Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:05

Ərdoğan İsraili hədələyir. ABŞ 'Hizbullah'ı ittiham edir 


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü - iyulun 28-də deyib ki, ölkəsi fələstinlilərə kömək üçün İsrailə girə bilər, necə ki, bunu daha əvvəl Liviyada və Qarabağda edib. Ancaq Türkiyə lideri necə bir müdaxiləni nəzərdə tutduğunu detallı açıqlamayıb.

İsrailin Qəzzadakı əməliyyatlarının kəskin tənqidçisi olan Ərdoğan ölkəsinin müdafiə sənayesinə həsr olunmuş çıxışında müharibədən danışıb. ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşması ötən ilin oktyabrında İsrailə hücum edəndən sonra Qəzzada toqquşmalar başlanıb.

“Biz çox güclü olmalıyıq ki, İsrail Fələstində indi törətdiyi absurd şeyləri edə bilməsin. Necə ki, Qarabağa, Liviyaya girmişik, onlara da eynisini edə bilərik. Edilməyəcək bir şey yoxdur. Yalnız biz güclü olmalıyıq ki, bu addımları ata bilək”, -- Ərdoğan hakim AK Partiyanın Rizədə toplantısında deyib.

Qəzza zolağının mərkəzinə daha bir zərbədən sonra, 27 iyul, 2024-cü il
Qəzza zolağının mərkəzinə daha bir zərbədən sonra, 27 iyul, 2024-cü il

Türkiyənin Livana və Qarabağa dəstəyi

“Reuters “yazır ki, AK Partiya təmsilçiləri Ərdoğanın dedikləri ilə bağlı əlavə şərh verməyiblər.

İsrailin xarici işlər naziri İsrael Kats Ərdoğanın bəyanatını X (keçmiş Twitter) platformasında pisləyib.

“Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. O, İraqda nə baş verdiyni, necə bitdiyini xatırlasa, yaxşı olar”, -- nazir postunda yazıb.

İraq diktatoru Səddam Hüseyn 2003-cü ildə ABŞ işğalı nəticəsində devrilib, 2006-cı ildə edam olunub.

Türkiyə 2020-ci ildə Liviyaya hərbi personal göndərərək BMT-nin tanıdığı Liviya Milli Barışıq Hökumətini dəstəkləyib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla Qarabağ üzərində nəzarətini bərpa edib. Ankara bu əməliyyatlarda birbaşa rol oynadığını inkar etsə də, ötən il bildirib ki, yaxın müttəfiqini dəstəkləmək üçün “bütün vasitələr”dən o cümlədən hərbi təlim və modernləşdirmədən istifadə edir.

HƏMAS İsrailə 7 oktyabr hücumu zamanı azı 1200 nəfəri qətlə yetirib, 250 nəfəri girov götürüb. Girovların bir qismi azad olunub, bəzilərinin vəfat etdiyi bildirilir. İsrail cavab olaraq Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb, azı 35 min nəfərin öldürüldüyü bildirilir. Ancaq onların neçəsinin dinc sakin, neçəsinin döyüşçü olduğu açıqlanmır.

Qəzzada saxlanılan israilli girovların buraxılması tələbi ilə etiraz aksiyası
Qəzzada saxlanılan israilli girovların buraxılması tələbi ilə etiraz aksiyası

Colan təpəliyinə zərbədə 12 uşaq və yeniyetmə öldürülüb

Qəzza münaqişəsi ilə eyni vaxtda Livanda yerləşən “Hizbullah” radikal qruplaşması ilə İsrail hərbçiləri arasında da atışmalar gedir.

İyulun 27-də İsrailin nəzarətində olan Colan təpəliyindəki Macal-Şəms şəhərinə raket zərbəsi nəticəsində 12 nəfər həlak olub, onların çoxu futbol meydançasında oynayan uşaqlar və yeniyetmələr idi. İsrail bu zərbəyə görə “Hizbullah”ı ittiham etsə də, qruplaşma hücumla əlaqəsi olmadığını bildirir. Baş verənlər regionda münaqişənin genişlənə biləcəyi sarıdan qorxu yaradıb.

İsrail bazar günü “düşmənə ağır zərbə vurmaqla” hədələyib. İran isə İsrailə xəbərdarlıq edib ki, Livanda yeni hərbi “avantüralar” “görünməmiş nəticələrə” gətirər.

BMT-nin baş katibi Antonio Quterriş raket zərbəsini pisləyib, bütün tərəfləri “maksimum təmkin göstərməyə” çağırıb.

Baş verənlər regionda münaqişənin genişlənə biləcəyi sarıdan qorxu yaradıb.

Birləşmiş Ştatlar da raket hücumuna görə “Hizbullah”ı ittiham edib. “Bu hücumu Livan “Hizbullah”ı gerçəkləşdirib. Bu onların raketi idi, onların nəzarətində olan ərazidən buraxılıb”, -- Ağ ev bazar günü yaydığı bəyanatda bildirib. Vaşinqton şənbə günündən bəri İsrail və Livan rəsmiləri ilə müzakirələr apardığını bildirib, hücumu pisləyib, “dəhşətli” adlandırıb.

ABŞ dövlət katibi Antoni Blinken bazar günü deyib ki, İsrailin şimal sərhədində münaqişənin genişlənməsini istəmir. Blinken ABŞ-ın İsrailə dəstəyini ifadə edib.

Ağ evdən verilən məlumata görə, Vaşinqton İsrail-Livan sərhədində hücumlara son qoyulmasından ötrü diplomatik həll üzərində işləyir.

XS
SM
MD
LG