Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:08

Ermənistanda 'Qarabağın itirilməsi'nin ildönümü qeyd edilib. Hökumət tədbirə qatılmayıb


Yerablur panteonunda mərasim
Yerablur panteonunda mərasim

Ermənistanda müxalifət nümayəndələri və Qarabağın keçmiş separatçı liderləri ermənilərin bölgədən hamılıqla köçünün birinci ildönümünü Yerevan hərbi qəbirstanlığını ziyarət etməklə qeyd ediblər.

Azərbaycan 2023-cü ilin 19 sentyabrında Qarabağda keçirdiyi hərbi əməliyyat nəticəsində bölgə üzərində tam suverenliyini bərpa edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan hökuməti bu münasibətlə heç bir mərasim təşkil etməyib və başqa tədbirlərə qatılmayıb.

Azatutyun yazır ki, sentyabrın 19-da 24 saat davam edən hərbi əməliyyatın ardınca bölgənin separatçı liderləri silahlı birləşmələrini buraxmaq barədə qərar veriblər. Bunun ardınca bir neçə gün ərzində Qarabağın erməni əhalisi bölgəni demək olar tamamilə tərk edib.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə Qarabağda keçirilmiş əməliyyat nəticəsində 198 erməni hərbçi və 25 mülki həlak olub.

Azərbaycan tərəfi də bu əməliyyatda 200-dək hərbçisini itirdiyini açıqlayıb.

Ermənistan XİN-in ehtiyatlı bəyanatı

Ermənistan Xarici İşlər Nazirliyi sentyabrın 19-da verdiyi bəyanatda erməni əhalinin Qarabağdan çıxışını “etnik təmizləmənin son mərhələsi” adlandırıb. Bəyanatda Azərbaycanın keçirdiyi hərbi əməliyyat pislənməyib.

Azatutyun yazır ki, Ermənistan XİN-in bəyanatında Qarabağ ermənilərinin evlərinə qayıdışı məsələsinə də toxunulmayıb. Əvəzində Ermənistanın Azərbaycanla sülh və normal münasibətlərə can atdığı vurğulanıb.

Buna baxmayaraq Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanatdakı “etnik təmizləmə” istilahına kəskin reaksiya verib. Nazirliyin sözçüsü Ayxan Hacızadə deyib ki, Azərbaycan sözü gedən əməliyyatla suverenliyini və ərazi bütövlüyünü bərpa edib.

Qarabağın sonuncu separatçı “prezidenti” Samvel Şahramanyan Yerevandakı Yerablur hərbi panteonunda keçirilən mərasimdə deyib:

“Döyüşlər nəticəsində xalqımız öz yurdunu tərk etməli olub və biz öz həyatları bahasına yurdumuzu müdafiə edənlərin adlarını daim xatırlayacağıq”.

Anti-Paşinyan keşiş də mərasimdə olub

Bu da xəbər verilir ki, Yerablurda “Artsax (Qarabağ-red) dyakonluğunun” ibadət mərasimi də keçirllib.

Yerablurdakı mərasimdə Paşinyan hökumətinə qarşı kütləvi aksiyalara başçılıq etmiş keşiş Baqrat Qalstanyan, Ermənistanın aparıcı müxalifət qrupları da iştirak ediblər.

2023-cü ilin sentyabrında həlak olmuş Qarabağ döyüşçüləri məhz burada dəfn olunublar.

Mərasimə toplaşanlar “Qarabağın süqutuna” görə yenə də baş nazir Nikol Paşinyanı ittiham ediblər.

Millətçi Daşnaksutyun partiyasının liderlərindən İşxan Saqatelyan deyib ki, Paşinyan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımaqla “onun cinayətkar hərəkətlərini legitimləşdirib”.

Ermənistan baş naziri son bir il ərazində Qarabağ məsələsinin onun hökuməti üçün qapandığını bir neçə dəfə bəyan edib.

Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan isə bu ayın əvvəllərində deyib ki, Şahramanyan və başqa köçkün separatçı liderlər bundan sonra Qarabağ ermənilərini təmsil edə bilməzlər, çünki belə bir “hüquqi vahid” artıq mövcud deyil.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarəti bərpa edib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG