əvvəli burda
Sonra Naziləyə müraciət etdi:
— Müəllimə, hər şey hazırdır. Təbrik edirəm. Mübarəkdir. Biz daha gedək.
Nazilə ona qalıb, heç olmasa bir stəkan çay içmək üçün nə qədər dil-ağız eləsə də, telefonçu minnətdarlıq edib dedi:
— Çox sağ olun. Biz getməliyik.
— Siz də sağ olun.
Telefonçu getdi. Nazilə başının ağrısı hələ də kəsmədiyi üçün təzədən taxta uzandı. Azmı keçdi, çoxmu keçdi - xəbər tutmadı. Birdən telefon zənginə oyandı. Hava artıq qaralmışdı. Dəstəyi qaldırdı. Telefonda bir kişi səsi:
— Nazilə xanım, telefonunuz mübarəkdir.
— Çox sağ olun. Kimdir danışan?
— Mənəm. İkramdır.
— Bağışlayın, tanımadım. Telefonda səsiniz çox dəyişib.
— Təzə telefonda belə şeylər olur. Bir azdan sonra düzələcək. Telefonun nömrəsini gətirəcəyəm. Şirnisini də öz qaydasında. Hələlik, xudahafiz.
Dəstəkdə səs qapandı. Naziləni fikir götürdü. Onu belə halda necə qarşılayacaqdı? Çox fikirləşdi. Heç bir qərara gələ bilmədi.
Axşam səkkizi ötmüşdü. Birdən fikirləşdi ki, anasına zəng çalsın. Hərçənd ki, bu vaxtlar anası adətən yatmış olur. Bununla belə, fikrindən daşınmadı. Dəstəyi qaldırıb, komutator vasitəsilə Bakını aldı və anasının nömrəsini yığdı. Dəstək əlində, anasının cavab verəcəyini səbirsizliklə gözləməyə başladı. Çox gözlədi. Anasının belə susması onu çox nigaran ıqoydu. Nəhayət ki, qulaqlıqda anasının xırıltılı səsini eşidib, rahat nəfəs aldı.
— Ana, mən öz otağımdan danışıram. Telefona niyə belə gec gəldin?
— Yatmışdım. Səndən nə əcəb belə bivaxt zəng çalırsan?
— Ana, mənim otağıma telefon çəkiblər. İndi də öz otağımdan danışıram. Bundan sonra səninlə tez-tez danışacağam. İndi necəsən?
— İndi yaxşıyam. Dünən səninlə danışandan sonra həkim gəlmişdi. Dedi ki, indi üzü bərisən.
— Sən məni sevindirdin. Sonra nə var, nə yox?
— Sağlığındır...
Onlar xeyli danışdılar. Nazilə axırda anasına dedi ki, sabah zəng vurub, telefonun nömrəsini ona deyəcəkdir. Bundan sonra istədiyi vaxt onunla danışa bilər.
— Eşitdinmi?
— Eşitdim, eşitdim.
— Di salamat qal. Xudahafis.
Bu zaman həyətdən İkramın masınının səsi eşidildi. Yerindən qalxıb oturdu. Bilirdi ki, İkram mütləq onun yanına keçəcəkdir.
Budur, o, anasının yanına gəldi. "Bu vaxtadək haradasan? Bərk nigaran qalmışdım. Evdən sübh çıxansan. Məni bir başa sal görüm bəs nə vaxt istirahətə gedəcəksən? Vurnuxa- vurnuxa qalmısan rayonun yolunda. Bəs dincəlməyəcəksən?".
— Ona hələ baxarıq. Bəlkə heç getmədim.
— Bıy, başıma xeyir. Bəs gedib dincəlməyəcəksən?
— Nənə, mənə harada xoş keçirsə, orada da dincəlirəm.
Qapı arxasından İkramın bu sözlərini eşidərkən, onun şübhələri üzərinə elə bil gur bir işıq yayıldı. Əvvəlki xoş duyğular ürəyində təzədən baş qaldırdı. Özündə qəti bir yəqinlik hasil oldu ki, İkramın ləngiməsi ancaq onunla bağlıdır. "Mən səfeh isə onun bütün hərəkətlərinin mənasını başa düşməmişəm, - deyə düşündü. - Bəs mən onu nə vaxt başa düşəcəyəm? O, görünür ki, dillə demədiyini və ya deməyə çəkindiyini öz hərəkətləri ilə büruzə verir. Eh, Nazilə, sənin xoşbəxt günlərin başlayır, xəbərin yoxdur. Onun qız kimi çəkingənliyi öz təbiətindən irəli gəlir ki, bu da sevən bir adam kimi onun ən gözəl sifətidir. Səfeh qız, sən bunu bəs nə vaxt başa düşəcəksən?".
Budur, İkramın səsi yenə eşidildi: "Nənə, bunları götür, ayın-oyundur almışam. Süfrə aç, Nazilə xanımı da qonaq çağıraq".
Bir azdan ara qapının o tərəfindən İkramın səsi eşidildi:
— Nazilə xanım, yatmamısınız ki?
— Xeyr, xeyr, sözünüz vardı, buyurun.
