Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 22:21

Rusiyada YouTube açılmır. Minlərlə şikayətçi var


Rusiya ərazisində YouTube video platformasının açılmadığına dair xəbərlər gəlir. Minlərlə istifadəçidən şikayətlərin daxil olduğu bildirilir.

Rusiyanın Sboy.rf saytındakı şikayətlərin sayı artıq on mini keçib.

Downdetector saytının məlumatına görə şikayətlər Kalininqraddan tutmuş Vladivostokadək bütün Rusiya ərazisini əhatə edir.

Ən çox şikayətlərin əhalinin sıx yaşadığı şəhərlərdən – Moskva, Peterburq və Yekaterinburqdan gəldiyi xəbər verilir.

Məlumatlarda deyilir ki, YouTube platformasının istifadəçiləri avqustun əvvəllərindən bəri kəsintilərlə üzləşirlər. Videolar ya çox gec yüklənir, ya da ümumiyyətlə yüklənmir. Rusiyalılar bu maneələrdən yan keçmək üçün VPN xidmətlərindən istifadə edirlər.

İyulun ortalarında Rusiyanın Rostelekom qurumu xəbərdarlıq etmişdi ki, YouTube “Google-un Rusiyadakı serverlərinin köhnəlməsinə görə” pis işləyə bilər.

Lakin Google korporasiyası tez bir zamanda bu iddiaları rədd edib və bildirib ki, Rusiyada yaranmış problemlə heç bir bağlılığı yoxdur.

Deputat Xinşteyn demişdi

İyulun sonlarında Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından deputatı Aleksandr Xinşteyn demişdi ki, apardığı “anti-Rusiya siyasətinə” görə YouTube xidmətinin sürəti 70 faiz azaldıla bilər.

O əlavə etmişdi ki, bu, “məcburi” addımdır və yalnız stasionar kompüterləri təsirləndirəcək.

Buna baxmayaraq YouTube mobil telefonlarda da yüklənmir.

Avqustun 7-də Meduza saytı telekommunikasiyalar bazarındakı mənbəyə istinadla bildirmişdi ki, Rusiya hakimiyyəti YouTube platformasının sürətini 128 kbit/s-ə qədər azaltmaq qərarına gəlib.

Moskvanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlanandan bəri YouTube bir çox kremlyönlü kanalları bloklayıb. Müxalifət mediası isə, əksinə platformadan maneəsiz istifadə edə bilir.

İyulun əvvəllərində YouTube hostinqinin administrasiyası Ukrayna müharibəsini fəal dəstəkləyən müğənni və artistlərin kanallarını bloklayıb.

Bunların arasında Şaman, Qriqori Leps, Polina Qaqarina, Oleq QazmanovYuliya Çiçerina da var.

Bu müğənnilərin bloklanmasına əsas ABŞ-ın və Avropa İttifaqı 14-cü sanksiya paketinin qadağanlarıdır.

XS
SM
MD
LG