Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:55

Putinin qızı üç ilə 10 milyon dolları necə qazanıb 


Mariya Vorontsova
Mariya Vorontsova

Rusiya prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova 2019-2022-ci illərdə Yeni Tibb Şirkətinin (New Medical Company - NOMEKO) əməkdaşı kimi 944 milyon rubl (10.7 milyon dollar) qazanıb. Bunu müxalif siyasətçi Aleksey Navalnının komandası yanvarın 15-də yaydığı araşdırmada bildirir.

Araşdırmaya görə, ixtisasca endokrinoloq olan Vorontsova 2019-cu ildə NOMEKO-nun həmtəsisçisi və direktorlar şurasının üzvü kimi işləməyə başlayıb.

NOMEKO-nun Rusiyanın Sogaz şirkəti ilə birbaşa əməkdaşlıq sayəsində pul qazandığı qeyd edilir. Bu şirkətin qismən sahibi Putinin yaxın dostu, Rusiyanın ən zəngin adamlarından biri Yuri Kovalçukdur.

Sogaz kimləri dəstəkləyir

AzadlıqRadiosunun Amerikanın Səsi ilə birgə layihəsi olan “Current Time” hələ 2021-ci ildə üzə çıxarmışdı ki, Sogaz Putinin yaxın adamlarına maliyyə dəstəyi verir. Bu sıraya Federal Mühafizə Xidmətinin (FSO) liderlərinin, Rusiya parlamentinin Federasiya Şurasının sədrinin, ölkənin digər yüksək rütbəli rəsmilərinin daxil olduğu bildirilirdi.

NOMEKO-da maaşı və dividentlərindən savayı Vorontsova Moskva Dövlət Universitetindən ayda 110 min rubl (1250 dollar) maaş alır. Navalnının komandasının araşdırmasına görə, orada o, fundamental tibb fakültəsinin işçisi kimi qeydiyyatdadır.

Hazırda Navalnı Rusiyada ekstremizm və digər ittihamlarla 19 il həbs cəzası çəkir. Onun komandası isə işini davam etdirir, internetdə araşdırmalar yayır.

Vorontsovanın mülkləri

“Current Time”ın daha öncəki araşdırması isə Vorontsovanın ikinci əri Yevgeni Naqornı ilə Moskvanın mərkəzində 230 kvadrat metrlik, dəyəri 800 milyon rubl (9 milyon dollardan çox) olan penthausa sahib olduğunu üzə çıxarıb. Vorontsovanın Moskva yaxınlığında 400 milyon rublluq daha bir evi var.

2023-cü ilin aprelində “Mojem obyasnit” Telegram kanalı Vorontsova və kiçik bacısı Katerina Tixonovanın şirkətlərinin 2022-ci ildə azı 1.2 milyard rubl (13.6 milyon dollar) qazandığını yazıb.

Həmin araşdırmada deyilirdi ki, Vorontsova şirkətə qoşulandan sonra NOMEKO-nun illik gəlirləri kəskin artaraq 597 milyon rubla (təxminən 6.8 milyon dollar) çatıb. Halbuki 2018-ci ildə şirkətin heç gəliri olmayıb.

XS
SM
MD
LG