— Sözüm odur ki, bir azdan zəhmət çəkib bizim otağa gəlin. Nənəm sizi qonaq çağırır.
— Mən onsuz da gələcəkdim sizə minnətdarlıq etmək üçün.
— Minnətdarlıq etməyə tələsməyin. Hələ vaxtımız çoxdur.
Onun üçün əzablı və üzücü keçmiş ötən günlərin, bir gözü gülərkən o biri gözü ağlayan günlərin artıq geridə qaldığını hiss edirdi. İçərisində xoş bir rahatlıq yaranmışdı. O, qalxıb o biri otağa keçərkən İkramı otaqda tək gördü. Salam verdi və dərhal anasının harda olduğunu soruşdu.
— Siz buyurun. Əyləşin, o da bu dəqiqə gələr. Camışının yanındadır. Sizin canınız üçün, qəribə arvaddır. Bu camışı uşağa döndərib özü üçün. Gecə-gündüz fikri onun yanındadır.
— Elədir. Mən də bunu görürəm.
— Bu arvada deyən yoxdur ki, a bacı, naxırdan qaçırsa, qoy qaçsın da. Əvvəl- axır evə gələcək də.
Pərizad qarı deyinə-deyinə içəri girdi:
— Dədəmin goru üçün, bir gün verəcəyəm onu qəssab bıçağının ağzına.
— Nə yaxşı olardı,— deyə İkram sevincini bildirdi. -Səni də götürüb aparardım şəhərə.
— Eh, sən də elə tutmusan bu şəhərin ətəyindən, buraxmırsan. Bilmirəm, nə görmüsən bu şəhərdə.
— Nənə, acığına sənə elə gəlin rast gələcək ki, bir gün də bu kənddə qalmaq istəməyəcək.
— Ağzı nədir qalmasın. Mən nə desəm, o da olacaq. Ata- anası da mənim sözümün üstünə nə karədirlər ki, bir söz qatlasınlar. Onlarla qabaqcadan şərti şumda kəsmişəm.
İkram anasının bu sözlərindən Nazilənin tutulduğunu hiss etdi. Və bu barədə söhbət salmasına peşiman oldu. Nazilənin ürəyini almaq üçün zarafata salıb dedi:
— Nazilə xanım, görürsünüz də nənəm özünə necə arxayındır. Yox, nənə, indi əvvəlki zaman deyil, hərə öz istədiyi kimi hərəkət edir.
Anası yenə əvvəlki kimi öz sözünün üstündə duraraq. Bir az da qəzəblə kükrədi:
— Əyər o mənim gəlinimsə, ağzı nədir mənim sözümdən çıxsın.
— Nənə, dayan bir, dayan görüm. Sən hansı gəlinindən danışırsan?
— Mənciyəzin Təzəgüldən başqa bir gəlini var ki?
— Nənə, Təzəgül nə vaxtdan sənin gəlinin olub?
— Bıy. Başıma xeyir, necə yəni nə vaxtdan. Göbəkkəsmən deyilmi?
İkram bərkdən qəhqəh çəkib, gözləri yaşarınca güldü. Nəhayət, sakitləşib dedi:
— Ay nənə, əyər mən sənin oğlunamsa, bundan heç xəbərim yoxdur. Necə deyərlər, qız evində toydur, oğlan evinin xəbəri yox.
— Bıy, niyə xəbərin yoxdur? Bala, beş ildir bu cehizləri kimin üçün toplayıram? Hamısı da xaradır, ipəkdir.
İkramın sifəti birdən-birə ciddi bir ifadə aldı. Nazilə hətta onun əsəbiləşdiyini də hiss etdi.
— Nənə, bu sözləri burada dedin, keçmiş olsun. Bir daha bu sözləri dilinə gətirmə. Sənin gəlinin başqası olacaq. Başa düşdünmü?
— Sən nə deyirsən, bala, məni kosasaqqal eləmə. Elə dünən Xəccə bacımla danışdım. Dedim ki, bu yaxınlarda allah qoysa qapınızı döyəcəyik...
— Çox nahaq. Çox nahaq,— deyə oğlu onun sözünü kəsdi. -Mənə deməmiş nahaq belə işə qurşanırsan.
— Axı, bala. . .
O, anasının üzünə bozardı. Nazilə ilk dəfə idi ki, İkramın anasının üzünə belə bozardığını görürdü.
— Nənə, qurtardıq bu söhbəti. Bax, bu Nazilə xanımın yanında deyirəm, bu barədə nə Xəccə xalaya, nə də mənə heç bir söz demə. Qulağında saxla.
Pərizad qarı karıxıb qaldı. Onun oğluna zillənmiş gözlərində açıq bir yalvarış duyulurdu. Yazıq qarı elə bir görkəm almışdı ki, onun bu halına Nazilənin ürəyi ağrıdı.
— Bağışlayın, İkram,— deyə söhbətə qarışdı. - Mənim qarışmağa haqqım yoxdur. Ancaq ana ilə belə rəftar. . .
