Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:54

Blinkenin köməkçisi deyir ki, 'Azərbaycanı inandırmaq bizim vəzifəmiz deyil'


Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrell
Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrell

Moskva Yerevanı dilə tutmağa çalışır

Brüsseldə keçirilən üçtərəfli Avropa İttifaqı-ABŞ-Ermənistan danışıqlarının ardınca Moskva Qərbi Ermənistanın Rusiyanın başçılıq etdiyi təşkilatlardan çıxması üçün Yerevana təzyiqlər göstərməkdə ittiham edib.

Rusiya Xarici İşlər Nazirliyinin aprelin 5-də yaydığı bəyanatda iddia olunur ki, Brüssel danışıqları Cənubi Qafqazı Rusiya ilə “geosiyasi qarşıdurmaya” çəkmək cəhdlərinin tərkib hissəsidir:

“Biz Yerevandakı rəhbərliyi Qərbin onu aldatmasına yol verməməyə və ölkəni təhlükəsizlik vakuumunun yaranacağı, ölkə iqtisadiyyatının ciddi problemlərlə üzləşəcəyi və əhalinin ölkədən axını ilə nəticələnə biləcək səhv yolla aparmamağa çağırırıq”.

Bəyanatda deyilir ki, Qərbin Ermənistana vəd etdiyi qrantlar onun Avrasiya İqtisadi İttifaqının və MDB-nin üzvü kimi əldə etdiklərindən qat-qat azdır.

***

Azərbaycan prezidenti İlham Əliyev aprelin 5-də yenidən Birləşmiş Ştatlar, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli danışıqları pisləyib.

Azərbaycan prezidenti Türkiyənin keçmiş xarici işlər naziri Mevlüt Çavuşoğlunu qəbul edərkən deyib ki, “ABŞ və Aİ rəhbərləri bizi son telefon danışıqlarında bu görüşün bizə qarşı olmadığına inandırmağa çalışsalar da, biz bunun Azərbaycanın, Cənubi Qafqazda əməkdaşlığın əleyhinə olduğunu bilirik”.

Onun sözlərinə görə görüşdən məqsəd “ayırıcı xətlər yaratmaq və Azərbaycanı təcrid etməkdir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, İlham Əliyevin bu bəyanatını Ermənistan jurnalistlərinə şərh edərkən ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayen deyib:

“Biz heç vaxt hesab etməmişik ki, Azərbaycanı bu görüş barədə nəyəsə inandırmaq bizim vəzifəmizdir. Biz nəyi etmək niyyətində olduğumuzu çox açıq bildirmişik və biz dediyimiz kimi etmişik. Biz erməni xalqının etdiyi seçimləri dəstəkləyirik və bunu bütün regionda sülh, təhlükəsizlik və firavanlığı təmin edəcək şəkildə davam etdirəcəyik”.

Brüsseldən Ermənistana 270 milyon avro, ABŞ-dan 65 milyon dollar

Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdikləri görüşdə Avropa İttifaqı və Birləşmiş Ştatlar Ermənistana birlikdə toplam 356 milyon dollarlıq yeni yardım vəd ediblər.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken bəyan ediblər ki, bu yardım Ermənistanın “dayanıqlığını” artıracaq və onun Rusiyadan asılı olan iqtisadiyyatının şaxələndirilməsinə kömək edəcək.

Brüsseldə keçirilən görüşün birgə bəyanatında deyilir:

“Bizim məqsədimiz Ermənistanın dayanıqlığının artırılması məqsədi ilə, siyasi islahatlar, iqtisadi inkişaf və humanitar dəstək də daxil əməkdaşlığımızın genişləndirilməsidir”.

Bu da xəbər verilir ki, Aİ tərəfindən vəd edilən yardım Ermənistana növbəti dörd il ərzində çatdırılacaq.

Fon der Leyen bunu “Ermənistanın dayanıqlığının artırılmasına və iqtisadi inkişafına dəstək” adlandırıb.

