Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 18:55

Politico: Ekspertlər COP29 Bakı sammitindən niyə əmin deyillər?


Politico yazır ki, dünya biznesləri Azərbaycanda keçiriləcək COP29 iqlim konfransına ya nümayəndə göndərməməyi, ya da kiçik heyət göndərməyi planlaşdırır.

Məqalə müəllifləri vurğulayırlar ki, bu, həm tədbirin keçirildiyi məkan, həm də logistika ilə bağlıdır.

Qeyd olunur ki, narahatlıq tədbirin avtokratik rejim tərəfindən keçirilməsindən, həm də Donald Trampın Ağ Evə qayıdış ehtimalından qaynaqlanır.

Bu da vurğulanır ki, Bakı sammitinin ötənilki Dubay sammitindən daha zəif keçəcəyi gözlənilir.

Bütün bunlara iqlim dəyişikliyinə çox da ciddi baxmayan Trampın yenidən prezident ola biləcəyi perspektivi də təsir edir. ClearView Energy Partners firmasının konsaltinq direktoru Kevin Buk (Kevin Book) deyir ki, bir çox şirkətlər bu səbəbdən iqlimlə bağlı siyasət planlarını indilik açıq saxlayırlar.

Bununla belə, müəlliflərin fikrincə, enerji firmaları, maliyyəçilər və texnologiya startapları Bakı sammitinə danışıqlar və sövdələşmələr üçün meydan kimi baxırlar.

Məqalədə vurğulanır ki, ətraf mühit qrupları bundan əvvəl Misir və Birləşmiş Ərəb Əmirliklərindəki danışıqları, onlara mədən yanacağının təsirinə görə tənqid edirdilər. Neftdən asılı Azərbaycan da mədən yanacağı sektoruna investisiyalar qoyulmasına çağırıb.

Tramp faktoru

Bu da qeyd olunur ki, Bakı sammiti iştirakçıların sayına görə də daha kiçik olacaq. BMT-nin iqlim dəyişikliyi rəsmisi Melita Kolunciç-Stabile (Melita Kolundžić-Stabile) deyir ki, Azərbaycanla təxminən 40 min iştirakçı barədə razılığa gəlinib.

Məqalədə deyilir ki, bəzi bizneslər noyabrda keçiriləcək ABŞ seçkilərinə görə Bakı sammitinə qatılmamaq qərarı qəbul ediblər.

Bu seçkidə Tramp qalib gələrsə, dünyanın ən böyük iqtisadiyyatında iqlim dəyişikliyi ambisiyaları zəifləyəcək. Donald Tramp açıq şəkildə bəyan edib ki, seçilərsə, ABŞ-ı ikinci dəfə Paris İqlim Razılaşmasından çıxaracaq.

Müəlliflər vurğulayırlar ki, adətən şirkətlər COP konfranslarından “iqlim dəyişikliyinə necə ciddi yanaşdıqlarını nümayiş etdirmək” üçün istifadə edirlər. Digər tərəfdən bu danışıqlara getdikdə daha çox şirkətin qoşulması onlara korporativ müdaxilələri mümkün edir və bu səbəbdən bu danışıqlarda əldə olunmuş razılaşmalar kağız üzərində qalır.

Bakının özü neqativ faktordur

Məqalədə deyilir ki, Azərbaycandan olan bədgümanlıq, biznesləri COP29-dan qaçıran ayrıca bir faktordur. Azərbaycanın konfransın keyfiyyətini təmin edə biləcəyindən heç də hamı əmin deyil.

Ekspertlər düşünürlər ki, Bakı sammitini 2025-ci ildə Braziliyada keçiriləcək növbəti konfransdan əvvəl bir növ keçid mərhələsi hesab etmək olar. Müəlliflərin fikrincə Azərbaycanın özü mədən yanacağından xilas olmaq səyləri üçün də yaxşı reklam deyil.

Ölkə öz iqtisadiyyatını ayaqda saxlamaq üçün neft və qaz gəlirlərindən çox asılıdır. Azərbaycan prezidenti İlham Əliyev açıq şəkildə bəyan edib ki, neft və qaz hasil edən ölkələr bu sahələrə investisiyalar qoymaqda davam etməlidirlər.

Ekspertlərin fikrincə Azərbaycan konfransa xidmət kimi məsələlərdə də BƏƏ-dən güclü deyil.

Britaniya Şirkət Rəhbərləri Qrupunun direktoru Beverli Kornabi bildirir ki, Birləşmiş Krallıq Bakı sammitinə ötənilkindən daha az nümayəndə göndərəcək.

Ekspertlər bunu da qeyd edirlər ki, Bakının dünya sənaye mərkəzlərindən uzaqlığı da problem yaradır. Məsələn ABŞ və Azərbaycan arasında birbaşa uçuşlar yoxdur. Onların fikrincə Bakı turizm baxımından da cəlbedici deyil.

Məqalədə deyilir ki, COP29 konfransı koordinasiya şurasının üzvü Oqtay Məmmədov inandırmağa çalışır ki, tədbirin keçiriləcəyi stadionun nəqliyyat qovşaqlarına geniş çıxışı var və o şəhər mərkəzindən yalnız 6 kilometr aralıdadır.

Politico yazır ki, belə zəmanətlər şübhə edənləri qane etmir.

XS
SM
MD
LG