İkram üzr istəyib onun sözünü kəsdi:
— Nazilə xanım, deyirəm ki, gəlin bu gün telefonun çəkilməsini ləyaqətlə qeyd edək. Ona görə də yığışmışıq. Gəlin kefimizi pozmayaq. Yaxın oturun. Nənə, sən də stulunu yaxın çək. Dediyin barədə sonra danışarıq. Məndən incimə, --deyib, anasına yaxınlaşıb, onun çiyinlərini qucaqladı və saçlarından öpdü.
Anası başını aşağı salladı. Elə bil kövrəlmişdi. İkram su şüşələrinin ağzını açıb, stəkanları doldururdu. Anası onun üçün doldurulmuş stəkanı ehmallıca geri çəkdi.
— Nənə, bu nədir?
— Oğul, bu yaşda məni günaha batırma.
İkram bərkdən güldü və yenə stəkanı onun qabağına tərəf çəkdi:
— Nənə, bu şirin sudur, nə günah. İçərsən. Şirin çay kimi bir şeydir. Qaldır stəkanını, içək Nazilə xanımın sağlığına. Allaha şükür eyləyək ki, belə bir kirayənişinimiz var. - Stəkanını qaldırıb, əvvəlcə anasının, sonra da Nazilənin stəkanı ilə toqquşdurub, birnəfəsə içdi. -Nazilə xanım, bağışlayın, sizin sağlığınıza nənəmin bu kiçik komasında içirik. Nə olar, eybi yoxdur, bu gün burada içərik, sonra isə allah qoysa, şəhərdə-böyük salonlarda içərik.
Nazilə İkramın ona zillənmiş odlu baxışları qarşısında özünü tamamilə itirdi. Ürəyi elə sürətlə vururdu ki, elə bil indicə sinəsindən qopacaqdır. Dərindən nəfəs alıb, astadan səsləndi:
— Çox sağ olun. Mən sizə çox minnətdaram.
— Elə şeyləri düşünməyin, Nazilə xanım. Bu, bizim borcumuzdur.
Anası sudan bir qurtum içib, stəkanını yerə qoymaq istəyirdi ki, oğlu gözlərini ona bərəltdi. Qarı əlacsız qalıb stəkandakı suyunu axıradək içməyə məcbur oldu. İkram bişirtdirib gətirdiyi kabablardan ən yumşaqlarını seçib Nazilənin və anasının boşqablarına qoyurdu.
Nazilə çəkinə-çəkinə dedi:
— Siz zəhmət çəkməyin. Mən özüm götürrəm.
— Bax, bunları yeyin, çox yumşaqdırlar. Xahiş edirəm ki, buranı öz eviniz kimi hesab ediniz,— deyib, ətli, qırmızı kababları seçirdi. Naziləyə elə gəldi ki, indicə ona nəsə deyəcəkdir. Bu vaxtadək qız kimi utancaq sandığı İkramı bu gün tanımırdı. Ona nə olub bu gün? Sevincindənmi, və ya onunla bir stol arxasında oturmasındanmı? Bu fikirlər başında hərlənirkən birdən burnuna araq iyi dəydi. Demə dolu sifətinin qızarması da elə bundanmış.
Demək, ürəyindəki sözləri dilinə gətirmək üçün cəsarət toplamağı araqda tapıbmış.— Öz-özünə gülümsündü. Elə bu an həyətdən camışın moyultusu eşidildi. Pərizad qarı dik atılıb qalxdı:
— Vay, qapını örtməmişəm. O da çıxıb həyətdə gəzişir.
O, çıxdı və bir azdan onun camışın sağrısına endirdiyi çubuqların şappıltısı eşidildi.
Anasının çıxması ilə Nazilə İkramın açılacağını güman eylədi. Elə də oldu. O, yanılmamışdı. Əvvəlcə o, nə edəcəyini bilmədi. Karıxıb qalmışdı. O, bu dəqiqələrdə daha yaraşıqlı, məsum bir uşaq kimi xoş görünürdü. Sifəti elə bil nur saçırdı. Onun belə görünüşündən Nazilə fəxr edirmiş kimi köksünü dərindən ötürdü. Baxışlarını ondan ayırmayan İkram, sonra sanki özünə cəsarət toplayıb dilləndi:
— Nazilə, İkramın ona ilk dəfə olaraq xanımsız, yalnız adı ilə müraciət etməsindən özgə bir zövq duydu - mən çoxdan bir söz demək istəyirəm, ancaq imkan düşmürdü - deyib, yenə susdu, gözləri bir nöqtəyə ilişib qaldı. Nazilə onun nə deyəcəyini bilirdi. Bunu onunla ilk tanışlığından hiss etmişdi. Ancaq bacarmırdı. Deyəcəyi sanki boğazında ilişib qalırdı. İndi də onun deyəcəyi sözü dilinə gətirə bilmədiyini hiss edirdi. Ona acıdı. Fikirləşdi ki. məhz indi, bu dəqiqələrdə onun köməyinə çatmaq lazımdır ki, o çəkdiyi əzabdan bir dəfəlik xilas ola bilsin. Ona görə də məkrli bir gülüşlə soruşdu:
— Nə sözdür o? Buyurun.
