Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 11:55

Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh əlçatandır


Nikol Paşinyan
Nikol Paşinyan

"Ermənistanla Azərbaycan arasında sülh təkcə mümkün deyil, həm də əlçatandır". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 26-da BMT Baş Assambleyasındakı çıxışında deyib.

O, belə düşünməsinin bir neçə səbəbini sadalayıb. Birincisi, tərəflərin avqustun 30-da sərhədlərin delimitasiyası üzrə komissiyaların Birgə Fəaliyyətinin Əsasnaməsini imzalamasıdır. Bu, tərəflərin imza atdığı ilk ikitərəfli hüquqi sənəddir: "Bu sənədi vacib edən odur ki, Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsini iki ölkə arasında sərhəd delimitasiyasının əsas prinsipi elan edirlər".

Onun sözlərinə görə, bu isə o deməkdir ki, tərəflər de-yure bir-birinin ərazi bütövlüyünü, Sovet İttifaqı dövründə mövcud olmuş sərhədlərin toxunulmazlığını tanıdıqlarını təsdiqləyirlər. "Bu isə sülhün qurulması üçün fundamental faktordur", - Paşinyan bildirib.

Baş nazir növbəti addım kimi ikitərəfli sülh sazişinin imzalanmalı olduğunu deyib.

"Azərbaycan prezidenti və mən dəfələrlə demişik ki, sazişin azı 80 faizi razılaşdırılıb. İndi bu tarixi məqamdan yararlanaraq dalana dirənmək riskindən yayınmaq üçün Ermənistan saziş layihəsini imzalamağı,... bundan sonra qalan məsələlər üzrə danışıqları davam etdirməyi təklif edir. Bunu indi etməyə hazırıq", – Paşinyan vurğulayıb.

O, bütün məsələləri tənzimləyən sülh sazişi presedentinin olmadığını, bunun praktik mümkün olmadığını vurğulayıb. Paşinyanın sözlərinə görə, sülh sazişi layihəsində iki ölkə arasında diplomatik əlaqələrin qurulması, sülh sazişinin icrasına nəzarət edəcək birgə komissiyanın yaradılması kimi alətlər var.

'Heç kim qayıtmaq istəmir' - Qarabağ erməniləri Bakının planı ilə razılaşacaqmı?
Gözlə

No media source currently available

0:00 0:14:12 0:00

"Konstitusiya Məhkəməsi qərara gəlsə ki..."

Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişiklik olunmasını tələb kimi qoyub, bu sənəddə Azərbaycana qarşı ərazi iddialarının olduğunu bildirir. N.Paşinyan bu iddiaları əsassız adlandırıb, əksinə, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı iddiaların olduğunu deyib. Ancaq Azərbaycan daha öncə bu iddiaları təkzib etmişdi.

Ermənistanın baş naziri deyir ki, sülh sazişinin imzalanması həm Ermənistan, həm də Azərbaycanın narahatlığına son qoyacaq, bu məsələlərlə bağlı hüquqi təminatlar yaradacaq.

"Ermənistan konstitusiya ilə ziddiyyət təşkil edən sazişlər ratifikasiya olunmaya bilər. Bu halda, Azərbaycanla sülh sazişi imzalanandan sonra onun konstitusiyaya uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə təqdim etməliyik. Konstitusiya Məhkəməsi qərara gəlsə ki, Azərbaycanla sülh sazişi Ermənistan Konstitusiyasına uyğun gəlmir (baxmayaraq ki, ekspertlərimiz bunun baş verməyəcəyini deyirlər), o zaman spesifik vəziyyət yaranacaq, sülhün əldə olunması üçün konstitusiyaya dəyişikliklər gərəkəcək", – Paşinyan deyib.

"Sülh bizə o qədər yaxındır ki..."

"Gördüyünüz kimi, sülh bizə o qədər yaxındır ki, bizə yalnız ona çatıb əldə etmək qalır. Bu Ermənistan və Azərbaycan üçün asan deyil, çünki hərəmizin öz həqiqəti var, həmin həqiqətlər uğrunda mübahisələr düşmənçiliyə, itkilərə, müharibələrə aparıb. Ağrı çox dərindir", – o deyib və sülhə fokuslanmağın gərəkdiyini sözlərinə əlavə edib.

N.Paşinyan Ermənistan hökumətinin "Sülh Qovşağı" layihəsindən də danışıb. Deyib ki, layihənin məqsədi təkcə Ermənistanla Azərbaycan arasında avtomobil və dəmir yollarını, digər kommunikasiyaları açmaqla bağlı deyil. Həmçinin məqsəd Ermənistan, Azərbaycan, Türkiyə və bütöv regionda kommunikasiyanı təmin etmək, kəmər və kabellərin keçməsinə imkan yaratmaqdır.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Ermənistanla sülh sazişi imzalanmayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG