Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:32

Gürcüstanda etiraz iştirakçılarına hücumlar olub


Soldan sağa: Giya Caparidze, Dito Çubinidze və Levan Qvinianidze naməlum şəxslərin hücumuna məruz qalıblar
Soldan sağa: Giya Caparidze, Dito Çubinidze və Levan Qvinianidze naməlum şəxslərin hücumuna məruz qalıblar

Gürcüstanın Daxili İşlər Nazirliyi mayın 9-da bildirib ki, üç nəfər barəsində cinayət işləri açılıb.

Daxili işlər naziri Vaxtanq Qomelauri mayın 9-da deyib ki, beynəlxalq münasibətlər üzrə ekspert Giya Caparidze, fəal Laşa Qvinianidze və keçmiş prezident Mixeil Saakaşvilinin müxalif Vahid Milli Hərəkatının üzvü Dimitri Çikovaniyə naməlum şəxslər tərəfindən hücum hərtərəfli təhqiq olunacaq.

Çikovani bu hücumu təşkil etməkdə iqtidarı ittiham edir.

Gürcüstanda iqtidarın təşəbbüsü ilə parlamentin müzakirəsinə çıxarılmış “xarici təsirin şəffaflığı” haqqında qanuna qarşı kütləvi etirazlar davam edir. Müxalifət və tərəfdarları bu qanunun Rusiyanın “xarici agent” qanununun analoqu olduğunu deyirlər.

Polis etiraz aksiyalarını dağıtmaq üçün sərt tədbirlərə əl atır. Eyni zamanda müxtəlif xuliqan qruplaşmaları da nümayişçiləri hədəfləyirlər.

Qomelauri hücum edilənlərə xəsarət yetirilməsinə görə təəssüfünü bildirib.

Nazir eyni zamanda bunu da bildirib ki, mayın 9-da 6 etirazçı ictimai asayişi pozduğuna görə saxlanıb.

Tbilisi polisinin rəisi Sulxan Tamazaşvili deyib ki, bu altı nəfər polis zabitinə hücumda və şəxsi mülkiyyətə ziyan vurmaqda ittiham olunur.

Rezin güllələr iddiası

Son günlərdə paytaxt Tbilisi və digər şəhərlərdə hakim “Gürcü arzusu” partiyasının parlamentdən keçirməyə çalışdığı qanun layihəsinə etiraz bildirmək üçün on minlərlə gürcü küçələrə çıxıb. Polis aksiyaları dağıtmaq üçün suvuranlardan, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edir.

Hakimiyyət rezin güllələrdən istifadə etdiyini dansa da, bir neçə etirazçının aldığı yaralar məhz bu güllə tipinə uyğun gəlir.

Saxlananlardan üçü mayın 1-də və 2-də keçirilən nümayişlər zamanı müşahidə kameralarını sındırmaqda ittiham olunur.

Bu da qeyd olunur ki, saxlananlardan biri parlamentin qapısına ziyan vurub və bir yanğınsöndürən onun parlamentin həyətinə atdığı daşdan xəsarət alıb.

Tamazaşvili hələ ki, bu hadisələrlə bağlı heç kimin həbs olunmadığını deyib.

Etiraz təşkilatçılarından Zviad Tsetsxladze deyib ki, sözü gedən qanuna etiraz etdiyinə görə işindən qovulmuş dövlət qulluqçularına maddi dəstək üçün xüsusi fond yaradılır.

Qanun layihəsi

Bu qanun layihəsinə görə maliyyələşməsinin 20 faizini “xarici qüvvədən” alan QHT-lər, yayımçılar və KİV sahibləri xarici qüvvənin maraqlarına xidmət edən təşkilat kimi qeydiyyatdan keçməyə borcludurlar.

Qeydiyyatdan boyun qaçırılmasına görə 25 min lari (9400 dollar) cərimə nəzərdə tutulur. Qanunun təkrar pozulmasına görə cərimə 900 min laridir (340 min dollar).

Qanun layihəsinin ən təzadlı məqamlarından biri də budur ki, ona əsasən Gürcüstanın Ədliyyə Nazirliyi “xarici qüvvənin maraqlarını təmsil edən təşkilatların üzə çıxarılması üçün monitorinq keçirə bilər”.

Belə bir monitorinq keçirilməsi üçün hər hansı vətəndaşın ərizəsi kifayətdir.

Beynəlxalq birlikdən xəbərdarlıq

ABŞ-ın hər iki partiyadan olan senatorları aprelin 26-da Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə məktublarında xəbərdarlıq ediblər ki, ölkə parlamenti “rusiyasayağı qanunu” qəbul edərsə, Vaşinqtonun Tbilisiyə münasibətdə siyasəti dəyişə bilər.

Avropa İttifaqı rəsmiləri isə xəbərdarlıq ediblər ki, qanunun qəbulu Gürcüstanın İttifaqa üzvlük prosesini dayandıra bilər.

Ötən il Gürcüstana müəyyən şərtlər daxilində Aİ üzvlüyünə namizədlik statusu verilib.

Hakimiyyət israr edir ki, bu qanun layihəsi müxalifətə və ifadə azadlığına qarşı yönəlməyib.

Lakin Human Rights Watch mayın 9-da bu iddianı rədd edərək bildirib ki, qanun Gürcüstanda təməl insan haqları üçün böyük təhlükə yaradır.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Vilyamson deyib ki, Gürcüstan hakimiyyəti qanunun qəbulundan əsl məqsədi gizlədir və onun sadəcə olaraq şəffaflıq üçün qəbul edildiyində israr edir.

Xəbər verilir ki, qanunun 3-cü və sonuncu oxunuşu artıq mayın 13-də keçirilə bilər.

Xatırlatma

Ötən il “Gürcü arzusu” partiyası “xarici təsirin şəffaflığı” haqqında qanun layihəsini parlamentə təqdim etmişdi.

Layihə fəaliyyətinin ən azı 20 faizi xaricdən maliyyələşən qeyri-mənfəət hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin reyestrinin tərtibini nəzərdə tuturdu.

2023-cü il, martın 7-də parlament bu layihəni birinci oxunuşda qəbul etmişdi. Bu, kütləvi küçə etirazlarına səbəb olmuşdu. Həmin gün Gürcüstan parlamentinin binası qarşısında 40 minədək etirazçının yığıldığı xəbər verilirdi.

Polislə etirazçılar arasında baş vermiş toqquşmalarda nümayişçilərə qarşı gözyaşardıcı qazdan və suvuran maşınlardan istifadə olunmuşdu.

Gürcüstan DİN xəsarət alan etirazçıların sayı barədə məlumat verməsə də, 100-dən çox şəxsin saxlandığını bildirmişdi.

Etiraz aksiyaları martın 8-də də davam etmiş və martın 9-da hakim partiya və ona bağlı “Xalqın gücü” hərəkatı qanun layihəsini parlamentdən geri çağırmağa məcbur olmuşdu.

XS
SM
MD
LG