Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:24

Paşinyan parlamentdə məntiqdən danışıb: 'Nə bizimdirsə bizimdir, nə bizim deyilsə, bizim deyil...'


Nikol Paşinyan martın 20-də parlamentdə
Nikol Paşinyan martın 20-də parlamentdə

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazir Nikol Paşinyan martın 20-də parlamentdə keçirilən “hökumət saatında” delimitasiya nəticəsində Azərbaycana qaytarılacaq ərazilərdən təfərrüatlı söz açıb.

Paşinyan deyib ki, “biz delimitasiyaya haradan başlayacağımızdan danışarkən söhbət kəndlərdən yox, ərazilərdən gedir”:

“Bu çox mühüm məsələdir. Özünüzü çaşdırmayın. Biz sözü gedən kəndlərin qarşısından keçəcək sərhəddən danışırıq. Ermənistanın Bağanis kəndi və Azərbaycanın Bağanis Ayrım kəndi. Bunu yadda saxlayaq ki, bunlar eyni kənd deyil. Bağanis Ayrım kəndi sovet dövründə də Azərbaycanda olub. O Ermənistanın Bağanis kəndi ilə üzbəüzdür”.

Paşinyan daha sonra izah edib ki, Ermənistanın Voskepar, Kirants və Berkaber kəndləri – Azərbaycanın Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri ilə üzbəüzdür və delimitasiya da bu kəndlərin arasında olacaq.

Qeyri-anklav kəndlər

Baş nazir əlavə edib ki, Azərbaycanın istədiyi kəndlər qeyri-anklav kəndləridir, yəni Azərbaycan ərazisindədir:

"Ermənistan bu ərazidə sovet respublikalarının (Azərbaycan SSR və Ermənistan SSR-red) səlahiyyətli orqanları tərəfindən təsdiq olunmuş topoqrafik xəritələr və sənədlər əsasında demarkasiyaya hazırdır”.

Paşinyan spikerin müavini Ruben Rubinyanın sualına cavab verərkən Berkaberin - torpaqları Azərbaycan tərəfindən tutulmuş 31 kənddən biri olduğunu təsdiq edib.

Müxalif Hayastan fraksiyası sədrinin müavini Geğam Manukyan iki ölkə arasında hansı xəritələrdən istifadə olunacağına dair razılığın olub-olmadığını soruşub.

Paşinyan deyib ki, hələ belə bir razılaşma yoxdur, amma iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımaq barədə razılaşıblar:

“Delimitasiya prosesi üçün həm də Almatı Bəyannaməsi siyasi baza olmalıdır”.

“Yüz dəfə bu yoldan keçmişəm...”

Baş nazir onu Tavuş mərzinin kəndlərini Azərbaycana vermək niyyətində olmaqda ittiham edən opponetlərinə başqa bir misal gətirib. O deyib ki, ondan əvvəlki hakimiyyət Kirants-Bağanis magistralında heç bir tikinti işi aparmayıb:

“Yüz dəfə bu yoldan keçmişəm, amma yüz birinci dəfə fikir vermişəm ki, Kirantsdan Bağanisə qədər olan yolda mağazalar, kafe və qonaq evləri yoxdur. Axı niyə? Buki dövlətlətarası yoldur...”

Baş nazir izah edib ki, Ermənistan və Azərbaycan bölgədə yeni sərhədlər yaratmır, de jure mövcud olmuş ən son sərhədləri bərpa edirlər.

Paşinyan əlavə edib ki, Ermənistan Azərbaycanın dörd kəndini qaytarmaqla dövlət sərhədi əldə etmiş olacaq:

“Hansı güzəştdən söhbət gedir? Bizim mövqeyimiz belədir: Azərbaycan-Ermənistan sərhədi 1991-ci il Almatı Bəyannaməsi əsasında əvvəlcə demarkasiya, daha sonra delimitasiya olunmalıdır. Bizim olan – bizimdir, bizim olmayan – bizim deyil. Biz bu məntiqdən çıxış etməliyik. Bu, Ermənistanın təhlükəsizliyinin təmin olunmasının ən mühüm faktorudur”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

XS
SM
MD
LG