Onun sözlərinə görə vəsaitlər əsas etibarilə Ermənistanın kiçik və orta həcmli bizneslərinə və “əsas infrastruktur layihələrinə” xərclənəcək.

Xəbər verilir ki, Brüssel danışıqlarında ABŞ-ın USAID – beynəlxalq inkişaf agentliyinin rəhbəri Samanta Pauers, habelə Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel də iştirak ediblər.

***

ABŞ Ermənistana 65 milyon dollardan çox dəstək verməyi planlaşdırır.

Bu barədə aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi Antoni Blinken bildirib .

"Biz 2023-cü maliyyə ili büdcə vəsaitlərimizdən 65 milyon dollardan çox yardım fondu təqdim etməyi planlaşdırırıq. Bu, iki il əvvəlkindən 50 faizdən də çoxdur", - Blinken bildirib.

Onun sözlərinə görə, Vaşinqton Ermənistanın dövlət idarəçiliyi və iqtisadiyyatı ilə bağlı sahələrə sərmayə qoyacaq.

"Regional inteqrasiya Ermənistan üçün həyati əhəmiyyət kəsb edir" - deyən Blinken Yerevanın təklif etdiyi, amma Bakının hələ rəsmi cavab vermədiyi "Sülh yolayrıcı" layihəsini yüksək qiymətləndirdiyini vurğulayıb.

Oktyabrın 26-da Tbilisidə keçirilən "İpək Yolu" forumuna qatılan N.Paşinyan "Sülh yolayrıcı" layihəsi vasitəsilə regiona baxışını bölüşüb. Onun deməsinə görə, ölkəsi Qara, Xəzər və Aralıq dənizlərinə, habelə Fars körfəzinə çıxışlar əldə edəcək. Bir şərtlə: yeni transmilli və beynəlxalq loqistika marşrutlarının Ermənistan ərazisindən keçəcək hissələrinə bilavasitə rəsmi Yerevanin müvafiq qurumları nəzarət etməlidir.

Brüssel Ermənistana 270 milyon avro ayırmağa hazırdır

Avropa İttifaqı (Aİ) növbəti dörd ildə Ermənistana 270 milyon avro qrant ayırmaq niyyətindədir.

Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Brüsseldə Aİ, ABŞ və Ermənistanın üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Aİ Ermənistanda nüvə və bərpaolunan enerji sahəsinə, transsərhəd, habelə hava nəqliyyatına sərmayə qoyacaq. "Bu yardım 500 milyon avronun toplandığı Aİ paketinə əsaslanır. Bizim yeni paketimiz də olacaq. Bunun üçün prosesləri sürətləndirmək və investisiyaları daha səmərəli etmək üçün yeni koordinasiya platforması yaratmışıq", - o qeyd edib.

AK rəhbəri Ermənistanın Qərbin Rusiyaya sanksiyalarından Kremlin yayınmasına imkan verməyən hərəkətləri dəstəkləmək mövqeyini alqışlayıb: "Bu, Aİ və Ermənistanın ümumi dəyərlərə əsaslandığını göstərir".

Ermənistan baş naziri Nikol Paşinyan, öz növbəsində, Aİ ilə ortaq dəyərləri bəyan edib: "Biz ümumi dəyərlərimizi bir daha təsdiq edirik. Bu gün biz Ermənistanın demokratik təsisatları və insan haqlarını gücləndirmək səylərini müzakirə edəcəyik. Ermənistan məhkəmə sistemində islahatlara sadiqliyini bir daha təsdiqləyir".

O, həmçinin bəyan edib ki, Yerevan 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq Azərbaycanla münasibətlərin normallaşdırılmasına və dövlət sərhədinin ərazi bütövlüyünə hörmət əsasında delimitasiyasına sadiqdir.

"Narahat olanlara cansağlığı"

Birləşmiş Ştatlar və Avropa İttifaqı Ermənistanın Rusiyanın başçılıq etdiyi təşkilatlardan çıxması üçün ona təzyiq göstərmirlər.

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan aprelin 4-də habelə baş nazir Nikol Paşinyanın ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə aprelin 5-ə planlaşdırılmış görüşündən Moskvanın narahatlığını azaltmağa çalışıb: "Düşünmürəm ki, biz bu görüşü böyük bir geosiyasi hadisəyə çevirməliyik".

Kostanyan bir daha vurğulayıb ki, Brüsseldə keçiriləcək görüşün əsas diqqəti Ermənistana iqtisadi yardım göstərilməsi məsələsinə yönəldiləcək.

Ötən həftə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Brüssel görüşünün üçüncü bir tərəfə qarşı yönəlmədiyinə dair Yerevanın zəmanətlərinə inanmadığını demişdi.

Kostanyan bu barədə də danışıb: "Biz heç kimin alətinə çevrilməyəcəyik. Ola bilər, bizim müstəqil xarici siyasətimiz bəzi paytaxtlarda qıcıq yaradır. Amma mən bununla bağlı heç nə deyə bilmərəm. Mən onlara yalnız can sağlığı arzu edə bilərəm".

Blinkenin ardınca fon der Leyen Əliyevə zəng etdi

Aprelin 4-də Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Açıqlamaya görə, Əliyev regional inklüzivliyin vacibliyini bildirib.

"Prezident Əliyevlə söhbət zamanı biz sabit və firavan Cənubi Qafqaz üçün Aİ-Azərbaycan münasibətlərinin əhəmiyyətini müzakirə etdik", – Ursula fon der Leyen X hesabında yazıb.

'Azərbaycana qarşı yönəlməyib' - Blinken Əliyevə zəng edib

Aprelin 3-ü telefon danışığında ABŞ dövlət katibi Antoni Blinken 5 aprel (ABŞ-Avropa İttifaqi-Ermənistan) görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, dövlət katibi sözügedən görüşün əsas mahiyyətinin Ermənistanın iqtisadi inkişafı məsələləri olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev, öz növbəsində, bildirib ki, aprelin 5-nə təyin edilmiş görüşün Azərbaycanın iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda gərginliyi daha da artıracaq və sülhün bərqərar olması əvəzinə yeni ayırıcı xətlər yaradacaq.

"Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək, birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub", - mətbuat xidmət bildirir.

İ.Əliyev Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb.

Dövlət Departamentinin açıqlamasına görə isə, ABŞ dövlət katibi Azərbaycanı insan hüquqları və əsas azadlıqlara dair üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl, haqsız yerə həbs olunan şəxsləri də azad etməyə çağırıb.

Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən narahatdır

"Bu cür tədbirlər Rusiyada narahatlıq doğurur. Çünki ABŞ, Avropa İttifaqı (Aİ) nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti ancaq və ancaq Rusiyaya qarşıdır. Düz mətnlə belə deyirlər".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib. O, aprelin 5-də gözlənilən Ermənistan-Aİ-ABŞ görüşü ilə bağlı Telegram-da paylaşım edib.

"Rəsmi Yerevanın söhbətin nədən getdiyini anlamamazlığa vurması böyük sualdır. Axı Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin son dərəcə təhlükəli planlarının reallaşdırılması alətinə çevrilir. Hansı ki, erməni xalqının köklü maraqları ilə tamamilə ziddiyyət təşkil edir", - M.Zaxarova iddia edir.

Dövlət Departamenti Bakının tənqidi ilə razılaşmır

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) aprelin 5-də Brüsseldə keçiriləcək Paşinyan-Blinken- Ursula fon der Leyen görüşündə Ermənistan-Azərbaycan məsələlərinin də müzakirə olunacağını istisna etmir. Lakin ABŞ rəsmisinin sözlərinə görə, bu məsələ iclasın əsas gündəliyində yer almır: "Görüşdə əsas diqqət Ermənistana ticarət tərəfdaşlıqlarını şaxələndirməyə və humanitar ehtiyacları ödəməyə kömək edəcək iqtisadi dayanıqlılığa yönəldiləcək".

