Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:49

Beyləqan işgəncələrində ittiham olunan generaldan ölüm ittihamı götürüldü


Bəkir Orucov
Bəkir Orucov

2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncələr olub. Nəticədə bir nəfər zabit - baş leytenant Adil Sabirli həyatını itirib

Həbsdə olan general - Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş Bəkir Orucovun cəzası 3 il azaldılaraq, 6 il 6 aya endirilib. Mayın 17-də Bakı Apellyasiya Məhkəməsində buna qərar verilib.

2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncələr olub. Nəticədə bir nəfər zabit - baş leytenant Adil Sabirli həyatını itirib.

General B.Orucov Beyləqandakı işgəncələrə rəhbərlik etməkdə ittiham edilir.

Generalla yanaşı, daha 4 nəfər - korpusun təlimatçısı olmuş Ülvi Rəşidov və snayper bölüyünün komandiri Ziya Kazımov, Müdafiə Nazirliyi Hüquq İdarəsinin təhqiqatçısı, hadisələr vaxtı oraya ezam edilmiş İntiqam Məmmədov və Beyləqan korpusunun təhqiqatçısı olmuş Rahib Məmmədov da Beyləqan hadisələrinə görə mühakimə edilir.

Təqsirləndirilən şəxslərə qarşı işgəncə vermə, vəzifə yetkilərini aşma və s. ittihamlar irəli sürülüb. General Orucov, polkovnik Z.Kazımov və Ü.Rəşidova isə Adil Sabirlinin ölümüylə əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) maddəsilə də ittiham verilmişdi. Bu üzdən, onların hər üçünə Bakı Hərbi Məhkəməsinin hökmüylə 9 il 6 ay həbs cəzası kəsilmişdi.

Cəza müddətləri azaldılsa da, təqsirləndirilənlər razı qalmayıb

Bakı Apellyasiya Məhkəməsi generalın üzərindən Adil Sabirlinin ölümüylə bağlı ittihamı götürüb və cəzasını da 6 il 6 aya endirib. Z.Kazımov və Ü.Rəşidovun ittihamları olduğu kimi saxlansa da, cəzaları 4 ay azaldılaraq, 9 il 2 aya endirilib.

Apellyasiya məhkəməsinin qərarıyla digər iki təqsirləndirilənin - İntiqam Məmmədovla Rahib Məmmədovun cəzası da 4 ay aşağı salınaraq, 6 il 2 ay olub.

Beyləqan hadisələrində təqsirləndirilən 5 nəfərin heç biri ittihamları qəbul etmir. Onlar apellyasiya şikayətlərində də bəraət istəmişdilər. Apellyasiya instansiyaları cəzalarını azaltsa da, nəticə ilə razılaşmırlar. Onlar Ali Məhkəməyə şikayət vermək niyyətindədirlər.

B.Orucov general olduğuna görə həbs edildiyini deyir. Onun sözlərinə görə, məqsəd “Tərtər işgəncələri” hadisəsində zərərçəkmişlərin və cəmiyyətin “gözündən pərdə asmaq” olub.

“Həbs olunmağımın səbəbini bilirəm. 42 il xidmət edib, general rütbəsi almışdım. Çox deyirdilər, yazırdılar ki, bu hadisələrə görə yüksək rütbəli zabitlər tutulmalıdı. Mən də arxası, dayağı, pulu olmayan, öz zəhmətiylə bu pilləyə çatan general idim. Məni də ona görə qurbanlıq seçdilər. Göstərsinlər ki, general da tutmuşuq...” – B.Orucov Bakı Apellyasiya Məhkəməsindəki çıxışında belə söyləyib.

O dövrdə Tərtərdəki korpusun komandiri Hikmət Həsənov, Beyləqan korpusunun komandiri Mais Bərxudarov olub. B.Orucov Beyləqan korpusunun qərargah rəisi vəzifəsində çalışıb.

Xatırlatma

Beyləqandakı hadisələrin də bütövlükdə “Tərtər işi” adlandırılan cinayət işi çərçivəsində istintaqı aparılıb. Sonda B.Orucovun və həmin hadisələrdə ittiham olunan daha 4 nəfərin işi ümumi cinayət işindən ayrılaraq, məhkəməyə göndərilib.

Bakı Hərbi Məhkəməsində işə baxılarkən, general Orucov çıxışında Müdafiə naziri Zakir Həsənovu, ovaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıxovu və korpus komandiri Mais Bərxudarovu ittiham edərək deyib ki, Beyləqandakı hadisələr bu şəxslərin nəzarəti və göstərişiylə baş verib.

General-leytenant M.Bərxudarov ünvanına səslənən ittihamları qəbul etmir. O, general B.Orucovun məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamlara bir müddət öncə belə münasibət bildirmişdi:

“Bəkir Orucov nə danışıbsa, özü bilər. Amma nahaq danışıb, çünki dedikləri həqiqəti əks etdirmir. Nə danışırsa, danışsın. Mən indi telefonda nəsə danışa bilmərəm. Hər şeyə hüquqi qiymət verilir. Biz hüquqi ölkədə yaşayırıq...”

XS
SM
MD
LG