Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 01:12

'Hizbullah' lideri Haşim Səfiəddin kimdir? 


Haşim Səfiəddin
Haşim Səfiəddin

Haşim Səfiəddin "Hizbullah" silahlı qruplaşmasının İsrail tərəfindən qətlə yetirilmiş lideri Həsən Nəsrullahın xalası oğlu və potensial varisidir.

Həm silahlı qruplaşma, həm də siyasi partiya olan "Hizbullah" Livanın cənubunda böyük əraziyə nəzarət edir. ABŞ onu terrorçu təşkilat sayır, Aİ isə yalnız siyasi qanadını qara siyahıya salıb.

İsrailin oktyabrın 3-də axşam Livanın paytaxtı Beyruta zərbələrlə Səfiəddini hədəfə aldığı bildirilir. Ancaq onun ölüb-ölmədiyi aydın deyil.

İranla sıx əlaqələri olan şiə ruhanisi Səfiəddin "Hizbullah"a qruplaşma 1980-ci illərdə təsis olunandan az sonra qoşulub.

Onun Nəsrullahı əvəzləyəcəyi bildirilir. "Hizbullah"a uzun müddət liderlik etmiş Nəsrullah sentyabrın 27-də öldürülüb.

""Hizbullah"ı öz ətrafında birləşdirə biləcək"

Səfiəddin "Hizbullah"ın siyasi işlərinə nəzarət edən icraedici qanadının başında dayanır. O, həmçinin qərarlar verən şuranın, qrupun hərbi əməliyyatlarını idarə edən Cihad Şurasının üzvüdür.

Birləşmiş Ştatlar 2017-ci ildə Səfiəddini terrorçu elan edib.

Saqqallı, eynəklə gəzən Səfiəddin Nəsrullah kimi qara əba geyinir,

"Nəsrullahın xalası oğlu və çoxdan təxmin edilən varisi kimi o, "Hizbullah"ı öz ətrafında birləşdirə biləcək", – Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutundan Mettyu Levitt (Matthew Levitt) AzadlıqRadiosuna deyib.

"Ancaq onda Nəsrullahın xarizması yoxdur, əvvəlki varlığının kölgəsi olan bir təşkilatı miras alır", – "Hizbullah" barədə kitab müəllifi olan Levitt vurğulayır.

İranın ali dini lideri Əli Xamenei Həsən Nəsrullahı 2000-ci ildə Tehrandakı ofisində qarşılayır.
İranın ali dini lideri Əli Xamenei Həsən Nəsrullahı 2000-ci ildə Tehrandakı ofisində qarşılayır.

"Hizbullah"ın çətinlikləri

İsrailin Nəsrullahı öldürməsi "Hizbullah"ın 42 illik tarixində ona ən böyük zərbə idi. Bu şiə təşkilatı son aylar bir sıra böyük uğursuzluqlarla üzləşib. İsrail qruplaşma rəhbərliyinin xeyli üzvünü qətlə yetirib, onun hərbi arsenalının əhəmiyyətli hissəsini neytrallaşdırıb, kommunikasiyalarını sıradan çıxarıb.

Nəsrullah "Hizbullah"a 30 illik liderliyi dövründə şiə İranı ilə sıx əlaqələr qurub. Tehrandan ciddi maliyyə və siyasi yardım alan Nəsrullah "Hizbullah"ı Livanda güclü siyasi və hərbi quruma, regionda böyük oyunçuya çevirib.

Livanın cənubunda doğulmuş Səfiəddin də islam respublikasına sıx bağlıdır. O, İranın mərkəzindəki şiələrin müqəddəs Qum şəhərində təhsil alıb. Qardaşı "Hizbullah"ın İrandakı təmsilçisidir.

Səfiəddinin oğlu İran komandiri Qasım Süleymaninin qızı ilə evlidir. Süleymani 2020-ci ildə ABŞ-nin İraqa dron zərbəsi ilə qətlə yetirilib.

XS
SM
MD
LG