Nazilənin bu sualı sanki İkramın dilini açdı.
— Bilirsiniz, Nazilə,— deyə sözə başlamaq istəyirdi ki, anası camışın əlindən deyinə-deyinə içəri girdi:
— İkram, kömək elə, töylənin qapısını düzəldək. Qapı axıracan örtülmür. Ona görə də dəqiqə başı həyətə çıxır. Bundan sonra gərək boynuna ip salıb, axura bağlayım.
Qarı qurtarmaq bilmirdi. Sözü ağzında qalmış İkram anasına tərs-tərs baxaraq, nə edəcəyini bilmədi. Anasının sözünü də kəsə bilmədi. Nazilə onun düşdüyü çıxılmaz vəziyyəti görüb, bir sualla Pərizadın sözünü kəsmək istəyirdi ki, otağından telefon səsi eşidildi. İkramdan üzr istəyib, otaqdan çıxdı. Zəng vuran anası idi. O, indi özünü yaxşı hiss etdiyini söyləyəndən sonra ordan-burdan, qonşulardan uzun-uzadı söhbət açdı. Bu zaman qapını tıqqıldatdılar. Qız anası ilə xudahafizləşib, dedi:
— Buyurun, buyurun.
İkram idi. Nazilə başa düşdü ki, o, anası ilə çox danışdığından, İkram narahat olub, arxasınca gəlmişdir.
— Çox narahat oldum. Ananızın səhhəti necədir?
— Yaxşıdır. Narahat olmayın. Buyurun əyləşin. Anamla çox danışdım. Onu da qınamaq olmaz. Evdə təkdir, kiminlə danışsın?
— Sən çıxandan sonra qonşumuz Sənəm arvad anama qonaq gəldi. O qədər çox danışdı ki, düzü yoruldum. Axırda səbrim tükəndi. Məcbur oldum ki, nəzakətsizlik edib sənin yanına gəlim.
İkramın artıq “sən”— deyə ona müraciət etməsi çox xoşuna gəldi.
— Nazilə, bu qonşu arvad da gəlməyə vaxt tapdı. Bayaq sözüm yarımçıq qaldı. - O, mehribancasına gülümsəyib, vurğun gözlər ilə Naziləni süzdü.
Nazilə ondan qabaq dilləndi:
— İkram, bir şeyi gözlərimiz, baxışlarımızla ifadə etməyi bacarırıqsa, nə ehtiyac var ki, onu dilimizlə də təkrar edək?!
İkram bir uşaq kimi sevincək yerindən qalxaraq, Naziləyə yanaşdı:
— Elə isə icazə verin əllərinizdən öpüm.
Nazilə də həyəcanlanmışdı. Ancaq bununla belə hər ikisinin ürəyindən keçən bir arzunu İkramın əvəzinə də çəkinmədən ifadə etdi:
— Əllərimi niyə, mən dodaqlarımı sənə təqdim edirəm. Bu, bir qız üçün bəlkə də ədəbdən xaric hesab edilsin. Nə olar, qoy olsun. Sevənlər üçün bu günah deyil.
Öpüşdülər. Sonra Nazilə əlavə edərək dedi:
— İkram, əgər sən bu hərəkətimi qəbahət hesab edirsənsə, üzr istəyirəm.
— Sən nə danışırsan, Nazilə. Əsla, əsla. Bu, qəbahət deyil, şücaətdir. Mən belə şücaətə həmişə həsəd aparmışam.
O gecə İkram kəndə gələni Nazilə birinci dəfə idi ki, belə rahat və şirin yuxuya getmişdi.
Otağın pəncərəsini açıq buraxmışdı. Ayın aydınlığı idi və otaq işığa qərq olmuşdu. Uzaqdan Kürün sərin nəfəsi çöllərdən yayılan yovşan iyinə qarışaraq içəri dolmuşdu.
Bir aydan çox idi ki, Bakıdan-İkramdan heç bir xəbər yox idi. Anası ilə danışarkən ondan soraq tutmağa belə çəkinirdi. Anası axırıncı dəfə zəng çalanda, nəhayət, İkramdan söz saldı. Nazilə sevindiyindən heç bilmədi ki, anasına nə desin. Ancaq onu soruşdu ki, o evə gəlmişdi yoxsa telefonla danışmışdı.
— Telefon eləmişdi.
— Bəs demədi ki, kurorta nə vaxt gedəcək?
— Yox, o barədə heç bir söz demədi. Ancaq onu dedi ki, şəhərdə vacib işləri var, qurtarandan sonra o, anasının yanına gələcək. Hətta dedi ki, oraya gələndə məni də özü ilə aparmaq istəyir.
— Çox qəribə oğlandır. Kurort putyovkasını alıb qoyub cibinə, ancaq getmək istəmir.
— Onun danışığından belə başa düşdüm ki, burada dəniz kənarında bir bağ alıb. İndi orada ev tikdirməklə başı qarışıqdır.
— Onun işindən heç baş açmaq mümkün deyil. Mən belə adam görməmişəm.
