Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:19

Azərbaycanda 'xarici agent' ayrımı yoxdur, amma...


Moskvada "Memorial" hüquq müdafiə təşkilatının ofisinin girişində "Xarici agent. Love USA" yazılmış qraffiti
Moskvada "Memorial" hüquq müdafiə təşkilatının ofisinin girişində "Xarici agent. Love USA" yazılmış qraffiti

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının ötən il etirazlar səbəbi ilə geri çəkdiyi "Xarici agentlər haqqında" qanun layihəsini bu il "Xarici təsirin şəffaflığı haqqında" adı ilə yenidən parlamentə təqdim etməsi Tbilisidə kütləvi etirazları yenidən alovlandırıb.

Etirazçılar qanun layihəsinin ölkədə söz və mətbuat azadlığını məhdudlaşdıracağını, qeyri-hökumət təşkilatları (QHT) sektorunda çalışanları "xarici agent" kimi damğalayacağını, həssas qruplar üçün həyata keçirilən müxtəlif layihələrin dayandırılması ilə nəticələnə biləcəyini bildirirlər. Layihə müəllifləri isə məqsədin şəffaflıq olduğunu bəyan edirlər.

Oxşar qanun Rusiyada və bir çox MDB ölkələrində çoxdan qəbul edilib. Bəs Azərbaycanda QHT-lər ilə bağlı qanunvericilik necə dəyərləndirilir, Gürcüstanda sözügedən qanunda etiraz doğuran müddəalar Azərbaycan qanunvericiliyində illər öncə əks edilməyibmi? Üstəlik, hazırda hökumətə yaxın bəzi çevrələrdə xaricdən qrant almaq "dövlətə xəyanət" kimi dəyərləndirilirsə, bu nə dərəcədə düzgündür?

Hafiz Həsənov
Hafiz Həsənov

"Azərbaycanda "xarici agent" söhbəti olmasa da..."

"Hüquq və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Hafiz Həsənov AzadlıqRadiosuna deyib ki, Azərbaycanda, hələlik, "xarici agent" söhbəti olmasa da, xarici donorların fəaliyyəti məhdudlaşdırılır: "Yalnız Azərbaycanda qeydiyyatdan keçən xarici donorlardan qrant ala bilərlər və onların fəaliyyəti ilə bağlı Maliyyə Nazirliyindən rəy əldə olunmalıdır. QHT-lərin xarici donorlardan qrant almasına çox böyük məhdudiyyətlər var. Əslində bunlar, "xarici agent" statusu olmasa belə, xarici donorların Azərbaycandakı fəaliyyətinə, hansısa layihələrinin həyata keçməsinə daha böyük məhdudiyyətlər qoyur".

Onun sözlərinə görə, amma qonşu ölkələrdə gedib "xarici agent" kimi qeydiyyatdan keçib normal fəaliyyət göstərmək olur: "Yəni xarici donorlardan məhdudiyyətsiz qrantların alınmasına imkan yaradılır. Amma bizdə həm xarici donorlar, həm onların fəaliyyəti, həm də qeyri-hökumət təşkilatlarının xarici mənbələrə çıxış imkanları məhdudlaşdırılıb".

"Təhlükələrdən qorunmaq üçün belə addımları atıblar"

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Turan"a deyib ki, Rusiyada qəbul edilən qanunun digər keçmiş sovet məkanına da yayılması praktikası mövcuddur. Onun fikrincə, mümkündür ki, həmin ölkələr xarici təsirlərdən, təhlükələrdən qorunmaq üçün belə addımları atıblar: "Amma bu məsələdən bəhs edərkən Avropa Birliyi arealında mövcud olan gerçəkliyi də mütləq müqayisəli şəkildə ortaya qoymaq lazımdır. "Yalnız sabiq sovet ölkələri belə edir", "bunu Rusiyadan nümunə kimi götürürlər", "Moskvanın onlar üzərində təsiri olması səbəbindən demokratiyalara, Qərb sisteminə qarşı koalisiyalar formalaşdırırlar"... - Bu qənaəti hasil edərkən əksini də mütləq söyləmək lazımdır".

