Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:54

ABŞ Azərbaycanla Ermənistan arasında ‘dayanıqlı və ləyaqətli sülhü’ dəstəkləyir


Ceyms O'Brayen
Ceyms O'Brayen

"Biz tərəflər arasında sülh sazişini, dayanıqlı və ləyaqətli sülhün əldə olunmasını dəstəkləyirik."

“Turan”ın Vaşinqtondan müxbirinin xəbərinə görə, bunu Amerika Birləşmiş Ştatları dövlət katibinin köməkçisi, səfir Ceyms O'Brayen yanvarın 11-də Dövlət Departamentinin Brüssel Media Qovşağına zəngi zamanı jurnalistlərə deyib:

"İşlənilməsi lazım olan daha çox şey var və biz də onlara kömək edə bildiyimiz dərəcədə, dəstək olmaqdan məmnunuq".

O əlavə edib ki, ABŞ-ın hər iki ölkə ilə iqtisadi, təhlükəsizlik və siyasi sahələri əhatə edən "tam əlaqələri" var.

Ceyms O'Brayen daha sonra deyib :

"Düşünürəm ki, bu, hər iki hökumətin öz xalqı üçün daha çox xidmət göstərməsi üçün daha bir gözəl fürsətdir. Ermənistanda islahatların gündəliyi çox təsiredicidir. Azərbaycan seçkilərə gedir və mən buna regional iqtisadi inkişaf baxımından əhəmiyyət verilməsindən məlumatlıyam. Məncə, sülh razılaşması bu planlara yalnız kömək edəcək”.

O'Brayen deyib ki, Vaşinqton "həbsdə olan bəzi şəxslərlə bağlı” narahatlıqlarından tutmuş “ikitərəfli məsələlərə qədər" gündəmdə olan bütün məsələləri hər iki ölkə ilə müzakirə etmək istəyir.

"İrəli getdikcə bizim çox dolğun bir gündəliyimiz olacaq. Ancaq bunların hamısı iki ölkə arasında dayanıqlı və ləyaqətli sülhü təşviq etmək çətiri altında mümkündür", sonda O'Brayen vurğulayıb.

Son aylar Azərbaycanda 10-a yaxın jurnalist, fəal və müxalifətçi həbs edilib. Onlar rəsmən qaçaqmalçılıq və başqa qanunsuz əməllərdə ittiham edilsələr də, ittihamları qurama sayırlar.

Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləri də keçirilməlidir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qaqabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının (Aİ), həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

ABŞ Aİ-nin vasitəçiliyini dəstəkləyir. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib.

Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG