Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 11:42

İsrail qoşunları Livanda 'hədəfli və dəqiq' quru əməliyyatlarına başlayır


Beyrutun cənubuna hava zərbələri endirilir
Beyrutun cənubuna hava zərbələri endirilir

İsrail qoşunlarının İranın dəstəklədiyi "Hizbullah" ilə "ağır döyüşlər" apardığını bildirir.

"Livanın cənubunda ağır döyüşlər gedir. Sizin şəxsi təhlükəsizliyiniz naminə Litani çayının şimalından cənubuna doğru avtomobillə hərəkət etməməyinizi xahiş edirik", – İsrail ordusunun sözçüsü Aviçay Adrae Telegram-da ərəbcə yazıb. Litani çayı Livanın cənubunda yerləşir.

İsrail Livandakı əməliyyatlara elit 98-ci diviziyanın cəlb olunduğunu, "Hizbullah"ın istehkamlarını hədəfə alacağını bildirib. Sözügedən diviziya bu yaxınlarda Qəzzanın şimalına da yerləşdirilib.

***

İsrail sentyabrın 30-da gecə bildirib ki, qoşunları Livanın cənubunda “hədəfli və dəqiq” quru əməliyyatına başlayıb. Məqsədin İranın dəstəklədiyi, Birləşmiş Ştatların terrorçu təşkilat saydığı Hizbullaha qarşı əməliyyatlar aparmaq olduğu bildirilir.

Münaqişə zonası
Münaqişə zonası

Avropa İttifaqı (Aİ) bu qruplaşmanın siyasi deyil, silahlı qanadını qara siyahısa salıb. Hizbullahın siyasi partiyası Livan parlamentində yerlərə sahibdir.

Dünya liderləri gərginliyi azaltmaq çağırışları etdikləri bir vaxtda İsrail Hizbullaha təzyiqi saxlayacağını bildirib, Livanla şimal sərhədinin bəzi hissələrində hərbi zona elan edib.

“Siyasi eşelonun qərarına uyğun olaraq, bir neçə saat öncə İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda Hizbullahın terrorçu hədəfləri və infrastrukturuna qarşı dəqiq kəşfiyyat məlumatları əsasında məhdud, lokallaşdırılmış və hədəfli quru reydlərinə başlayıb”, – İMQ bəyanatında deyir.

“Bu hədəflər sərhədə yaxın kəndlərdə yerləşir, İsrailin şimalında İsrail icmalarına qarşı birbaşa təhdid yaradır”, – bəyanatda vurğulanır.

ABŞ prezidenti Co Bayden (Joe Biden) yaxın müttəfiqinin belə bir addımına qəti qarşı olduğunu bildirmişdi.

Hizbullahın dəstək bazası Livandakı şiə icmasından kənara çıxmır, bu icmada heç də hər kəs bu qruplaşmanı dəstəkləmir.

Müdafiə naziri: “Bu, son deyil”

“Hizbullaha qarşı müharibənin yeni mərhələsi tezliklə başlayacaq”, – müdafiə naziri Yoav Qallant sentyabrın 30-da bildirib. ABŞ Dövlət Departamenti isə İsrail xüsusi qüvvələrinin Hizbullaha qarşı kiçik quru reydlərinə başladığını, şimal sərhədi boyunca icmaları təcrid etdiyini bildirib.

“Biz tələb olunacaq bütün vasitələrdən – qüvvələrinizdən, digər qüvvələrdən, havadan, dənizdən, torpaqdan istifadə edəcəyik. (Hizbullah lideri Həsən) Nəsrullahın məhvi vacib addımdır, amma son deyil”, – Qallant əsgərlərinə deyib.

İsrail Nəsrullahı sentyabrın 27-də Beyruta və ətrafına, Livanın cənubuna kütləvi hava zərbələri nəticəsində qətlə yetirib. Zərbələrdən Hizbullahın çoxsaylı liderləri, qadağan olunmuş silahlı qruplaşmanın digər üzvləri həlak olub.

Hizbullah rəhbərinin müavini Naim Qasım televiziya ilə çıxışında deyib ki, döyüşçüləri “İsrail quru hücumuna başlayarsa, buna hazırdır”.

Hizbullah silahlı qruplaşması və siyasi partiyası Livanın cənubuna nəzarət edir.

İran Livana qüvvə yeritməyəcəyini bildirib

İran bildirib ki, İsrailə qarşı savaşmaq üçün Livana, yaxud Qəzza zolağına qüvvə yeritməyəcək. Bir ilə yaxındır İsrail Qəzza zolağında HƏMAS-a qarşı əməliyyatlar aparır. ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS oktyabrın 7-də İsrailin cənubuna girərək mindən çox insanı qətlə yetirib. Bundan sonra İsrail Qəzzaya zərbələr endirməyə başlayıb.

İsrail ordusu İranın dəstəklədiyi digər silahlı qruplara hücumları da artırıb. Yəmənin Hodeyda limanını vurub. Bu liman Tehranın müttəfiqləri olan husilərin nəzarətindədir.

Hizbullah 1982-ci ildə təsis olunandan bəri ən ağır itkilərini verir. Qruplaşma İranın İslam İnqilab Keşikçiləri Korpusunun dəstəyi ilə İsrailin Livanı işğalının qarşısının alınması məqsədilə yaradılıb.

Nəsrullah həmin münaqişədə iştirak üçün Hizbullaha qoşulub, 1992-ci ildə onun lideri olub. O, Hizbullahı Livanın ən güclü hərbi və siyasi qüvvəsinə çevirə bilmişdi.

XS
SM
MD
LG