Zahid Oruc
Zahid Oruc

Deputat vurğulayır ki, Avropa Birliyində xarici təsirlərə qarşı çoxlu qanunvericilik aktlarının qəbul olunduğunu bilirlər: "Bu barədə çoxlu nümunələr də gətirmək mümkündür. Xüsusən də onlar hansısa "saxta", başqa xarakterli informasiyalar adı altında arzuolunmaz saydıqları üçüncü sektor təmsilçilərini, o cümlədən, media quruluşlarının fəaliyyətini qadağan edirlər. "Russia Today" bir nümunədir, amma çoxlu sayda belə misalları gətirmək mümkündür".

"Dövlət qurumuna təhlükə yaranmırmı?"

Hafiz Həsənov sual edir: niyə QHT-lər xarici donordan qrant alanda casusluqda suçlanır, amma onlardan 10, 30 dəfə çox qrant alan hökumət qurumları ilə bağlı susurlar: "Yəni həmin donor eyni dövlət qurumuna və QHT-yə də qrant verirsə, burda nə məqsəd ola bilər? Eyni qrantdırsa, eyni layihədirsə, dövlət qurumuna təhlükə yaranmırmı?! Məncə, bunlar xoşagəlməyən hallardır və Azərbaycanı sivil dünyadan təcrid edir".

"Hakimiyyət və ona yaxın qüvvələri demirik"

Deputat Zahid Oruc Azərbaycanda xaricdən qrant almağın vətənə və yaxud dövlətə xəyanət kimi qəbul edilmədiyini deyir: "Bilirəm ki, bu sualı verərkən abzas.net və ToplumTV platformalarını nəzərdə tutursunuz. Onların əksəri hər hansı bir layihə üzərindən xaricdən əldə etdikləri vəsaitlərin Gürcüstan və başqa ölkələrdə nağdlaşdırılması, onun da ölkəyə gətirilməsindən irəli gələrək məsuliyyətə cəlb olunublar. O cümlədən, çoxlu qeyri-siyasi qüvvələr bu qrantları almaqdadırlar, burada biz hakimiyyət və ona yaxın qüvvələri demirik. Müxtəlif mədəni, sosial, iqtisadi və başqa xarakterli mövzularda Avropa Birliyi hazırda külli miqdarda qrant layihələri həyata keçirməkdədir".

'Öz adamlarına pul paylayırlar' - Hökumətyönlü QHT-lərə ayrılan pulların aqibəti
Gözlə

No media source currently available

0:00 0:06:44 0:00

Deputat razılaşır ki, qrantların alınması, qeydiyyatdan keçirilməsi 2010-cu ildən sonra xeyli dərəcədə sərtləşdirilib: "Bu da öz-özlüyündə üçüncü sektorun inkişafına mənfi təsir etdi. Amma digər tərəfdən, hər hansı bir saytda, bilirəm ki, sputnik.az-da yayılan materiala görə "göstərişlər kənardan gəlir" qənaətini hasil edib tirajlayırlar. Bunun hansısa sübutlara dayanan mövqe olduğunu düşünmürəm. Lakin çox arzulayırıq ki, qarşılıqlı düşmənçilik mühitinin ortadan qaldırılması üçün vətən, dövlət ideallarını hər hansı siyasi maraqlara qurban vermədən qələbəmizə uyğun fəaliyyət məkanı yaransın. Azərbaycan insanı özünün mövqelərini, fəaliyyətini, fikir-söz azadlığını həyata keçirərkən bundan da yararlana bilsin".

Xatırlama

Son aylar Azərbaycanda aralarında ToplumTV, AbzasMedia nəşrinin əməkdaşlarının da yer aldığı 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamlar ilə razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər də vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

XS
SM
MD
LG