— Ancaq səni çox təriflədi. Dedi ki, mən hələ belə ağıllı qız görməmişəm. Sən də gözlə, birdən sənə aşiq olmuş olar ha, - deyə anası bərkdən güldü.
--Ana, sən də. . .
— Nə olar. O, mənim çox xoşuma gəldi. Yaxşı da vəzifəsi var. Deyirlər ki, nazir müavini işləyir. Beləsi mənə qismət olsa, sevinərəm.
Nazilə yarı zarafatla dedi:
— Ana, deyəsən sən də bişirib hazır qoymusan.
— Hardan, ay qızım? Allah qismətidir, bilmək olmaz. Ancaq danışığından hiss edirdim ki, səndən çox xoşu gəlir... Sağ ol, qızım, hələlik. Özündən muğayat ol.
O gün Nazilənin təkcə qanadı çatmırdı uçmağa. Bütün günü İkram haqqında düşünürdü. O, çox cəsarətli, bacarıqlı oğlan olsa da, öz sevgisini dilinə gətirə bilməməsi ona çox qəribə görünürdü. Bu xasiyyəti olmasaydı, yəqin anasına hər şeyi açıb deyərdi. Ancaq bir yaxşı xasiyyəti vardı ki, dili ilə deməyə cəsarət etmədiyi sözləri hərəkəti ilə gizlədə bilmirdi. Məhz belə hərəkəti ilə anasını da şübhəyə salmışdı. Başqa bir qız olmuş olsaydı, onun bu hərəkətini, yəni öz sevgisini dili ilə ifadə edə bilməməsini onun acizliyi ilə izah edərdi, bəlkə də ondan üz döndərib uzaqlaşardılar. Nazilə isə əksinə, məhz bu xüsusiyyətinə görə onu sevirdi. Bu, həmin adamın saflığına, paklığına dəlalət eləyirdi.
Anası ilə olan axırıncı telefon danışığından sonra bir gün imtahan yenicə qurtarıb evə qayıtmışdı ki, telefon zəngi oldu. Bu zəngin anası tərəfindən olduğunu güman edib tələsik telefon dəstəyini qaldırdı:
--Hə, ana, mənəm,— deyə mehribancasına səsləndi. O, telefonda kiminsə bərkdən güldüyünü eşitdi.
— Mənəm, Nazilə xanım.
— Ahaaa! Mən elə bilirdim ki, sən kurorta getmisən.
— Yox, getməmişəm. Anan tərəfdən də narahat olma, maşallah, sağ-salamatdır. Sən özün necəsən? Dərslər kəsilib?
— Kəsilib. Axırıncı imtahanlar gedir. Bəs sən kurorta getməyəcəksən?
— Yox, bura elə kurort kimidir. Nənəmə Mərdəkanda, dənizin lap qırağında bağ almışam. Kür qırağı olmasın, Xəzər qırağı olsun. Onun üçün nə fərqi var, indi orada ev tikdirirəm. Bir az başım ayılsın, gələcəyəm. Nənəmə deginən bağda onun camışı üçün töylə də tikdirirəm. Belə sözüm çoxdur, ancaq telefonla deyiləsi deyil. Gələrəm, ətraflı danışarıq. Hələlik, xudahafiz.
Nazilə imtahanlarını qurtarandan sonra İkramın yolunu səbirsizliklə gözləməyə başladı. Bütün günü İkram haqqında düşünürdü. Onun tezliklə gələcəyi isə anasını o qədər də sevindirmirdi. Onun nişanlısını inkar etməsindən sonra oğlu gedəndən bəri arvadın üzü gülmürdü, mısmırığını sallayıb dururdu. Nazilə heç cür onun kefini durulda bilmirdi. Bu müddətdə oğlundan heç söhbət də salmırdı. Nazilə oğlunun Bakıda bağ aldığını və bağda camış üçün töylə tikdirdiyini dedikdə də arvadın eyni açılmadı.
Günləri beləcə donuq, maraqsız keçirdi. Məhz belə günlərdən birində İkram gözlənilmədən gəlib çıxdı. Onun gəlişi onun üçün fərəhli oldu ki, o, anasını da özü ilə gətirmişdi. Ancaq bu sevinc çox ani oldu. Qorxdu ki, Pərizad arvad onun anasını çox könülsüz və soyuq qarşılayacaqdır. Ancaq belə olmadı. Arvad onları görəndə, elə bil birdən dəyişdi. Onları Nazilədən daha artıq bir sevinclə qarşıladı. Çoxusu, Nazilə ona görə çox sevinirdi ki, imtahanlarını qurtarmış, Bakıya anası ilə birlikdə qayıdacaqdı. İkramın əhvalı daha yüksəkdi. Bərkdən danışır, yolda rastlaşdıqlarını gülə-gülə nəql edirdi.
Qız anasını öz otağına apardı. Nazilə çox narahatdı:
- Ana, xəbərsiz gəldiyiniz üçün yeməyə də bir şey hazırlamamışam. İkramın yanında da biabır oldum.
