milyard dollar olduğunu yazıb və bu varidatın mənbəyi kimi Putin və Seçinlə on illərlə davam edən münasibətləri göstərib.

FTB-nin Fici məhkəməsinə təqdim etdiyi sənədə əlavə olunan dəlilnamə "Amadea"nı Monakoda yerləşən "Imperial Yachts" şirkətinin yönəltdiyini göstərir. Bu şirkət ötən il ABŞ Xəzinədarlıq Departamentinin sanksiyasına məruz qalıb. Qurum şirkətin Rusiya elitasının nümayəndələrinə, o cümlədən prezident Putinin yaxın çevrəsindəki şəxslərə yaxta xidmətləri göstərdiyini yazıb. Vaşinqton "Imperial Yachts"ın rusiyalı rəhbəri Yevgeni Koxmana da sanksiya tətbiq edib. "Imperial Yachts" 140 metrlik "Scheherazade"nin də tikintisinə nəzarət edib. Həbsdə olan müxalif siyasətçi Aleksey Navalnının komandası bu gəminin Putinə məxsus olduğunu iddia edib. 2022-ci ilin mayında həbs qoyulan zaman "Scheherazade"nin rəsmi sahibi Xudaynatova məxsus, Marşall adalarında qeydiyyatdan keçirilən "Bielor Asset Ltd" şirkəti olub. "Imperial Yachts" 2022-ci ilin martında AzadlıqRadiosuna "Bielor"la hər hansı əlaqəsi olmadığını, şirkətin "Scheherazade" ilə işinin 2020-ci ildə gəminin təhvil verilməsi ilə başa çatdığını bildirib.

XS
SM
MD
LG