Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:46

ABŞ İsrailə ‘qətiyyətli dəstək’ bildirir, İran İsraili cəzalandıra biləcəyini deyir 


Livanın cənubundan atılan raketləri İsrailin Dəmir Günbəz sistemləri tutur, 4 avqust, 2024-cü il
Livanın cənubundan atılan raketləri İsrailin Dəmir Günbəz sistemləri tutur, 4 avqust, 2024-cü il

İran İsraili cəzalandıra biləcəyini deyir

İran bildirib ki, İsrailin cəzalandırılması Yaxın Şərqdə qeyri-sabitliyinin artmasının qarşısını alardı, lakin Tehran İsmayıl Haniyənin qətlindən sonra onsuz da yüksək olan gərginliyin eskalasiyasını istəmir.

Qəzza müharibəsinin daha geniş regional münaqişəyə çevrilə biləcəyindən ehtiyatlanmalar İran və onun müttəfiqi Hizbullah Tehran və Beyruta ölümcül zərbələrə görə qisas alınacağını bəyan edəndən sonra artıb. Tehran bu zərbələrə görə İsraili ittiham edir.

İran Xarici İşlər Nazirinin sözçüsü Nasser Kənaani avqustun 5-də jurnalistlərə deyib ki, “İran təvavüzkarı beynəlxalq qanun çərçivəsinə cəzalandırmaq haqqına malikdir”.

Sözçü qeyd edib ki, İran təcavüzkarın cəzalandırılması ilə stabillik əldə olunacağına inanır.

Bu arada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İran rəsmiləri ilə görüşmək məqsədilə Tehrana işçi səfərə gəlib.

ABŞ-dan İsrailə güclü dəstək

ABŞ müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) avqustun 4-də israilli həmkarı Yoav Qallant (Joav Gallant) ilə danışıb və onu İran cavab hücum endirərsə, “ABŞ-ın qətiyyətli dəstəyi” sarıdan əmin edib. Məlumatı Pentaqon açıqlayıb. Onlar həmçinin qüvvələrin qorunmasını təkmilləşdirməyi, İsrailin müdafiə qabiliyyətini gücləndirməyi, regionda gərginliyin qarşısını almağı müzakirə ediblər. Pentaqonun məlumatına görə, Ostin Qəzza müharibəsində atəşkəsə, Qəzzada qalan girovların buraxılması üzrə razılaşma əldə olunmasına dəstəyini ifadə edib.

İsrailin baş naziri Binyamin Netanyahu isə avqustun 4-də hökumətin iclasında deyib ki, ölkəsi İran və proksiləri ilə “çoxcəbhəli müharibə” şəraitindədir.

“Düşmənlərimizə deyirəm: Cavab verəcəyik və bizə haradan təcavüz olunsa, ona görə ağır bədəl ödətdirəcəyik”, – Netanyahu deyib.

“AP” yazır ki, bu arada ABŞ və müttəfiqləri İsraili gözlənən əkshücumdan qorumağa, daha dağıdıcı regional münaqişənin qarşısını almağa çalışırlar.

İordaniya naziri Tehranda

Qəzzada 10 aya yaxındır müharibə gedir, amma ötən həftə Hizbullah qruplaşmasının aparıcı komandirinin Livanda, HƏMAS radikal qruplaşması liderinin isə İranda öldürülmüsi gərginliyi artırıb. ABŞ və Aİ HƏMAS-ı terrorçu təşkilat sayır.

Tehran və müttəfiqləri hücumlara görə İsraili günahlandırıb, qisasla hədələyiblər.

HƏMAS yeni lider seçmək üçün danışıqlara başladığını bildirib.

İordaniyanın xarici işlər naziri Ayman Safadi avqustun 4-də Tehrana nadir səfərə gedib. O deyib ki, İsraildən Tehrana mesaj gətirməyib, amma regionda “sülh, sabitlik və təhlükəsizlik” istəyir.

İordaniyanın qonşu İsraillə münasibətləri yaxşıdır.

“İrana səfərimdə məqsəd regionda ciddi eskalasiya barədə məsləhətləşmə, iki ölkə arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün səmimi və aydın müzakirələr aparmaqdır”, – Safadi Tehranda iranlı həmkarı, xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani ilə mətbuat konfransında deyib.

Haniyə necə öldürülüb

İsrail HƏMAS lideri İsmayıl Haniyənin qətlinə görə məsuliyyəti götürməyib. Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə qatılandan sonra öldürülüb.

İranın İslam İnqilab Keşikçiləri Qvardiyası (İİKK) avqustun 3-də bildirib ki, qətl yaxınmənzilli raketlə törədilib. İİKK Birləşmiş Ştatları İsrailin bu hücumunu dəstəkləməkdə ittiham edib. İİKK-nın bəyanatında deyilir ki, Haniyənin qaldığı yer 7 kiloqramlıq döyüş başlığı olan raketlə hədəfə alınıb.

“The New York Times” adını çəkmədiyi mənbələrə istinadla yazır ki, Haniyənin həyatına son qoyan partlayışa səbəb olan bomba iki ay öncə onun Tehranda qaldığı qonaq evinə gizlicə yerləşdirilib.

HƏMAS oktyabrın 7-də oktyabrın 7-də İsrailə hücum edərək 1200 nəfəri öldürüb, 250 nəfər girov götürülüb, bir qismi sonradan buraxılıb.

Girovların bir qisminin Qəzzada vəfat etdiyi, bəzilərinin sağ olduğu güman edilir. İsrail Qəzzada kütləvi əməliyyat keçirir, azı 39 min nəfərin həlak olduğu xəbər verilir. Ancaq onların neçəsinin dinc sakin, neçəsinin döyüşçü olduğu açıqlanmır.

XS
SM
MD
LG