— Narahat olma, Nazilə, İkram yolda hər şey alıb. Sən özündən danış, burada necə yaşayırsan? Sənə deyim ki, həyət-baca çox xoşuma gəldi. Otağın da maşallah, çox yaxşıdır. İkram mənə deyəndə ki, yerin çox rahatdır, inanmırdım. İndi görürəm ki, doğrudan da hər şey qaydasındadır. Təmiz havası, sərinliyi təkcə hər şeyə dəyər. Yol isə cəhənnəm kimi isti idi. Toz- tozanaq, nəfəs çəkə bilmirdim.
Qapı döyüldü, Pərizad qarı içəri keçdi:
— Bir də salam əleyküm, xoş gəlmisiniz. Bacı, soyunun, sizin üçün su hazırlamışam, keçək əl-üzünüzü yuyün. Bizim gədə orada süfrə açıb, gedək bir stəkan çay içək, yoldan gəlmisiniz, yorğunluğunuz çıxar. Qızım, gedək su tök, anan sərinlənsin. Gedəyin, gedəyin.
O, Nazilənin anasının biləyindən yapışıb, öz otağına apardı. Çıxarkən astanada qanrılıb Naziləyə dedi:
— Qızım, sən də gəl, İkram gözləyir.
Onlar gedəndən sonra Nazilə də üst-başını səliqəyə salıb, o biri otağa keçdi. O içəri girəndə, gözlərinə inanmadı. İkram stolun üstündə bir səliqə tökmüşdü ki, heç bir qadın əli belə səliqə yarada bilməzdi.
O gecə nə Nazilənin, nə də anası Zeynəbin gözlərinə yuxu girmədi. Səsləri arakəsmənin o tərəfində eşidilməsin deyə astadan, az qala pıçıltı ilə danışırdılar. Xoruzların banına az qalmışdı ki, yuxuya getdilər. Ona görə də gec oyanmışdılar. Pərizad qarı ilə oğlu sübh tezdən ayaq üstündəydilər.
Pərizad tövlədə Dezertirlə məşğul olur, İkram isə həyət-bacanı səliqəyə salırdı. Nəyi isə həyətdən çölə çıxarıb tullayır, həyətdə atılıb qalmış bəzi avadanlığı yerbəyer eləyirdi. Nazilənin oyanıb bayıra çıxdığını görüncə, üst-başını çırpıb, paltarını dəyişmək üçün evə keçdi. Zeynəb bayıra çıxarkən Pərizad qarı qaynayan samovarı içəri aparırdı. Samovarı otağa aparandan sonra tez qayıdıb Zeynəbdən hal-əhval tutdu:
— Gecəni necə yatdınız? Barı rahatlandınızmı?
— Çox sağ olun. Çox rahat yatmışıq.
— İndi isə buyurun süfrəyə !
Birgə nahar eləyəndən sonra İkram üzr istəyib rayon mərkəzinə gedəcəyini bildirdi. Tez qayıdacağam.
Nazilə:
— Nə yaxşı olar, mən də gedərdim. Xırda-para şeylər alacağam.
İkram sevinclə:
— Buyurun. Buyurun. Mənim üçün də xoş olar.
Arxada oturmuş Nazilə yol boyu susduqdan sonra birdən-birə soruşdu:
— Siz Bakıda anama demisiniz ki, xeyir işimiz var, gedəndə sizi də özümlə aparacağam. Bilmək olar ki, nə xeyir işdir?
İkram gülümsəyərək xeyli susdu.
— Niyə cavab vermirsiniz?
— Çünki onu siz özünüz də görəcəksiniz. - İkram axırda ciddi bir görkəm alıb, azca çəkinə-çəkinə dedi:
— Arada elçilik məsələsi var!
— Elçilik? Kimindir o elçilik? Söyləyin, biz də bilək, olarmı?
İkram arxaya qanrılmadan qürurla səsləndi:
— Özüm üçün. Orada, Bakıda özüm təkbaşına elçilik eyləyə bilməzdim. Ananı buraya gətirdim ki, anamla birlikdə onun hüzuruna gələk.
Nazilə onun tökdüyü bu plana təəccübləndi. Sonra yarım zarafatla dedi:
— Axı, siz gözəl bilirsiniz ki, ananız bu işə razılıq verməyəcəkdir. Yəqin yadınızdan çıxıb, bir dəfə sizin göbəkkəsməniz olan qız barədə nə dedi.
— Bu sözü o zaman deyib. İndi daha o qız yoxdur.
— Necə yoxdur? Başına bir iş gəlib?
— Bəli, gəlib. Qız öz dayısı oğluna qoşulub qaçıb. İndiyədək atası onları axtarır.
Bununla da aralarındakı söhbət qurtardı. Yol artıq yarı olmuşdu. Rayon mərkəzinin kənardakı evləri artıq görünürdü.
Sükutu yenə İkram pozdu:
— Belə. Bu axşam hazır olun. Anamla birlikdə elçiliyə gələcəyik.
— Mənim üçün də bir şey aydınlaşdı. Sən gedəndən sonra Pərizad arvadın qaş-qabağı açılmırdı. Ancaq siz gələndən sonra arvad tamam dəyişildi. Əvvəlki kimi üzü gülür.
