Çin Xalq Respublikasının sədri Si Cinpin Fransaya iki günlük səfəri zamanı Rusiya ordusunun Ukraynaya genişmiqyaslı təcavüzü fonunda ölkəsinin Moskva ilə sıx əlaqələrə görə tənqid edilməsinə qarşı çıxıb.
"Biz böhrandan üçüncü bir ölkəni günahlandırmaq, onun imicini pisləşdirmək və yeni soyuq müharibəni təhrik etmək üçün istifadə olunmasının əleyhinəyik", - o bildirib.
Çin lideri Pekinin bu münaqişənin mənbəyi, onun tərəfi və ya iştirakçısı olmadığını vurğulayıb.
Fransa prezidenti Emmanuel Makron danışıqların bir hissəsinə qatılan Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə birlikdə Çin rəhbərini Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün Moskvaya təsir imkanlarından istifadə etməyə çağırıb.
S.Cinpin mayın sonunda Pekində Rusiya prezidenti Vladimir Putini qəbul edəcək. Amma Parisdəki danışıqlarda Çin lideri Pekinin Moskvaya təzyiqi ilə bağlı heç bir aydın niyyət ifadə etməyib. O, yalnız ümumi sülh arzusu ilə kifayətlənib, - "The New York Times" yazır.
Danışıqlar zamanı Makron həmçinin Sini Rusiyanın Ukraynaya qarşı müharibəsində istifadə edə biləcəyi hər hansı texnologiyanın ixracına icazə verməməyə çağırıb. Qərb liderləri narahatdırlar ki, Çin Ukraynadakı hadisələrlə bağlı rəsmi neytral mövqe tutsa da, Rusiyanı silah istehsalı üçün uyğun avadanlıqla tədarük etməklə əhəmiyyətli dərəcədə dəstəkləyə bilər.
Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalını dəfələrlə gündəmə gətirən E.Makron S.Cinpini əmin edib ki, Fransa Rusiya və ya xalqı ilə müharibə etmir, Putin hökumətini devirmək niyyətində deyil. Eyni zamanda, Makron deyib ki, Ukraynanın təhlükəsizliyi olmadan Avropada təhlükəsizlik də ola bilməz. Fransa prezidenti Ukraynada davam edən müharibədən danışarkən, Paris və Pekin arasında sıx dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
Güzəştə gedəcəyinin əlaməti görünmür
Parisdə keçirdiyi mətbuat konfransında S.Cinpin bildirib ki, Çin Ukraynada sülhün əldə olunmasında fəal rol oynayır. Onun sözlərinə görə, "Pekin lazımi vaxtda həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan, bütün tərəflərin bərabər iştirakını və bütün sülh planlarının ədalətli müzakirəsini təmin edən beynəlxalq sülh konfransının keçirilməsinin tərəfdarıdır".
"Tarix dönə-dönə sübut etdi ki, son nəticədə münaqişələr yalnız sülh yolu ilə həll oluna bilər", - Çin rəhbəri əlavə edib.
O, həmçinin mətbuat konfransında ölkəsinin Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı müharibələrə qlobal şəkildə son qoyulması istiqamətində Fransa ilə işləməyə hazır olduğunu da bildirib.
Mayın 7-də E.Makron və xanımı Brijit S.Cinpini, habelə həyat yoldaşını Yuxarı Pireney departamentində qeyri-rəsmi görüş çərçivəsində qəbul ediblər. Qonaqlar üçün nahar təşkil olunub.
Fransada S.Cinpin ilə danışıqlarda əsas müzakirə mövzularından biri də Çin və Avropa İttifaqı arasında ticarət əlaqələrində gərginliyin azaldılması olub. Makron onunla ticarət balanssızlığının azaldılması, Avropa firmalarının Çinə daha asan çıxışı və bu ölkənin ixracatçıları üçün subsidiyaların azaldılması ilə bağlı razılaşmağa çalışıb. "Reuters" qeyd edir ki, bu məsələlərdə Cinpin əhəmiyyətli güzəştlərə getmək istəyinin əlamətini göstərməyib.
Apreldə Fransanın BFM kanalına müsahibəsində Makron Parisdə Olimpiya Oyunlarının keçirildiyi günlərdə - iyulun 26-dan avqustun 11-dək "olimpiya atəşkəsi" yaratmağa ümid etdiyini söyləyib. Makronun sözlərinə görə, Oyunlar zamanı Ukraynadakı müharibədə, eləcə də digər irimiqyaslı münaqişələrdə, o cümlədən Qəzza zolağında və Sudanda atəşkəs elan edilməlidir. Fransa lideri deyirdi ki, o, bu məqsədə çatmaq üçün çoxlu tərəfdaşları cəlb etməyə çalışır, onların arasında Çinin dövlət başçısı S.Cinpinin də adını çəkib.
S.Cinpin son beş ildə ilk dəfə Avropaya cari səfəri çərçivəsində Rusiyaya ən çox rəğbət bəsləyən Avropa ölkələrindən sayılan Serbiya və Macarıstana da səfər edir.