Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:36

NATO-nun Vaşinqton sammitindən gözlənənlər


AzadlıqRadiosunun müxbiri Rikard Jozviyak NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək böyük sammitinin ərəfəsində bu tədbirdən olan gözləntilərdən bəhs edir və mühüm suallara cavab verməyə çalışır.

Ukrayna alyansa yaxınlaşırmı?

NATO sammitinin qarşısında duran ən mürəkkəb məsələlərdən biri də Ukraynanın alyansa üzvlük perspektivlərinin yekun bəyannamədə necə bir mətnlə ifadə edilməsidir.

NATO indiyədək bildirirdi ki, Ukrayna Rusiya ilə müharibədə olduğu bir vaxtda onun alyansa birbaşa üzvlüyündən söhbət gedə bilməz.

Brüsseldə belə bir təklif də dolaşırdı ki, alyans Nizamnaməsinin qarşılıqlı müdafiəni nəzərdə tutan 5-ci maddəsi Ukraynanın işğal edilməmiş ərazilərinə şamil olunsun.

NATO rəsmilərindən biri anonim şəkildə AzadlıqRadiosunun müxbirinə deyib ki, yekun bəyannamədə Ukraynanın üzvlük perspektivinə dair mətn ehtimalən Vilnüs sammitindəkindən azacıq güclü ola bilər.

Amma bütün bu mürəkkəbliyin içində Ukrayna üçün yaxşı xəbər də var. Bütün NATO müttəfiqləri belə bir ortaq qənaətdədirlər ki, Ukraynaya Üzvlük Hərəkət Planı adlı sənəd lazım gəlməyəcək. Bu sənəd NATO üzvlüyü ilə bağlı müxtəlif islahatların həyata keçirilməsini tələb edir. Amma belə bir sənəd NATO-ya təcili qaydada qəbul olunmuş Finlandiya və İsveçə də verilməmişdi.

Vilnüs bəyannaməsində NATO-nun 2008-ci il sammitinin yekun sənədinə istinad edilirdi. Bu sənəddə deyilirdi ki, “Ukrayna NATO üzvlü olacaq”. Görünür bu sammitdəki mətn də buna yaxın olacaq, yəni alyansa üzvlük üçün dəqiq vaxt öhdəliyi götürülməyəcək.

Ukrayna sammitdən nə əldə edəcək?

Vaşinqton sammitində bir çox müttəfiqlərin Ukraynanın silah-sursat təchizatı ilə bağlı ikitərəfli razılaşmalar elan edəcəyi gözlənilir. Bu da qeyd olunmalıdır ki, bu sammitdə Ukraynanın daim silah çatışmazlığından giley-güzar edən prezidenti Volodimir Zelenski də iştirak edəcək. Bu sammitdə Ukraynanın hərbi təchizatı üçün daha səlis mexanizmin təklif olunacağı gözlənilir.

Bu da gözlənilir ki, sammitdən sonra Ukraynaya hərbi yardımlar və təlimlər NATO tərəfindən mərkəzləşdirilmiş qaydada tənzimlənəcək.

İkinci bir məsələ isə Ukrayna hərbiyyəsinin maliyyələşdirilməsidir. NATO-nun baş katibi Yens Stoltenberq üzvlər adından qarşıdan gələn 5 ildə Ukraynaya 100 milyard dollarlıq yardım vəd etsə də, müttəfiqlər sonunda 40 milyard rəqəminin üstündə dayanıblar.

Tramp faktoru

AzadlıqRadiosu müxbirinin fikrincə bu sammitdə ABŞ-ın keçmiş prezidenti və hazırda prezidentliyə namizəd Donald Tramp faktorunu nəzərə almamaq mümkün olmayacaq.

Əslində NATO-nun Vaşinqton sammiti ABŞ prezident seçkisi kampaniyasının bir hissəsinə çevriləcək.

Alyans rəsmiləri bildirilər ki, Kiyevə sabit maliyyə dəstəyi, habelə Ukrayna hərbçilərinin təlimləri kimi məsələlər artıq rəsmiləşdirilib və Tramp Ağ Evə qayıdarsa belə bunların dəyişməyəcəyini gözləmək olar.

