Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:47

31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb


Məzahir Pənahov
Məzahir Pənahov

Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində indiyədək 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyulun 24-də jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 125 dairə üzrə 1200-ə yaxın müraciət var: "Onların çoxu artıq təsdiq olunub, ümumilikdə 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

M.Pənahov əlavə edib ki, seçkilər üçün 950-dək müşahidəçi qeydiyyata alınıb: "İyulun sonunda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) uzunmüddətli müşahidəçiləri da Azərbaycana gələcək".

Növbədənkənar parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) başqa qalan bütün siyasi qüvvələr iştirak edir. AXCP ölkədə azad və ədalətli seçkilər üçün imkan olmadığını açıqlayıb. Rəsmilər isə bu yanaşmanı düzgün saymırlar.

Hazırda seçkilərdə qeydiyyat mərhələsidir. Avqustun 9-da təşviqat mərhələsi başlayacaq.

12 iyul

Seçkilərə AŞPA dəvət olunacaqmı...

"Azərbaycanda seçkini müşahidə etmək üçün xarici müşahidəçilərə üç qurum dəvət göndərir. Artıq 26 qurum seçkini müşahidə etmək üçün ölkəyə dəvət olunub".

Bunu MSK sədrinin müavini Rövzət Qasımov Azərbaycanın seçkiləri müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) dəvət göndərib-göndərməməsi sualına cavabında bildirib.

R.Qasımov quruma konkret dəvət haqda dəqiq heç nə deməyib.

Azərbaycan bu ilin fevralında keçirilən prezident seçkisində AŞPA-ya dəvət göndərməmişdi.

Bu ilin yanvarında Azərbaycanın AŞPA-da səsvermə hüququ dondurulub. Buna Azərbaycanın 23 il öncə Avropa Şurasına qoşulanda götürdüyü əsas öhdəliklərini yerinə yetirməməsi səbəb göstərilib.

Prezident İlham Əliyev ilin əvvəlində deyib ki, Azərbaycan Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxa bilər. Ancaq bir müddət sonra Azərbaycanın AŞPA-ya qayıtması üçün danışıqlar aparıldığı barədə informasiya yayılmışdı.

Polis MSK qarşısında aksiyanı belə dağıtdı (Yekun video)
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00
10 iyul

Polis seçki ilə bağlı aksiyaların qarşısını alacağını deyir

Seçki ilə bağlı polis gücləndirilmiş iş rejimində işləyəcək. Qanunsuz aksiyaların, ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün bütün tədbirlər görüləcək.

Bunu iyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları sədrləri üçün keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oqtay Kərimov deyib.

Nazir müavininin sözlərinə görə, seçki bitəndən sonra bülletenlər və seçki protokolları polisin müşayiəti ilə aparılacaq.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunmadığını bildirir.

Vətəndaş cəmiyyəti nümayəndələrinin, müxalif təşkilatların mitinq, yürüş üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciətlərinə, bir qayda olaraq, icazə verilmir.

Polis sosial şəbəkələri izləyəcək

"İnternet məkanının və sosial şəbəkələrin davamlı monitorinqləri aparılacaq. Seçkilərin normal keçməsinə mane olmaq niyyəti daşıyan pozucu qüvvələr vaxtında müəyyən edilib barələrində tədbir görüləcək". Bunu iyulun 10-da MSK-da keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oqtay Kərimov bildirib.

(Nazir müavininin bu sitatını bir sıra yerli media orqanları, o cümlədən İctimai TV paylaşıb. Ancaq sonradan həmin xəbərlər silinib.-red.)

Beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarında Azərbaycan interneti azad olmayan ölkələrin yanında yer alır. Məhdudlaşmalar sırasında sosial media platformalarının, siyasi, sosial və dini kontentli vebsaytların bloklanması göstərilir.

Hökumət adətən bu cür hesabatları qərəzli sayır, ölkədə söz, ifadə azadlığının təmin olunduğunu bildirir.

