Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 13:33

Rusiyanın neft obyektlərinə dron zərbələri endirilib


Novoşaxtinsk zavodu
Novoşaxtinsk zavodu

İyunun 6-da Rusiyanın Ukrayna ilə həmsərhəd iki vilayətində neft qurğuları dron zərbələrinə məruz qalıb.

Ukrayna hərbçiləri tərəfindən endirildiyi güman edilən zərbələrdən biri iyunun 6-da Rostov regionundakı Novoşaxtinsk neft emalı zavodunu hədəfləyib.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib ki, zərbə nəticəsində başlanmış yanğına görə müəssisənin işi dayandırılıb:

“İş dəfələrlə təkrar olunan zərbələrə görə dayandırlıb, işçi heyət salamat məsafəyə evakuasiya olunub”.

SHOT teleqram kanalı şahidlərə istinadla bildirir ki, iyunun 6-da səhər saatlarında Novoşaxtinskdə bir neçə güclü partlayış səsi eşidilib, neft emalı zavodu üzərində alov və tüstü görünüb.

Astra teleqram kanalı Novoşaxtinsk zavodunda böyük yanğını görüntüləyən video yayıb.

Ukrayna sərhədindən 10 kilometrlik məsafədə yerləşən Novoşaxtinsk neftayırma zavodu artıq üçüncü dəfədir ki, zərbəyə məruz qalır.

Bundan əvvəl mart və aprel aylarında endirilmiş iki zərbə nəticəsində zavodda işin müvəqqəti dayandırıldığı xəbər verilmişdi.

Neft anbarına zərbə

Rusiyada Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Ukrayna sərhədindən 100 kilometrdən də az məsafədə yerləşən Starı Oskol neft anbarına dron hücumu edilib:

"Ukrayna silahlı qüvvələri kamikaze dronlarından istifadə edərək Starı Oskol yaşayış rayonundakı neft anbarına hücum ediblər. Partlayış nəticəsində çənlərdən biri od tutub. Dörd yanğınsöndürmə briqadası yanğını tez bir zamanda ləğv edib. Partlayışın dalğası təhlükəsizlik xidmətinin binasındakı pəncərələri sındırıb. İtki olmayıb”.

Kiyev bu xəbərlərlə bağlı şərh verməyib və xəbərləri müstəqil şəkildə təsdiqləmək çətindir.

Ukrayna müharibə başlanandan bəri Rusiya tərəfindən fasiləsiz dron və raket zərbələrinə məruz qalır.

Kiyev bu zərbələrə cavab olaraq Rusiya ordusunu yanacaq ehtiyatlarından məhrum etmək məqsədilə neft qurğularına öz istehsalı olan dronlarla hücum edir.

Bu arada Ukrayna hərbi hava qüvvələri Nikolayev, Xerson, Zaporojye və Xmelnitski vilayətlərinə atılan 18 drondan 17-sini vurduğunu bildirib.

Rusiyanın daha bir gəmisi vurulub

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi – GUR xəbər verir ki, iyunun 6-da gecə ilhaq olunmuş Krımın sahillərində Rusiyaya məxsus yedək gəmisi məhv edilib.

GUR dəniz dronunun gəmiyə hücumunu əks etdirən video yayıb. İddia edilir ki, dron zərbəsi Saturn və ya Protey sinfindən olan yedək gəmisini vurub.

AzadlıqRadiosu GUR-un yaydığı videonu geodislokasiya edib. Bu videonu suüstü dronun özü Krımdakı Panskoye gölündə, Çernomorsk portunda hücum zamanı çəkib.

Marinetraffic aşkarlama xidməti göstərir ki, zərbənin geolokasiya edilən nöqtəsində həqiqətən də Qousan-5 yedək gəmisi olub.

Gəmi 40 il əvvəl tikilib və Sevastopol limanında qeydiyyatda olub.

Rusiya Müdafiə Nazirliyi bu xəbəri hələ ki, şərh etməyib.

Bundan əvvəl Ukrayna hərbçiləri Rusiyanın “Sezar Kunikov”, “İvanovets”, “Sergey Kotov”, “Tsiklon” gəmilərinin, 12150 Manqust hərbi sürət katerinin, “Kovrovets” minaaxtaranının məhv edildiyini xəbər vermişdilər.

XS
SM
MD
LG