Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:24

Mirzoyan: ‘Müqavilə layihəsinin 10-cu redaksiyasına tam razılaşdırılmış mətn daxildir’


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 9-da bəyan edib ki, Yerevan sülh müqaviləsi layihəsinin 10-cu redaksiyasını Bakıya təqdim edib və bu redaksiyaya müqavilənin tam razılaşdırılmış mətni daxildir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, Ararat Mirzoyan lüksemburqlu həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib:

"Ermənistan sülh müqaviləsi layihəsinin onuncu redaksiyasını Azərbaycana təqdim edib və heç kim üçün sirr deyildir ki, bu redaksiyaya tam razılaşdırılmış mətn daxildir. Biz indi Azərbaycan tərəfinin cavabını gözləyirik”.

O əlavə edib ki, Yerevan müqavilənin ən qısa bir zamanda imzalana biləcəyinə inanır:

"Bizim hələ ki, mətnlə bağlı fikir ayrılığımız yoxdur, amma məsələ burasındadır ki, Azərbaycan bəzən mətnə başqa ön şərtlərin və danışıqlar prosesinə başqa problemlərin daxil edilməsini istəyir. Bizim yanaşmamız budur ki, biz razılaşdırılmış mətni günlər ərzində imzalaya bilərik. Əlbəttə bütün məsələləri bir mətnlə, bir müqavilə ilə yoluna qoymaq mümkün deyil. Hər iki tərəfdən maraq olarsa, qalanı sonrakı danışıqlarda müzakirə olunacaq”.

Bu ayın əvvəllərində Ermənistanın müqavilənin 10-cu redaksiyasının mətnini Bakıya təqdim etdiyi məlum olmuşdu. Lakin Bakı bəyan etmişdi ki, Yerevan bir neçə mühüm məqamları müqavilə layihəsindən kənarda qoyub.

Qalan üç maddə qismən razılaşdırılıb

İki ölkə arasında demarkasiya komissiyalarının imzaladıqları razılaşmadan danışan Mirzoyan demişdi ki, baza olaraq Almatı bəyannaməsi götürülüb:

“Əgər sülh müqaviləsinə hər hansı başqa prinsip daxil edilərsə, biz bu mətnə uyğun şəkildə düzəliş edəcəyik. Başqa bir prinsip müzakirə olunmayıb”.

Azatuyunun müqavildə neçə maddə olduğuna dair sualına cavab verərkən Mirzoyan deyib ki, ola bilsin baş nazir Nikol Paşinyan preambula məsələsinə ayrılıqda baxır, lakin söhbət texniki olaraq razılaşdırılmış 16 maddədən gedir.

Xarici işlər nazirinin sözlərinə görə qalan üç maddə “qismən razılaşdırılmış” hesab olunur.

Bundan əvvəl Nikol Paşinyan 17 maddədən 13 maddənin razılaşdırıldığını demişdi.

Naxçıvan-Azərbaycan nəqliyyat əlaqəsi

Başqa bir suala cavab verərkən Mirzoyan deyib ki, Naxçıvan və Azərbaycan arasında Sünikdən keçəcək nəqliyyat kommunikasiyasına üçüncü bir özəl şirkətin nəzarət etməsi məsələsi müzakirə olunmur:

“Bu, bizim üçün qeyri-məqbuldur, biz tamamilə başqa məsələlərdən danışırıq. Əslində adamlarda təhlükəsizlik hissinin gücləndirilməsi üçün bu işə hər iki ölkə, məsələn yük və sərnişin daşımaları üçün qatarların bilavasitə içində olmaqla lisenziyalı özəl holdinq cəlb oluna bilər. Bu, müzakirə edilməli variantlardan yalnız biridir”.

Mirzoyan deyib ki, yol boyunca üçüncü tərəf kimi hər hansı dövlətin və ya özəl şirkətin yerləşdirilməsi Yerevan üçün qeyri-məqbuldur.

Ötən həftə Azərbaycan prezidneti İlham Əliyev bəyan etmişdi ki, sülh müqaviləsi mətninin 80 faizinə dair razılaşma əldə olunub.

Mirzoyanın dediklərinə Bakıdan reaksiya

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sentyabrın 9-da dediklərinə Azərbaycan Xarici İşlər Nazirliyindən cavab verilib.

Nazirliyin sözçüsü Ayxan Hacızadə deyib ki, Ermənistan tərəfi, Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib:

“Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən 80 faiz razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb.”

Onun vurğulamasına görə, “ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır”.

Ayxan Hacızadənin deməsinə görə, saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə Azərbaycana qarşı ərazi iddialarına istinad edən Konstitusiyasına müvafiq dəyişikliklər etməlidir:

“Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib”.

Onun deməsinə görə, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb.

Ölkənin qərb bölgələrini Naxçıvanla birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı öhdəliklərdən bəhs edərəkən rəsmi Bakı 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata istinad edir.

Amma Rusiya həmin kommunikasiyalara onun nəzarət etməsini istəsə də, rəsmi Yerevan bunu Ermənistanın süverenliyinə təhdid sayaraq qəbul etmir.

Ermənistan rəsmiləri 2027-ci ildə ölkə konstitusiyasına dəyişiklik nəzərdə tutduqlarını açıqlayıblar.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

XS
SM
MD
LG