Lakin digər məsələ Trampın NATO üzvlərinin heç də hamısının öz maliyyə öhdəliklərinə əməl etməməsindən narazılığıdır. O hətta bir dəfə bəyan etmişdi ki, ÜDM-lərinin 2 faizini hərbiyə xərcləməyən üzvlərə Rusiyanın hücumu təqdirində 5-ci maddə tətbiq olunmayacaq.

Hazırda vəziyyət Trampın narazı olduğu vaxtlardakından bir qədər yaxşıdır. İndi 32 NATO üzvündən 23-ü bu öhdəliyi yerinə yetirir.

NATO-nun mümkün müharibəyə hazırlığı

Bundan əvvəl alyansın Rusiya ilə mümkün müharibəyə nə dərəcədə hazır olduğu narahatlıq yaradırdı. Lakin ötən il Vilnüsdə keçirilən sammitdə “NATO-nun hər qarış ərazisinin müdafiə olunacağına” dair öhdəlik götürülüb və bir sıra regional müdafiə planları işlənib.

Vaşinqton sammitində bu plan və mexanizmlərin necə işləməsi məsələsi nəzərdən keçiriləcək. NATO indi döyüş hazırlığı vəziyyətində olan 500 minlik orduya malikdir. Bu, Soyuq müharibə illərindən bu yana görünməmiş miqyasdır.

NATO mənbələrindən biri AzadlıqRadiosu müxbirinə deyib ki, indi NATO-nun hazırlığı daha yüksək vəziyyətdir, amma bəzi məsələlər həllini tapmalıdır.

Bu, blokun şərq cinahında olan ölkələrin hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələsidir. Bundan başqa alyansın daha çox uzaqmənzilli raketlərə və ağır tanklara ehtiyacı var.

Bu sammitdə NATO-nun “Asiya-Sakit okean hövzəsi” üzrə partnyorları Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya da iştirak edəcəklər. Bu isə o deməkdir ki, müttəfiqlər həmin region üzrə də bir çox razılaşmalar imzalamalı olacaqlar.

Zəif liderlərin sammiti?

AzadlqıRadiosunun müxbiri qeyd edir ki, ABŞ prezidenti Co Bayden NATO-nun bundan əvvəlki sammitlərində fəal olmayıb, amma indi o, xüsusilə də Trampla debatlarda zəif nəticədən sonra fəallığını artırmalıdır.

Lakin Bayden, necə deyərlər öz siyasi varlığı uğrunda çarpışan yeganə Qərb lideri deyil.

Fransa prezidenti Emmanuel Makron NATO sammitinə mərkəzçi alyansın parlament seçkisinin birinci turunda zəif nəticə göstərdiyi bir vaxtda gəlir. Mərkəzçi qüvvələr ikinci turda planlaşdırdıqları kimi Le Penin populist və millətçi qüvvələrinin mütləq çoxluğuna mane ola bilməsələr, Makron mandatının bitdiyi 2027-ci ilədək istədiyi sərbəstliklə hərəkət edə bilməyəcək. Almaniyada kansler Olaf Şolts və koalisiyasının da gələn ilin seçkilərində uğur qazana bilməməsi mümkündür. Başqa sözlərlə Berlin, Paris və Vaşinqton NATO-nun bu sammitində zəif liderlərlə təmsil olunurlar. Yalnız Britaniyada Keyr Starmerin leyboristləri bu həftə keçirilən seçkidən sonra daha böyük və hətta mütləq parlament çoxluğu ilə 2010-cu ildən bəri ilk dəfə hakimiyyətə qayıda bilərlər.

NATO-nun yeni baş katibindən nə gözləməli?

Bu payız NATO-ya ən uzun müddətdə başçılıq edən Yens Stoltenberqi bu postda Mark Rutte əvəz edəcək. Stoltenberq müttəfiqlər arasında ən müxtəlif fikir ixtilaflarını yoluna qoymaqda mahir siyasətçi kimi tanınır. Bu mənada 14 il Niderland hökumətinə başçılıq etmiş Rutte Stoltenberqin “təbii davamı” sayıla bilər.

Belə görünür ki, o artıq indidən Macarıstanın baş naziri Viktor Orbanla və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dil tapa bilib.

XS
SM
MD
LG