Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:47

Həbsdə olan ictimai fəal: 'Mən Bəxtiyar Hacıyevə görə girovam...'


Rail Abbasov
Rail Abbasov

Həbsdə olan ictimai fəal Rail Abbasov deyir ki, ona verilən dələduzluq ittihamı saxtadır. Onun sözlərinə görə, həbsinin gerçək səbəbi başqa bir ictimai fəal - Bəxtiyar Hacıyev ilə dostluğu, onun müdafiə prosesində aktiv iştirakıdır.

"Mən Bəxtiyar Hacıyevə görə girovam. Bəxtiyarla dostluğumuza, onu müdafiə etdiyimə görə bu gün buradayam. Həbsimdən öncə bununla bağlı mənə bir neçə dəfə xəbərdarlıq olunmuşdu. Deyilmişdi ki, əgər Bəxtiyarın müdafiəsindən geri çəkilməsən, sənin özünü həbs eləyəcəklər. Günün birində də dediklərini elədilər", - R.Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən belə deyib.

Səkkiz aydır həbsdə olan ictimai fəal Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia edilir ki, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan R.Abbasov ev almaq istəyən Əsgər Həziyevi aldadıb. İttihama görə, Ə.Həziyev alqı-satqı prosesində vasitəçilik edən R.Abbasova 217 min manat versə də, nə ev ala bilib, nə də pulu geri qaytarılıb.

"Notarial qaydada alqı-satqı prosesi oldu"

R.Abbasov ona pul verilmədiyini, bununla bağlı heç bir sübut-dəlil olmadığını deyir. İctimai fəalın fikrincə, ona qarşı saxta ittiham yaratmaqdan ötrü Ə.Həziyevi məqsədli şəkildə onun yanına göndəriblər.

O, məhkəmədə söyləyib ki, həbsindən bir müddət öncə Ə.Həziyev ev məsələsi ilə əlaqədar ona üz tutub: "Notarial qaydada alqı-satqı prosesi oldu, evin pulu da bank vasitəsilə satıcıya köçürüldü. Bundan sonra məni restorana dəvət elədi ki, "gəl bir çörək kəsək". Restoranda mənə kulyok verdi, dedi, "evə görə şirinlikdir, şokolad gətirmişəm". Mən də açıb içinə baxdım, gördüm ki, həqiqətən şokoladlardır. Amma polisə şikayət edib ki, guya mənə verdiyi kulyokda 217 min manat pul olub. Niyə birinci dəfə bankla köçürür, ikinci dəfə mülk sahibini, bankı qoyub maklerə verirdi o pulu?".

Azərbaycanda artan həbslər: Hakimiyyət Qarabağdan sonra yaranacaq siyasi fəallıqdan ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:07:00 0:00

R.Abbasov vurğulayıb ki, bu görüşdən bir neçə gün sonra onu dələduzluq ittihamı ilə saxlayıblar. Onun sözlərinə görə, həmin gün prokurora da deyib ki, Ə.Həziyevin verdiyi torbanın içində pul olmayıb, həmin şokoladlarsa hələ də evində qalır.

Özünü "Bəxtiyar Hacıyevin girovu" adlandıran R.Abbasov əlavə edib ki, dostunu müdafiə etdiyinə görə qətiyyən peşman deyil: "Əksinə, hazırda Bəxtiyarla dostluğumuzun pik həddidir. İstənilən təqsirsiz adamı müdafiə etmək vicdan məsələsidir. Xüsusən, dostumdursa...".

Xatırlatma

R.Abbasov ötən il sentyabrın 19-dan həbsdədir. Bundan öncə iyunun 6-da o, B.Hacıyevin işi üzrə istintaqda da bir neçə saat dindirilib, onun evində, avtomobilində axtarış aparılıb.

2022-ci ilin dekabrından həbsdə olan B.Hacıyev də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilir. O, dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilsə də, istintaqın gedişində ona qarşı qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, saxta sənədlərdən istifadə, cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması kimi yeni ittihamlar irəli sürülüb.

B.Hacıyev də özünü təqsirli bilmir, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə sifarişlə həbs olunduğunu deyir.

Daxili İşlər Nazirliyi onun iddiasını rədd edir.

Azərbaycan rəsmiləri ölkədə insanların siyasi, tənqidi baxışlarına və hüquqqoruyucu fəaliyyətinə görə təqib edilmələri haqda fikirləri yalanlayırlar.

XS
SM
MD
LG