M.Miller Azərbaycanın Brüsseldə görüşünün Ermənistanla gərginliyə səbəb ola biləcəyi ilə bağlı bəyanatı ilə razılaşmayıb: "Başa düşmürəm, niyə bu, gərginlik yaratmalı və ya hər hansı ölkədə narahatlıq doğurmalıdır?".

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan dünən, martın 27-də rəsmi Bakının bəyanatına cavab verərək Azərbaycanın "mümkün təxribat" üçün zəmin hazırladığını istisna etməyib.

Yerevan Bakının ittihamlarına cavab verir

Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüş Ermənistan-Avropa İttifaqı-ABŞ arasında əməkdaşlığın gücləndirilməsinə həsr ediləcək və heç bir üçüncü tərəfə qarşı yönəlməyəcək.

Bakının Ermənistanı vəziyyəti sabitsizləşdirməkdə və qeyri-konstruktivlikdə ittihamına cavab olaraq həmin ölkənin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ani Badalyan habelə bildirib ki, onlar sülh müqaviləsini dərhal imzalamağa, sərhədin demarkasiyasını və kommunikasiyaların açılmasını Azərbaycanla razılaşdırılmış prinsiplər əsasında həyata keçirməyə hazırdırlar: "Təəssüf ki, Azərbaycan tərəfi Avropa İttifaqı və ABŞ-ın vasitəçilik təkliflərinin davamlı rədd edilməsi də daxil, müxtəlif bəhanələrlə sülh prosesini əngəlləyir, ləngidir".

Bakı Paşinyan-fon der Leyen-Blinken görüşünü 'qərəzli' sayır

Rəsmi Bakı Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyası sədrinin aprelin 5-də Brüsseldə gözlənilən görüşünü "qərəzli, ikili standartlara əsaslanan" sayır.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) qeyd edib ki, sözügedən görüş "tam şəffaf şəkildə keçirilmir, ... regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna, inteqrasiyaya ziddir".

"Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır", - Azərbaycanın xarici siyasət idarəsindən bildirilib.

Habelə vurğulanıb ki, "Revanşist əhval-ruhiyyə fonunda... bu kimi açıq ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər".

Bakı bəyan edib ki, Aİ və ABŞ bu halda Ermənistanın sabitliyi pozan istənilən hərəkətinə görə məsuliyyəti bölüşür.

Paşinyan, Ursula fon der Leyen və Blinken görüşəcək

Aprelin 5-də Ermənistan baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə görüşəcəklər. Onların Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yollarını müzakirə edəcəkləri gözlənir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, tədbir ölkəsinin müqavimətini gücləndirmək məqsədi daşıyır. O, digər təfərrüatları açıqlamayıb, yaxın vaxtlarda görüş ilə bağlı daha ətraflı danışmaq imkanının olacağını bildirib.

2023-cü il oktyabrın 5-də Paşinyan Qranadada Ursula Von der Leyen ilə görüşüb. Həmin görüşdə Qarabağ ermənilərinin regiondan köçü nəticəsində yaranmış vəziyyəti və Ermənistan-Avropa İttifaqı əməkdaşlığı gündəliyi ilə bağlı məsələləri müzakirə edib. Avropa Komissiyasının sədri baş nazirə deyib ki, Aİ ABŞ ilə birlikdə Ermənistana dəstək üçün birgə toplantı təşkil edəcək.

"Bu, Ermənistanla ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi üçün ilk addımdır. Avropa və Ermənistanın uzun, zəngin ümumi tarixi var. Bu ümumi tarixdə yeni səhifənin açılmasının vaxtı çatıb", - o bildirmişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG