ABŞ-də kritik prezident seçkisində keçmiş prezident Donald Tramp demokratlardan rəqibi Kamala Harris üzərində üstünlüyünü saxlayır. Onun Şimali Karolinada qələbəsi Harrisin qələbə şansını azaldıb.
5 noyabr seçkisinin Rusiyanın Ukraynadakı müharibəsi, Yaxın Şərqdə münaqişələr, digər qlobal məsələlərə böyük təsirləri olacağı gözlənilir.
Belçikada seçkini izləyənlər
Amerikalıların səs verdiyi, nəticələrin hesablandığı bir vaxtda Belçika paytaxtında siyasətçilər, diplomatlar, təhlilçilər, adi amerikalılar və avropalılar nəticələri izləməyə yığışıblar.
Brüsseldə belə bir izləmə tədbiri təşkil edən Lari Moffet (Larry Moffett) deyib ki, seçkiyə maraq ABŞ siyasətinin dünyanın qalan hissəsinə dərin təsirini əks etdirir: "Burada, Avropanın paytaxtı Brüsseldə Avropa siyasətinə qatılan bir çox adam yığışıb. Məncə, onların ABŞ seçkisinə marağı təbiidir, çünki bu gecə baş verənlər Avropa və ABŞ-nin münasibətlərinin gələcəyini müəyyənləşdirə bilər... Ona görə də buraya bu qədər amerikalı, belçikalı və avropalı yığışıb".
Azı iki– "NBC News" və "AP VoteCast"ın keçirdiyi ekzit-pollar göstərib ki, amerikalı seçicilər üçün Harrisin seçki kampaniyasında qaldırdığı demokratiya məsələsi ən vacib məqamlardan biridir.
Hər 10 seçicidən dördü iqtisadiyyat və iş yerlərini ölkənin üzləşdiyi ən böyük problem sayır. Hər 10 seçicidən ikisi üçün ən vacibi – immiqrasiya, biri üçün abort məsələləridir.
+++
Tramp Şimali Karolinada qalibdir. Bu, nəticəsi bilinən ilk həlledici ştatdır.
Respublikaçılar 2020-ci ildə bu ştatda udmuşdu, ancaq bu dəfə nəticənin Harrisin xeyrinə dəyişə biləcəyi ehtimal olunurdu.
Harris isə Oreqon ştatında qalib gəlib.
+++
Seçkidə qələbə üçün həlledici ştatlar Arizona, Corciya, Miçiqan, Şimali Karolina, Nevada, Pensilvaniya, Viskonsindir.
***
ABŞ-də gərgin və tarixi prezident seçkisində bir sıra ştatlarda artıq səslər sayılır.
Seçkidə mübarizə iki namizəd – keçmiş prezident, respublikaçı Donald Tramp və vitse-prezident, Demokratlar partiyasından Kamala Harris arasında gedir.
AP indilik seçkidə sürpriz olmadığını yazır. Tramp adətən respublikaçılara, Harris isə demokratlara səs verən ştatlarda qələbə qazanıb.
Corciya, Şimali Karolina və Pensilvaniya kimi tərəddüdlü ştatlarda isə ağırlıq mərkəzi dəyişir.
AP yazır ki, Corciyada bülletenlərin 80 faizi sayılandan sonra Tramp 5 faiz fərqlə önə çıxıb. Şimali Karolinada isə bülletenlərin 63 faizi sayılıb və Tramp 5 faiz fərqlə öndədir.
Pensilvaniyada bülletenlərin üçdə biri sayılıb və Harris 4 faizlə önə çıxıb.
Seçicilər Kollegiyasının 270 səsini qazanan ilk namizəd ölkənin 47-ci prezidenti olacaq.
Harris və Tramp kollegiyada 270 səs yığa bilməsə, yanvarda Nümayəndələr Palatası prezidenti seçəcək, Senat isə növbəti vitse-prezidentin kimliyini müəyyənləşdirəcək.
***
Budəfəki seçkidə seçici fəallığının rekord vuracağı, 2020-ci ildəki 66.8 faizi keçəcəyi gözlənilir.
Kollegiyada 19 səslə təmsil olunan İllinoys ştatında Harris qalib gəlib. Bu ştatın ən böyük şəhəri Çikaqoda azı 50 min etnik ukraynalı yaşayır, onlardan 30 mini Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan sonra gəlib.
Özünü ukraynalı amerikalı kimi təqdim edən bir qadın seçici AzadlıqRadiosuna deyib: "İnanıram ki, Birləşmiş Ştatlar Ukraynaya dəstəyi davam etdirməyə borcludur, onların imzaladığı memorandum da bunu nəzərdə tutur".
***
"Reuters" yazır ki, Tramp öz sosial mediaya hesabında Pensilvaniya ştatında səsvermə zamanı "kütləvi fırıldaqçılıq" haqqında söhbətlər getdiyini yazıb.
Filadelfiya rəsmiləri isə Trampın bu iddialarını inkar ediblər, heç bir fırıldağın olmadığını bildiriblər.
Corciya ştatı rəsmiləri isə bildiriblər ki, səsvermə günü seçki məntəqələrində bomba təhdidi ilə bağlı mesajlar səslərin sayılması prosesini bir qədər yubada bilər.
***
"The Associated Press" yazır ki, səsvermə günü bəzi seçki məntəqələrində texniki problemlər yaşanıb. Məsələn, Arizona ştatının Apaçi dairəsində ondan çox seçki məntəqəsindəki printerdə texniki nasazlıq seçicilərin uzun müddət gözləməsinə səbəb olub.
Bomba hədələrindən sonra Corciya ştatındakı beş seçki məntəqələrində səsvermənin vaxtı uzadılıb. Bu həmin məntəqələrdir ki, əsassız bomba təhdidlərinə görə onlarda səsverməyə qısamüddətli fasilə verilmişdi. Luivildə isə səhər saatlarında gecikmə olmasına baxmayaraq, səsvermə saatı uzadılmayıb, hakim uzatma ilə bağlı qərar çıxarmaqdan imtina edib.
Vaşinqtonda polis məşəl və siqnal tapançası ilə ABŞ Konqresi binasına girməyə çalışan və yanacaq iyi verən şəxsi həbs edib. ABŞ Kapitoli polisi bildirib ki, adam Kapitoli Ziyarətçi Mərkəzində təhlükəsizlik yoxlaması zamanı saxlanılıb. Rəsmilər günün qalan hissəsi üçün Kapitoliyə ictimai turları ləğv ediblər.
ABŞ-də bəzi seçki məntəqələri bomba təhlükəsi mesajı alıb
ABŞ-nin bir neçə ştatında seçki məntəqələri bomba təhdidlərinin hədəfi olub və onların əksəriyyətinin Rusiya domenlərindən qaynaqlandığı görünür. Bu barədə ABŞ Federal Təhqiqat Bürosu (FBI) noyabrın 5-də məlumat yayıb.
AzadlıqRadiosu ölkə rəsmilərinə istinadən yazır ki, Corciya ştatında azı iki seçki məntəqəsi təhdidlərə görə yarım saatlıq boşaldılıb.
Corciya ştatının dövlət katibi Bred Raffensperqer bomba hədələrinin arxasında Rusiyanın müdaxiləsinin dayandığını deyib: "Görünür, onlar aranı qarışdırmaq istəyirlər. Onlar bizim rəvan, ədalətli və dəqiq seçki keçirməyimizi istəmirlər və əgər bizim aramızda nifaq sala bilsələr, bunu qələbə kimi qiymətləndirəcəklər".
FBI açıqlamasında məntəqələrin heç birində bomba tapılmadığını deyib.
FTB rəsmisi "Reuters"ə bildirib ki, təkcə Corciya seçki günü 20-dən çox saxta bomba mesajı alıb.
ABŞ-də gərgin və tarixi prezident seçkisi başlanır
Noyabrın 5-də amerikalılar tarixi prezident seçkisinə gedirlər. Ölkə üzrə seçicilər siyasi baxımdan bölünüb və səsvermənin nəticəsini yeddi həlledici ştatın müəyyən edəcəyi gözlənilir. Seçkidə mübarizə iki namizəd – keçmiş prezident, respublikaçı Donald Tramp (Donald Trump) və vitse-prezident, Demokratlar partiyasından Kamala Harris arasında gedir.
Seçkilər bəzi şərq ştatlarında yerli vaxtla səhər 5-də (Bakı vaxtı ilə 14:00) başlanır. Alyaska və Havay kimi uzaq qərb ştatlarında isə axşam saatlarına qədər davam edəcək.
Seçkinin nəticələrinin bilinməsi məntəqələr bağlanandan bir neçə gün sonraya uzana bilər. Pensilvaniya kimi bəzi ştatlarda poçtla göndərilən bülletenlərin sayılması ləng gedəcək.
Seçici fəallığının 2016 və 2020-ci illərdəkindən daha yüksək olacağı bildirilir.
Federal seçki rəsmiləri noyabrın 4-də axşam xəbərdarlıq ediblər ki, Rusiya və İran seçkiyə təsir kampaniyasını gücləndirir, ABŞ-də seçicilər arasında narazılıq səpməyə çalışırlar, məqsədləri də seçki məmurlarına qarşı zorakılıq təşviq etməkdir.
Tramp üçüncü dəfədir prezidentliyə namizəd olur. O, 2020-ci ildə indiki prezident Co Baydenə (Joe Biden) uduzub. Bayden bu ilin iyulunda seçki kampaniyasından çəkilib. Daha öncə o, Trampla debatda zəif performans göstərərək yaşına görə narahatlıqları gücləndirmişdi.
Demokratların namizədi Harris seçilərsə, ABŞ-nin ilk qadın, həm də Cənubi Asiya mənşəli prezidenti olacaq. Tramp isə seçiləcəyi halda, tarixə bu posta ardıcıl seçilməyən ikinci prezident kimi düşəcək. 19-cu əsrin sonunda Qrover Klivlend (Grover Cleveland) bu mənada birinci olub.
İki namizədin fərqi
60 yaşlı Harris abort hüquqlarını müdafiə edir, Trampı demokratiyaya təhdid adlandırır, sonuncunun 2020-ci il yanvarın 6-da ABŞ-də Kapitoli binasına hücumda rolunu qeyd edir. O zaman Tramp Baydenə uduzmasını qəbul etməyərək tərəfdarlarını səslərini qorumağa çağırmışdı.
Tramp isə populist yanaşmasını işə salaraq belə bir mesaj verib ki, ikinci dönəmdə iqtisadiyyatını daha da yaxşılaşdıracaq, ölkəyə miqrant axınını dayandıracaq, ABŞ-nin Çin kimi rəqiblərinə qarşı daha sərt davranacaq.
Seçkinin nəticəsinin Ukraynaya başqa ölkələrdən daha çox təsiri ola bilər. Bu ölkənin işğalçı Rusiya qoşunlarından müdafiəsi daha çox ABŞ-nin hərbi, maliyyə və diplomatik dəstəyindən asılıdır.
Harris deyib ki, Baydenin Ukraynaya yardım siyasətini davam etdirəcək, Rusiyanın məğlubiyyətini görmək istəyir.
Tramp isə ABŞ-nin Ukraynaya dəstəyini sorğulayır, Avropanın bu yükü daha çox çəkməli olduğunu deyir. O, həmçinin NATO-nun gələcəyini sual altında qoyur.
Yeddi həlledici ştat
İki namizəd seçki marafonunun son günlərində tərəfdarlarını səsverməyə getməyə çağırıblar.
Harris noyabrın 4-nü Pensilvaniyada keçirib. Tramp isə günü Şimali Karolinada başlayıb, sonra Pensilvaniyada iki məkanda olub, Miçiqanda başa vurub.
Bu üç ştat Viskonsin, Corciya, Arizona və Nevada ilə birlikdə seçkinin taleyini müəyyənləşdirən yeddi ştatlardır.
ABŞ seçki sisteminə görə, prezidentin kim olacağını ümumxalq səsverməsi deyil, 538 üzvü olan Seçki Kollegiyası müəyyənləşdirir. Bu kollegiyada hər bir ştat Konqresdəki nümayəndə sayına bərabər seçkiçi ilə təmsil olunur.
Harris və Tramp kollegiyada 270 səs yığa bilməsə, yanvarda Nümayəndələr Palatası prezidenti seçəcək, senat isə növbəti vitse-prezidentin kimliyini müəyyənləşdirəcək.
Artıq ölkə üzrə azı 77 milyon seçici səs verib. Noyabrın 5-i həm də hansı namizədin tərəfdarlarını məntəqələrə aparmaqda daha yaxşı nail olmasının sınağıdır.
Harris artıq poçtla səs verib. Tramp isə seçki günü Floridada səs verəcək.