Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 16:38

Tehran ‘Zəngəzur dəhlizi’ məsələsinə görə Moskvaya kəskin xəbərdarlıq edir – İran mediası


Ermənistan-İran sərhədi
Ermənistan-İran sərhədi

İran Rusiyadan Azərbaycanla Naxçıvanı Ermənistan ərazisi ilə keçərək birləşdirəcək quru yol dəhlizinin açılması üçün göstərdiyi səyləri dayandırmasını tələb edib.

İranın qüdrətli İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) bağlı – yarırəsmi Təsnim agentliyinin dərc etdiyi məqalədə diqqət Rusiya xarici işlər naziri Sergey Lavrovun bugünlərdə Ermənistanı Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasının açılmasına dair Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmanı pozmaqda ittiham etməsinə yönəldilir:

“Məlumatlı mənbələr bildirirlər ki, İranın Moskvadakı səfiri bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin “Zəngəzur dəhlizi” məsələsindəki mövqeyinə etiraz bildirib. İranda ekspertlər tövsiyə edirlər ki, Rusiya İranın Azərbaycanla Naxçıvanı Ermənistandan keçərək birləşdirəcək hər hansı dəhlizə qarşı olduğunu yadda saxlamalıdır. Rusiyalılar bu məsələdə İranın legitim, aydın və dəyişməz baxışlarından təəccüblənməməlidirlər”.

Məqalədə deyilir ki, Cənubi Qafqazda heç bir ölkə “başqalarının hesabına” geosiyasi mənfəət əldə etməməlidir:

“Buna görə də Moskva Ermənistanla mübahisələrini həll etmək məqsədilə “Zəngəzur dəhlizi” məsələsindən istifadə etməməlidir”.

Tehran regionda geosiyasi dəyişikliyə qarşıdır

Bu həftənin əvvəllərində İran Xarici İşlər Nazirliyinin vəzifəli rəsmisi Müjtəba Dəmirçilu “Qafqazda cərəyan edən prosesləri” Rusiyanın Tehrandakı səfiri ilə müzakirə etmişdi. Nazirliyin bəyantında deyilirdi ki, Dəmirçilu səfirə Tehranın regionda hər hansı geosiyasi dəyişikliyə qarşı olduğunu çatdırıb.

Bəyanatda bu da qeyd olunurdu ki, regiondakı bütün ölkələrin legitim narahatlıqları və maraqları nəzərə alınmalıdır.

Rusiya rəsmiləri israr edirlər ki, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərinə görə Yerevan Naxçıvan və Azərbaycan arasında Ermənistandan keçəcək nəqliyyat bağlarının təhlükəsizliyinə qarantiya verməlidir.

Lakin Azərbaycan və Ermənistan bu məsələyə yanaşmada fərqli mövqe nümayiş etdirirlər. Bakı Naxçıvan və Azərbaycan arasında adamların və yüklərin gömrük və sərhəd yoxlamalarına məruz qalmadan keçidini istəyir. Ermənistan isə bildirir ki, onun ərazisindən keçən hər hansı nəqliyyat kommunikasiyası Yerevanın yurisdiksiyası altında olmalıdır.

Naxçıvan və Azərbaycan əraziləri arasındakı Ermənistan ərazisi Sünik vilayətidir. Bu, Ermənistanın İranla yeganə sərhəd rayonudur.

“Rusiyaya tövsiyə olunub ki...”

Təsnimin məqaləsində deyilir ki, dəhlizin buradan keçməsi İranı Ermənistanla sərhədindən və beləliklə də Avropaya çıxış yollarından məhrum edə bilər:

“Rusiyaya tövsiyə edilib ki, Moskva və Tehran arasında strateji münasibətlərə ziyan vura biləcək addımlardan çəkinsin, çünki “Zəngəzur dəhlizi” İranın şimal-qərb sərhədində yeni münaqişə ocağı yarada blər”.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ötən həftə bildirmişdi ki, Moskva İranın narahatlıqlarından agahdır.

Rusiya bundan əvvəl israr edirdi ki, onun istədiyi nəqliyyat əlaqələri Ermənistanın Sünik üzərindəki suverenliyini pozmayacaq.

Moskva israr edir ki, üçtərəfli bəyanatda dəhlizə Rusiya sərhədçilərinin nəzarət etməsi nəzərdə tutulub.

Rusiya Paşinyanı onun özünün imzaladığı razılaşmanı pozmaqda ittiham edir.

Bütün bu mübahisələrin davam etdiyi bir vaxtda Bakı və Yerevan bəyan etmişdilər ki, sülh müqaviləsinin imzalanmasına əngəl törədən dəhliz məsələsinin müqavilə layihəsindən çıxarılması barədə razılığa gəliblər.

“Rusiya Ermənistanla problemini çözmək üçün...”

Təsnim bu barədə yazıb:

“Vladimir Putinin bu yaxınlarda Bakıya səfərindən sonra yüksək vəzifəli Rusiya məmurları Cənubi Qafqaz regionunda nəqliyyat yollarının açılması zərurətinə dair bəyanatlar veriblər. Onların bu bəyanatlarının İranın bəyan edilmiş mövqeləri ilə ziddiyyət təşkil etməsi diqqətdən yayınmamalıdır”.

Məqalədə bu da qeyd olunur ki, Rusiya XİN-in bəyanatı İranın gözləntilərinə cavab vermir.

Xatırladılır ki, Ukrayna müharibəsinin qızğın vaxtında ABŞ-ın “NATO libasında” Cənubi Qafqaza soxulmaq cəhdlərinin qarşısını Tehran təkbaşına ala bilib.

Məqalə müəllifi Rusiyanın “Zəngəzur dəhlizi” məsələsini niyə məhz indi qaldırmasından da təəccüb bildirir.

Məqalədə deyilir ki, Moskvanın bu məsələni İran və Rusiyanın strateji partnyorluq barədə saziş imzalamağa hazırlaşdıqları bir vaxtda qaldırması təəccüb doğurur:

“Belə bir təəssürat yaranır ki, Rusiya XİN, Rusiyanın Ermənistanla problemini bu xəyali “Zəngəzur dəhlizi”ndən istifadə ilə həll etməyə çalışmaqla səhvə yol verir. İran belə bir dəhlizin yaradılmasına yol verməyəcəkdir”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

XS
SM
MD
LG