Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:04

Orban rusiyalılar üçün Avropa İttifaqına qapı açır


Viktor Orban iyulun 5-də Moskvada Vladimir Putinlə görüşüb
Viktor Orban iyulun 5-də Moskvada Vladimir Putinlə görüşüb

Macarıstan rusiyalıları və belarusları işçiləri və ailələrini “milli kart” sisteminə daxil etməklə leqallaşdırıb.

Deutsche Welle saytı yazır ki, bu addım baş nazir Viktor Orbanın iyulun əvvəllərində Moskvaya səfərindən dərhal sonra səssiz-küysüz qaydada atılıb.

Qeyd olunur ki, “milli kart” Macarıstanda işə düzəlmək, ailə üzvlərini özü ilə gətirmək və üç ildən sonra daimi oturum almaq imkanı verir.

Bundan əvvəl belə kartlar yalnız Ukrayna və Serbiya vətəndaşlarına verilirdi. Lakin iyulun 9-dan bu kateqoriyaya Rusiya, Belarus, Bosniya və Herseqovina, Moldova, Şimali Makedoniya və Monteneqro da əlavə olunub.

Avropa Parlamentinin deputatı Sergey Laqodinski RND saytına müsahibəsində deyib ki, “milli kart” sahibləri Avropa İttifaqı ölkələrinə əlavə yoxlamadan keçmədən səfər edə bilərlər.

Deputat bildirib ki, işçi adı ilə Macarıstana gələnlər “Kreml casusları” kimi Avropa İttifaqına yol tapa bilər.

Bununla belə Laqodinski əlavə edib ki, o “ucdantutma bütün Rusiya vətəndaşlarından şübhələnməyi düzgün saymır”.

Polşa ehtiyatlanır

Rusiyanın Ukraynaya qarşı təcavüzünə görə Avropa İttifaqının bir sıra ölkələri rusiyalılar üçün girişi tamamilə bağlayıblar.

Məsələn Polşa bu ilin mayında ölkədəki Rusiya diplomatlarının hərəkətinə məhdudiyyətlər qoyub.

Polşanın xarici işlər naziri Radoslav Sikorskinin sözlərinə görə bu məhdudiyyətlər Rusiyanın Polşa və Avropa İttifaqına qarşı “hibrid müharibə” aparması ilə bağlıdır.

Varşava bildirir ki, Avropa ərazisində törədilən təxribatlarda Moskvanın əlinin olmasına dair çoxsaylı sübutları var.

Polşadan qovulmuş Rusiya diplomatlarının bir hissəsi Serbiyaya keçib. Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmayan azsaylı Avropa ölkələrindən biridir.

FTX əməkdaşı diplomatlar

AzadlıqRadiosu bu diplomatik missiyalarda Rusiya kəşfiyyatına bağlı ən azı iki nəfərin olduğunu bildirir.

Onlardan biri FTX 16-cı mərkəzinin əməkdaşıdır.

ABŞ onu ölkənin kritik infrastrukturuna qarşı haker hücumlarında ittiham edir.

Orban özünün Kiyev və Moskvaya səfərlərini “sülh missiyası” adlandırıb.

Onunla görüşdən sonra prezident Vladimir Putin demişdi ki, Rusiya və Macarıstan atom energetikası, kənd təsərrüfatı və kimya sənayesi sahələrində yeni müqavilələr bağlayıblar.

Avropa İttifaqı Macarıstan baş nazirinin Moskvaya səfərini qətiyyətlə pisləyib və bildirib ki, Orban İttifaqın xarici siyasət prinsiplərini pozub.

XS
SM
MD
LG