Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:57

Müxalifət deputatı: Rusiya sərhədçilərini Sünikdə Paşinyan hökuməti yerləşdirib


Deputat Anna Qriqoryan
Deputat Anna Qriqoryan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazir Nikol Paşinyanın Rusiya sərhədçilərinin Nerkin Hand regionunda yerləşdirilməsinə dair razılaşmanın olmamasında israr etməsinə rəğmən, keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasından deputat Anna Qriqoryan deyib ki, rusiyalı sərhədçilər bu regionda 44 günlük müharibədən dərhal sonra peyda olublar.

Deputatın sözlərinə görə bu barədə razılaşma həmin vaxt Ermənistan və Rusiya müdafiə nazirləri Vaqarşak HarutyunyanSergey Şoyqu arasında imzalanıb.

Deputatın iddiasına görə bu razılaşmaya əsasən habelə Ermənistan qoşunları Azərbaycanın Zəngilan və Qubadlı rayonlarından çıxarılıb:

"Rusiyalıların dislokasiya edildikləri yer əsas etibarilə Gorus-Qafan və Qafan-Çakaten yollarının daxil olduğu sektordur. Bura dəqiq olaraq Nerkin Handa gedən yolun olduğu yerdir”.

Anna Qriqoryan anladığını bildirib ki, bu, Azərbaycan “təcavüzünün” davam etdiyi bir vaxtda baş verib və yaranmış yeni situasiyada müəyyən dəyişikliklər lazım idi, lakin rusiyalıların Sünikdə peyda olmasının əsas bazası həmin razılaşma sənədi olub.

“Paşinyanın narazılığı təəccüb doğurur”

Azatutyun xatırladır ki, baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, Nerkin Hand bölgəsindəki Rusiya hərbçilərinin orda olması üçün heç bir mandat yoxdur.

Bundan daha əvvəl isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan gileylənmişdi ki, rusiyalılar Nerkin Handda 4 erməni hərbçinin həlak olduğu insidentin qarşısını almayıblar.

Nikol Paşinyan bunu da demişdi ki, “əgər Rusiya sərhədçiləri orada heç bir təhlükəsizlik funksiyası yerinə yetirmirlərsə, bundan müvafiq nəticələr çıxarılmalıdır”.

Azatutyun yazır ki, Paşinyan və onun komandasının Rusiya sərhədçilərindən narazılığı təəccüb doğurur.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG