Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:20

İranı vurması üçün Baydenə təzyiqlər artır


Ötən bazar günü İordaniyanın şimal-şərqində, Suriya sərhədinə yaxın yerləşən ABŞ qoşunlarının mövqelərinə dron hücumu zamanı üç amerikalı hərbçinin həlak olmasının ardınca respublikaçılar Baydeni Amerika əsgərlərini Yaxın Şərqdə asan hədəfə çevirməkdə ittiham edirlər.

Onların fikrincə ABŞ bazalarına belə hücum gözlənilirdi və zərbə yanvarın 29-da sübh çağı endirilib.

Respublikaçılar israr edirlər ki, indi Bayden bu hücuma mütləq cavab verməlidir.

Respublikaçı senator Tom Koton (Tom Cotton) bu barədə deyib:

"O bizim qoşunlarımızı asan yemə çeviriib. Bu hücumların yeganə cavabı İranın həm öz ərazisindəki, həm də Yaxın Şərq boyunca qüvvələrinə dağıdıcı hərbi zərbə endirilməsidir”.

Sərt cavaba çağırışlar

ABŞ Konqresində silahlı qüvvələrə nəzarət komitəsinin respublikaçı rəhbəri Mayk Rocers (Mike Rogers) də İrana qarşı hərəkətə çağırıb:

"Prezident Baydenin nəhayət İranın terrorçu rejimindən və onun əlaltılarından onların bu hücumları üçün haqq-hesab tələb etməsinin vaxtı çoxdan çatıb”.

Qarşıdan gələn seçkidə Baydenə rəqib olmağa ümid bəsləyən keçmiş prezident Donald Tramp deyib ki, bu hücum “Baydenin zəifliyinin və təslimçiliyinin nəticəsdir”.

Bayden administrasiyası isə israr edir ki, o dünya boyunca ABŞ hərbçilərinin müdafiəsi üçün bütün lazımi tədbirləri görür.

Demokrat millət vəkillərindən biri açıq şəkildə bəyanan edib ki, Baydenin İsrail-HƏMAS münaqişəsini Qəzzada cilovlamaq strategiyası uğursuzluğa düçar olub.

Demokrat Barbara Li (Barbara Lee) İsrail-Fələstin müharibəsində atəşkəsə çağırıb:

"Biz indi görürük ki, vəziyyət nəzarətdən çıxır. Bu regional müharibənin başlanğıcıdır və təəssüf ki, bunun ziyanını Birləşmiş Ştatlar və qoşunlarımız çəkir”.

“Çalağan cücələri”

İraq müharibəsində dörd müddət dəniz piyadası kimi xidmət etmiş demokrat konqresmen Set Multon (Seth Moulton) isə respublikaçıların müharibə çağırışlarına qarşı çıxıb. Multon deyib ki, çəkindirmə çətindir, amma müharibə bundan da pisdir”:

"Çalağan cücələri İranla müharibəyə çağırırlar. Siz düşmənin əlinə oynayırsınız. Görək sizlər oğul və qızlarınızı döyüşə göndərməyə hazırsınızmı? Biz öz şərtlərimizlə və öz zamanında effektli, strateji cavab verməliyik”.

Reuters yazır ki, bəzi ekspertlərin fikrincə İran qüvvələrinə İranın öz ərazisində zərbələr endirilməsi, Tehranı sərt cavaba sövq edə, vəziyyəti gərginləşdirə, Birləşmiş Ştatları Yaxın Şərqdə birbaşa müharibəyə çəkə bilər.

New American Security mərkəzinin direktoru Conatan Lord (Jonathan Lord) deyib ki, İran ərazisinin vurulması dərhal Tehran rejimi üçün ölüm-qalım məsələsini ortaya çıxaracaq.

“Bu səhər baş verənlər tam fərqlidir”

Vaşinqtonda mənzillənmiş Yaxın Şərq İnstitutundan Çarlz Lister (Charles Lister) deyib ki, ABŞ böyük bir ehtimalla İranın Suriya və İraqda dəstəklədiyi yüksək əhəmiyyətli qruplaşmaları hədəfləyəcək:

"Bu səhər baş verənlər son iki-üç ayda proksilərin etdiklərindən tamamilə fərqlənir, amma İranla nə isə etmək çağırışlarına baxmayaraq, administrasiya buna getməyəcək”.

Reuters agentliyinə adının çəkilməməsi şərtilə danışan ABŞ müdafiə rəsmisi deyib ki, “ABŞ-ın tammiqyaslı müharibəyə hazır olmadan İrana hücum etməsi bizim üçün hansı nəticələrə gətirib çıxara bilər?”

Amma Lord bu qənaətdədir ki, İsrail yanvarın 20-də İran İslam İnqilabı Keşikçilərinin Dəməşqdəki dörd rəsmisi də daxil illərdir İranın subyekt və obyektlərini hədəfləyir.

Reuters yazır ki, İranıln xaricindəki İran hədəflərinə ABŞ da zərbələr endirib.

Listerin fikrincə təcrübə göstərir ki, hədəfin çox yüksək və qiymətli olduğu vaxtlarda İran həmişə “birinci olaraq gözünü qırpıb”.

İordaniyada ABŞ hərbi bazası
İordaniyada ABŞ hərbi bazası

İordaniyada ABŞ-ın üç hərbçisi öldürülüb

İordaniyanın şimal-şərqində, Suriya sərhədinə yaxın yerləşən ABŞ qoşunlarının mövqelərinə dron hücumu zamanı üç amerikalı hərbçi həlak olub, bir neçəsi yaralanıb.

ABŞ prezidenti Co Bayden (Joe Biden) yanvarın 28-də bu haqda məlumat verib və hücuma görə məsuliyyəti İranın dəstəklədiyi qruplaşmaların üzərinə qoyub.

"İndilik hücumla bağlı faktları yığırıq, amma bilirik ki, onu İranın dəstəklədiyi, Suriya və İraqda fəaliyyət göstərən radikal qruplaşmalar gerçəkləşdirib", - Bayden deyib.

Prezident vurğulayıb ki, ABŞ günahkarları "özü seçdiyi vaxtda və üsulla" məsuliyyətə cəlb edəcək.

İranın münasibəti

İran isə yanvarın 29-da bu hücumla heç bir əlaqəsi olmadığını bildirir. Xarici İşlər Nazirliyi ittihamları "əsassız" adlandırıb.

XİN sözçüsü Nasir Kənani bildirib ki, regiondakı "müqavimət qrupları" Tehrandan göstəriş almırlar.

İordaniyanın reaksiyası

İordaniya hərbi əraziyə "terror hücumu"nu pisləyib, sərhəd mühafizəsinin gücləndirilməsi üçün Birləşmiş Ştatlarla əməkdaşlıq etdiyini bildirib.

Daha öncə isə hökumətin sözçüsü iddia edib ki, bu hücum İordaniya torpağına deyil, sərhədin o tayına, Suriyadakı ABŞ bazasına olub.

AzadlıqRadiosunun fars xidməti - Radio Fərda-ya danışan təhlilçilər bu hücumu "böyük eskalasiya" adlandırıb, ABŞ-ın buna "qətiyyət və çevikliklə" cavab verməli olduğunu deyiblər.

Bəzi müşahidəçilər Yaxın Şərqdə münaqişənin genişlənməsindən narahatlıq bildiriblər. ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşması oktyabrın 7-də İsrailə hücum edəndən sonra İsrail Qəzzanı bombalamağa başlayıb.

İordaniyada Pentaqonun 3 min əsgəri var.

XS
SM
MD
LG