Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:18

Zelenski ABŞ-də silah zavodunda olub


Volodimir Zelenski Skranton sursat zavoduna baş çəkib.
Volodimir Zelenski Skranton sursat zavoduna baş çəkib.

Ukrayna prezidenti Volodimir Zelenski Pensilvaniyada silah zavodunda olub. Bu zavodda onun ölkəsinin Rusiya işğalına qarşı mübarizəsi üçün vacib sursat istehsal edilir. Zelenski bu həftə ABŞ-də prezident Co Bayden (Joe Biden) və digər liderlərlə görüşməlidir.

Skranton zavodu ABŞ-da 155 mm-lik artilleriya mərmiləri istehsal edən azsaylı müəssisələrdəndir. 2022-ci ildə müharibə başlayandan Ukrayna milyonlarla belə komplekt mərmi işlədib.

Ukrayna prezidenti Rusiyanın dərinliklərində aerodromları, silah depolarını vurmaq üçün ABŞ-nin uzaqvuran raketlərindən istifadəyə icazə alacağına ümid edir. Zelenski daha öncə deyib ki, prezident Baydenlə görüşdə döyüşdə qələbə üçün planını açıqlamalıdır. Söhbət Rusiya ilə qarşıdurmada strateji plandan və Ukraynanın şərtləri əsasında sülh əldə etməkdən gedir.

"Bloomberg"in yazdığına görə, plana Ukraynanın ilin sonunadək NATO-ya üzvlük üçün rəsmi dəvət almasının vacibliyi də qeyd olunub.

Zelenski BMT-nin Baş Məclisində çıxış edəcək. Sentyabrın 26-da isə Ağ evdə ABŞ prezidenti Co Baydenlə görüşməlidir. Zelenskinin ABŞ prezidentliyinə hər iki namizəd – Kamala Harris Donald Trampla görüşləri planlaşdırılır.

Ukrayna prezidenti ABŞ-yə gedərkən yazdığı videomüraciətində deyib ki, "bu payız bu müharibədə daha sonra nə olacağı həll olunur".

O, "The New Yorker" nəşrinə müsahibəsində prezident Baydenin Ukraynanın planına dəstək verməməsi fikrini "dəhşətli" adlandırıb. Onun sözlərinə görə, bu, böyük qurbanlarda çox uzun müharibəyə səbəb olardı.

Hazırda Rusiya qüvvələri Ukraynada bir neçə istiqamətdə hücuma keçiblər. Özəlliklə, Donetsk vilayətində Pokrovsk, Kuraxovo və Uqledar istiqamətlərində müdafiəyə təhdid yaranıb. Ukrayna qüvvələri isə Kursk vilayəti istiqamətində əməliyyatları davam etdirirlər. Onlar avqustun əvvəlində girdikləri bu vilayətdə tutduqları ərazilərin böyük hissəsində əllərində saxlayırlar.

ABŞ prezidenti Co Bayden Ağ Evin Oval kabinetində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşür. 2023
ABŞ prezidenti Co Bayden Ağ Evin Oval kabinetində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşür. 2023

Zelenskinin planında nələr var

Ukrayna prezidenti Volodimir Zelenskinin bu həftə ABŞ-də açıqlamaq istədiyi "qələbə planı"na ilk növbədə Qərbin Ukraynaya uzunmüddətli dəstək qarantiyaları verməsi daxildir. Bu barədə Britaniyanın "The Sunday Times" qəzeti yazır. Həm də qarantiyalar elə olmalıdır ki, ABŞ-nin yeni administrasiyası, o cümlədən noyabr seçkilərində respublikaçı Donald Tramp qalib gələrsə belə, ondan imtina edə bilməsin.

Zelenskinin həmin planı prezident Co Baydenə və digər liderlərə təqdim edəcəyi bildirilir.

Qəzetin mənbələrə istinadla yazdığına görə, Zelenskinin planının dörd əsas bəndi arasında təhlükəsizlik təminatı əsas yeri tutur. Belə bir təminat mahiyyətcə NATO-nun kollektiv müdafiə sazişinin beşinci müddəasına uyğundur. Planın daha bir bəndi isə Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində, xüsusilə Kursk vilayətində əməliyyatlarını davam etdirməsinə dəstək nəzərdə tutur. Bundan başqa, plana Ukraynaya müasir silahların və beynəlxalq maliyyə yardımı ayrılmasına qarantiya vermək daxildir.

Bundan öncə bəzi nəşrlər yazıblar ki, plana Ukraynanın NATO-ya daxil olmasına rəsmi dəvət, Rusiyanın dərinliklərini uzaqvuran Qərb silahları ilə vurmağa icazə verilməsi daxildir. Plan, hələlik, rəsmən dərc olunmayıb.

"The Sunday Times" mənbələrə istinadla onu da yazır ki, Bayden Zelenskinin səfəri zamanı uzaqvuran silahlara qadağanın qaldırılmasını açıq elan etməyə bilər. Britaniyanın "The Guardian" qəzetinin yazdığına görə, bu barədə qərar məxfi verilə bilər.

Rusiya hökuməti daha öncə Qərbi belə bir qərarın nəticələri ilə bağlı təhdid edib.

Ukraynaya təhlükəsizlik qarantiyalarının necə rəsmiləşdiriləcəyi də bəlli deyil. ABŞ daxil olmaqla bir sıra Qərb ölkələri dəfələrlə vurğulayıblar ki, Ukraynaya yardım göstərməklə yanaşı, Rusiya ilə birbaşa silahlı münaqişədən yayınmaq istəyirlər.

XS
SM
MD
LG