Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:08

ABŞ və Ermənistan gömrük sazişi imzaladılar


Müqaviləni Ermənistan Gömrük Komitəsinin sədri Rustam Badasyan və ABŞ-ın Yerevandakı səfiri Kristina Kvien imzalayıblar
Müqaviləni Ermənistan Gömrük Komitəsinin sədri Rustam Badasyan və ABŞ-ın Yerevandakı səfiri Kristina Kvien imzalayıblar

Birləşmiş Ştatlar və Ermənistan iyunun 11-də Yerevanda keçirilən danışıqların ardınca iki ölkənin gömrük xidmətlərinin “qarşılıqlı köməkləşməsinə” dair saziş imzalayıblar.

ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayen danışıqlardan sonra deyib ki, müzakirələrdə diqqət demokratik inkişaf, iqtisadi şaxələndirmə, müdafiə islahatları və Avro-Atlantika əməkdaşlığına yönəldilmişdi.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, bugünkü görüş iki ölkə arasında yüksək siyasi səviyyədə dialoqu nümayiş etdirir.

Nazir deyib:

“İkitərəfli gündəlik Ermənistanın dayanıqlığı və davamlı inkişafı üçün kritik olan istiqamətlər də daxil genişlənməkdə davam edir”.

Xəbər verilir ki, iki ölkə arasında gömrük əməkdaşlığı müqaviləsini Ermənistan Gömrük Komitəsinin sədri Rustam Badasyan və ABŞ-ın Yerevandakı səfiri Kristina Kvien imzalayıblar.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, imzalanmış sənədin detalları açıqlanmayıb.

Moskvanın xəbərdarlığına rəğmən

O’Brayen deyib ki, razılaşma ABŞ və Ermənistan gömrük xidmətləri arasında “informasiya mübadiləsini” nəzərdə tutur. Razılaşma habelə ikitərəfli ticarət əlaqələrinin inkişafına təkan verməlidir.

Ermənistanın gömrük məlumatlarına görə ötən il iki ölkə arasında ticarətin həcmi 670 milyon dollara çatıb. Müqayisə üçün bildirilir ki, Ermənistan və Rusiya arasında 2023-cü ildə ticarətin həcmi 7.3 milyard dollar təşkil edib. Qeyd olunur ki, bu rəqəm Rusiyanın Ukraynaya müdaxiləsindən sonra iki dəfə artıb.

Rusiyanın vəzifəli rəsmiləri xəbərdarlıq edirlər ki, Ermənistan hökuməti Qərbə doğru yaxınlaşmaq kursunu davam etdirərsə, Yerevan-Moskva əlaqələrinə düzəlməsi mümkün olmayan ziyan vurula bilər.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin xüsusilə də Ermənistanın ölkənin milli məlumat bazasına və həssas informasiyaya Qərb üçün giriş verməsini təhlükəli addım adlandırmışdı.

“Əgər Ermənistan və Azərbaycan arasında davamlı sülh olarsa...”

O’Brayen isə deyib ki, Vaşinqton Yerevanla müdafiə və təhlükəsizlik sahəsində bağlarının dərinləşdirilməsi üzərində işi davam etdirəcək:

“Biz habelə iqtisadi imkanlarımızı Mərkəzi Asiyadan Aralıq dənizinədək olan ərazidə genişləndirmək üzərində işləyirik. Əgər Ermənistan və Azərbaycan arasında davamlı sülh olarsa bu imkanlar daha da genişlənəcək. Biz bu istiqamətdə göstərilən səyləri dəstəkləməkdən məmnunuq”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda stabil və ləyaqətli sülhün bərqərar olunmasına töhfə vermək üçün böyük potensiala malikdir.

Mirzoyan vurğulayıb ki, Yerevan Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiya prosesinin davam etdirilməsinə və Bakı ilə münasibətlərin normallaşdırılmasına can atır.

“Real və tarixi imkan”

Xarici işlər nazirinin sözlərinə görə hazırda sülh müqaviləsini yekunlaşdırmaq üçün real və tarixi imkanlar yetişib:

"Ermənistan sülh gündəliyinin və regional inkişafa baxışın bir hissəsi kimi bütün regional kommunikasiyaların, ölkələrin suverenliyinə və yurisdiksiyasına hörmət, bərabərlik və qarşılıq əsasında açılmasına tərəfdardır”.

Azatutyun yazır ki, Bakı isə Naxçıvan və Azərbaycan arasında kommunikasiyalarda gömrük və sərhəd yoxlanışının olmamasını, habelə Ermənistanın öz konstitusiyasını dəyişdirməsini istəyir.

Bakı bildirir ki, Ermənistan konstitusiyasının preambulunda Müstəqillik Bəyannaməsinə istinad var, bu bəyannamədə isə Azərbaycana qarşı ərazi iddiaları əksini tapıb.

Tərəflər bu yaxınlarda sülh müqaviləsi mətninin 9-cu redaksiyasına dair təklifləri mübadilə ediblər.

Azərbaycan XİN “çox az sualların açıq qaldığını”, “bəzi məsələlərdə isə pozitiv dinamika müşahidə etdiyini” bildirib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG