Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:43

BMT: Rusiyanın son zərbələri Ukraynada mülki itkiləri kəskin artırıb 


Xarkova zərbələr davam edir
Xarkova zərbələr davam edir

Son həftələr Rusiyanın Ukraynaya kütləvi raket və dron zərbələri mülki itkiləri kəskin artırıb ki, bu da ötənilki tendensiyanın əksini göstərir.

Hesabatı BMT-nin Ukraynada İnsan Hüquqlarını Monitorinq Missiyası (HRMMU) yayıb. Sənəddə deyilir ki, təkcə dekabrda Rusiyanın zərbələri 101 ukraynalı dinc sakinin ölümünə, 491 nəfərin yaralanmasına səbəb olub. Bu isə 26.5 faiz aylıq artım deməkdir. Söhbət hələ təsdiqlənmiş itkilərdən gedir. HRMMU real rəqəmin daha yüksək olduğunu, bir çox halların hələ təsdiqlənmədiyini qeyd edir.

Dekabrda mülki itkilərin artmasının əsas səbəbi ayın 29-30-da Rusiyanın Ukrayna ərazisinə raket zərbələrini gücləndirtməsidir. Bu hücumlar dekabrda mülki itkilərin 34 faizini əhatələyib, noyabrda isə 16 faiz idi.

HRMMU başçısı Daniel Bell (Danielle Bell) deyib ki, dekabrın sonu-yanvarın əvvəlindəki hücum dalğası 2023-cü ildə müşahidə olunan azalan tendensiyanın əksini üzə çıxarıb.

29 dekabr- 2 yanvar tarixlərində kütləvi raket və dron zərbələri 86 nəfərin ölümünə, 416 nəfərin yaralanmasına səbəb olub, hazırda HRMMU bu rəqəmləri dəqiqləşdirir.

Yanvarın 2-dən sonrakı hücumlar

Rusiya yanvarın 2-dən bəri zərbələri davam etdirib. Yanvarın 6-da cəbhə xəttinə yaxın, şərqi Donetsk vilayətindəki kiçik Pokrovsk şəhərinə və yaxınlıqdakı Rivne çayına raket zərbəsi baş verib. Hücum nəticəsində altı yetkin yaşlı və beş uşaqdan ibarət iki ailə evlərinin dağıntıları altında qalıb. Xilasedicilərin günlərdir çalışmasına baxmayaraq, meyitləri bəziləri hələ də tapılmayıb.

Yanvarın 8-də Dnepropetrovsk vilayətində Novomoskovska raket zərbəsində isə 31 dinc sakin, o cümlədən səhər minibusda gedən səkkiz sərnişin xəsarət alıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal etməyə başlayandan azı 10 min dinc sakinin həlak olduğu, azı 19 min nəfərin yaralandığı təsdiqlənib.

BMT rəsmisi Edem Uosornu (Edem Wosornu) yanvarın 10-da qurumun Təhlükəsizlik Şurasında deyib ki, işğal başlayandan azı 575 uşağın öldürüldüyü təsdiqlənib.

XS
SM
MD
LG