MSK sədri seçkidə tələbləri pozanların cəzalanacağını deyir

"Seçki məntəqələrində tələbləri pozanlar cəzalandırılacaq". Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyulun 10-da dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

MSK sədri 1000 məntəqədə vebkameralar quraşdırıldığını vurğulayıb.

Media nümayəndələrinin isə heç bir qurumdan icazə almadan seçkiləri sərbəst işıqlandırdığını bildirib.

Növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək.

Bu ilin fevralında keçirilmiş prezident seçkisi zamanı komissiya üzvlərinin yol verdiyi nöqsanlar barədə müxtəlif mənbələrdən AzadlıqRadiosuna məlumat daxil olub. Vebkameralar da xeyli çatışmazlıqları göstərib.

4 iyul

Müsavat seçkilərə gedir

Müsavat Partiyası parlament seçkilərində iştirak edəcək.

Qərar iyulun 4-də Müsavat Partiyası Məclisinin toplantısında qəbul olunub.

İndiyə qədər üç partiyanın - REAL, Ağ və Vətəndaş Həmrəyliyi partiyalarının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyata alınıb.

Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək.

3 iyul

YAP seçkiyə görə toplaşıb

Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahı yaradılıb, tərkibi təsdiqlənib.

Bu haqda qərar iyulun 3-də hakim partiyanın İdarə Heyətinin iclasında qəbul olunub.

28 iyun

Parlament seçkiləri sentyabrın 1-nə təyin edildi

İyunun 28-də prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Milli Məclisinin buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, altıncı çağırış Azərbaycan Milli Məclisi buraxılıb.

Milli Məclisə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

27 iyun

Konstitusiya Məhkəməsindən növbədənkənar seçkilərə yaşıl işıq

Bu gün, iyunun 27-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

İclasda parlamentin "Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə" Qərarına baxılıb.

Milli Məclis iyunun 21-də bununla bağlı prezidentə müraciət etmişdi. Prezidentdə öz növbəsində Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində sorğu vermişdi.

Konstitusiya Məhkəməsi Plenumunun üzvləri qərarı Konstitusiyaya uyğun sayıblar.

21 iyun

Milli Məclis prezidentə müraciət etdi

Milli Məclis növbədənkənar parlament seçkilərinin təyin olunması ilə bağlı prezidentə müraciət edib. Bununla bağlı məsələ parlamentin iyunun 21-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

20 iyun

Milli Məclisin tərkibi buraxılır

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib. Bununla bağlı iyunun 20-də YAP İdarə Heyətinin iclası keçirilib.

YAP-dan belə bir təşəbbüsü zəruri edən amil kimi bu ilin noyabrında ölkədə keçiriləcək BMT iqlim konfransı (COP29) və başqa tədbirlər göstərilib.

Vurğulanıb ki, Konstitusiyaya əsasən, konfransın gerçəkləşəcəyi vaxtda - 2024-cü ilin noyabrında Milli Məclisə növbəti seçkilər keçirilməlidir.

"Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır", - YAP-ın sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov vurğulayıb.

İkinci dəfədir

Hakim YAP birinci dəfə deyil ki, belə bir təşəbbüslə çıxış edir. Bundan beş il əvvəl də YAP parlamentin özünü buraxması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Onda partiya bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi. Nəticədə parlament seçkiləri vaxtından altı ay əvvəl keçirilmişdi.

Sonradan əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi bir çoxlarının tənqidinə səbəb olmuşdu.

Müxalifət partiyaları isə bəyan etmişdi ki, hakimiyyət seçkiləri önə çəkməklə onu tez-tələsik saxtalaşdırmaq məqsədi güdür.

Xatırlatma

Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub.

Bu il Azərbaycanda, qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri də keçirilməlidir.

Bu il Azərbaycanda prezident seçkisi də növbədənkənar keçirilib. Əslində qanunla 2025-ci ildə baş tutmalı olan həmin seçkilərin önə çəkilməsi Dağlıq Qarabağda suverenliyin bərpası ilə izah edilib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası da Azərbaycanda son seçkilərdə bir çox pozuntuların baş verdiyini açıqlayıb. Amma rəsmilər tənqidləri qəbul etmirlər.

XS
SM
MD
LG