İkram bərkdən qəhqəhə çəkib güldü:
--Çünki indi arxayındır ki, o qızı artıq gəlin kimi qəbul edə bilməyəcək.
Maşın artıq şəhərə daxil olmuşdu. Cərgə ilə düzülmüş dükan və mağazalarda qızğın alver gedirdi. İkram maşını gül mağazasının yanında saxladı:
— Nazilə, bir neçə dəqiqə gözləyin, mən bir gül dəstəsi bağlatdırım.
O, düşüb dükana tərəf getdi. O, maşından yenicə aralanmışdı ki, iki qız söhbət eyləyə-eyləyə yoldan keçirdi. Nazilə şüşələri endirilmiş maşından onların söhbətini aydın eşidirdi. Biri o birinə deyirdi:
— O, deyirlər, Bakıda böyük qulluqdadır. Özü bizim Mollakənddəndir. Deyirlər, bu yaxınlarda onu ministr qoyacaqlar.
Nazilə bu sözlərdən içərisində dumanlı olsa da bir qürur duydu. Ancaq əlində iri bir gül dəstəsi qayıtdıqdan sonra bu barədə ona heç bir söz demədi.
— Hə, mən işimi qurtardım. İndi gedək, sən nə alacaqsan alaq,- deyə İkram maşını işə saldı. - Hə, gül dəstəsi xoşuna gəldi?
Nazilə astadan, sanki öz-özünə danışırmış kimi söyləndi:
— Yaxşıdır, ətirlidirlər.
Onlar bir neçə mağazaya girdilər. Nazilə anası üçün bəzi şeylər alıb, pul vermək istəyəndə, İkram onun əlindən tutdu.
— Eyibdir belə şeylər. Kişi yanında qadının pul verməsi eyibdir.
Nazilə nə qədər çalışdısa, İkram tez pulu kassaya verdi.
Kəndə qayıdan baş İkram o qədər danışırdı ki, Naziləyə ağzını açmağa imkan vermirdi. Elə bil Nazilənin iki-üç ay bundan qabaq tanıdığı adam deyildi. Uşaq kimi sevincək olmuşdu.
Mollakəndə çatıb, Naziləni düşürdü. Özü isə təzədən kənd bazarına getdi. Ancaq çox ləngimədi. Təxminən bir saat çəkmədi ki, əlində iki dolu zənbil qayıtdı. Hava artıq qızdığı üçün alnından damla-damla tər süzülürdü.
***
Elçilik çox qəribə keçdi. Axşam hava qaralandan sonra Nazilə ilə anası çay içirdilər. Hava bürkü olduğundan otağın qapısını və pəncərənin hər iki tayını açıq qoymuşdular. Söhbətin şirin yerində İkramla anası astanada peyda oldular. İkram bazardan aldığı iri gül dəstəsini əlində tutmuşdu. İkram içəri girmədən dilləndi:
— Nazilə xanım, olarmı?
Hər iki qadın ayağa qalxıb onları qarşıladılar.
— Əlbəttə, əlbəttə, olar. Buyurun içəri, bu nə sözdür...
İkram tez gül dəstəsini Naziləyə tərəf uzatdı:
— Bu sizə çatacaq!— deyə gülümsədi.
Nazilə İkramın düzəltdiyi oyuna oxşar bu vəziyyətə bərkdən gülmək istədi. Ancaq özünü güclə saxlaya bildi və yalnız "çox sağ olun"--deyib, gül dəstəsini alıb stolun üstünə qoydu. Pərizad qarı isə əlində tutduğu iri şokolad qutusunu bilmirdi ki, nə eyləsin. İkram anasının karıxıb qaldığını gördükdə, anasını ehtiyatla dümsükləyib, dedi:
— Nənə, nəyi gözləyirsən, versənə !
Oğlanın bu sözlərindən sonra qarı şokolad qutusunu dinməz-söyləməz Naziləyə tərəf uzatdı. Bu zaman kəsif naftalin iyi az qala onun başını hərləndirdi. Ancaq məəttəl qaldı ki, bu naftalin iyi hardan gəlir. Pərizad qarının qəddi açılmamış qofta və tumanını görəndən sonra başa düşdü ki, Pərizad qarı onları təzəcə sandıqdan çıxarmışdır. Anasının da üz-gözündən hiss edirdi ki, naftalin iyi ona da təsir edib.
Nazilənin anası tez qalxıb çay süfrəsi düzəltdi. Qonaqlar yerbəyer olandan sonra məclisə dilsiz bir sükut çökdü. İkram anasının susmasından başa düşdü ki, ona öyrətdiyi sözlər yəqin ki, yadından çıxmışdır. Pərt olsa da, nənəsinə eşitdirdi:
— Nənə, dinsənə, hörmətli xanımları başa sal ki, niyə gəlmişik.
Anası bərəlmiş gözləri ilə oğluna baxıb soruşdu:
— Hansını deyim, əvvəli yadımdan çıxıb...
İkram özünü saxlaya bilməyib, bərkdən güldü. Bu dəqiqələrdə Nazilə vaxtı ilə öz eşqini ona bildirmək istərkən çəkdiyi əzabı xatırlayıb, onun halına acıdı. Yox, yox, bu gülüş deyildi. Düşdüyü vəziyyətin harayı idi. Təəssüfləndi ki, düşdüyü ən ağır, çıxılmaz vəziyyətlərdə öz çevikliyi ilə Fərhad kimi qayanı çapmağa qadir olan bir adam yenə də öz məhəbbətini nümayiş etdirməkdə acizdir. O, hər şeyə qadir idi. Ancaq eşqini bildirməkdə yenə aciz bir uşağa dönmüşdü. Nəhayət, Nazilənin anasına müraciətlə dedi:
— Ana, bizi bağışlayın, nənəm çox qocalmışdır. Görürsünüz də, hətta buraya nə üçün gəldiyini də unudub. İcazə verin onun əvəzinə mən özüm deyim. Güman eyləyirəm ki, mənim bu hərəkətimi mədəniyyətstizlik hesab etməyəcəksiniz.
Nazilənin anası da onun düşdüyü vəziyyətə ürəkdən acıdı. Ona bir təsəlli vermək niyyəti ilə dedi:
— Başa düşürəm. Darıxmayın, sözünüzü deyin. Ananızı da qınamayın. Qocaları həmişə bağışlamaq lazımdır.
İkram bu sözlərdən elə bil qol-qanad açdı. Heç gözləməzdi ki, Nazilənin anası da qızı kimi nəcib, mədəni qadındır. Buna görə də ürəklə sözə başladı:
— Mənim bu dünyada nənəmdən qeyri bir kimsəm yoxdur. Bizim eldə oğlan evinin böyükləri, ağsaqqalları elçiliyə gedirlər. Mənimsə arxam yoxdur. Buna görə də bu işi təkbaşıma, özüm görməliyəm. Sizin qapınıza cəsarətlə gəlmişəm.
Nazilənin ürəyində təntənə başlamışdı. O, hələ də İkramı başa düşməmişdi. Buna görə də indi vicdan əzabı çəkməyə başladı. Yox, yox, o eşq məsələsində də əsl dağ çapan Fərhad imiş. Danış, İkram, danış...
İkram əsl mətləbə keçdi:
— Ana, mən sizin qızınızı sevirəm. İstəyirəm onunla ailə qurum, oğul-uşağımız olsun, bir-birinə dayaq olsunlar, ta mənim kimi tək-tənha qalmasınlar. Mən sizin qızınızı ona görə sevirəm ki, onun kimi ağıllı qız dünyada tapılmaz. Halal olsun onun əmdiyi ana südünə...
Bü sözləri eşidəndə Nazilə kövrəldi. Eyib olmasaydı yerindən qalxıb onu bağrına basardı...
O, sözünə davam etməkdəydi:— Buna görə icazə versəydiniz, biz bir-birimizin əlini sıxardıq, bir balışa baş qoyardıq. Əgər məni rədd etsəniz, mən ömrüm boyu ürəyi yaralı yaşayacağam və arxayın olun ki, sizə qarşı da qəzəbli olmayacağam. Çünki düşünəcəyəm ki, görünür, qismətim bu imiş...
İkram sözünü deyib qurtarandan sonra Nazilənin anası gözlərini ona dikərək sakitcə susub durmuşdu. Bir ara otağa dərin bir sükut çökdü. Məlum oldu ki, qadın kövrəldiyi üçün danışa bilmir. Handan-hana boğazının qəhərini açıb nəvazişlə dedi:
— Mən Naziləni sənə bağışlayıram. Səni də bu gündən öz oğlum hesab edəcəyəm.
İkram yaxınlaşıb qadının əllərindən öpdü. Sonra cibindən qızıl üzük çıxardıb Nazilənin barmağına taxdı. Elə bu zaman eşikdə şimşək çaxdı, göy guruldadı və evin dəmir damını yağış damcıları döyəcləməyə başladı.
Pərizad qarı dilləndi:
— Bu da Allahın bərəkətidir.
Hər şey həll olunandan sonra Pərizad qarı onları öz otağına dəvət etdi. Orada açılmış süfrədə nə desən vardı.
Ertəsi gün səhər İkram anasına bildirdi ki, hazırlaşsın. Sabah Bakıya köçürük.
— Bəs Dezertir ? Onsuz mən heç yana getməyəcəyəm.
— Dezertiri də on-on beş gündən sonra yük maşını tutub gəlib aparacağım. O vaxtadək on günlüyünə Əsmər xalaya tapşırarıq ona səndən də yaxşı baxar.
— Bəlkə razı olmadı ?
— Yox, yox, mən ondan xahiş edərəm. Yem üçün pul da verərəm.
— İnanmıram Dezertir onun sözünə baxa. Heyvancığaz ac qalar, sən, Allah bilir, bəlkə şəhərdə ləngidin.
— Nənə, Əsmər xala elə arvad deyil. Özü ac qalar, onu yemsiz qoymaz. Hə, indicə gedib onunla danışaram. Sən yol qayğısında ol.
Pərizad qarı daha oğluna heç bir söz deyə bilməyib sinəsini dərindən ötürdü. Sonra ürəyi sakit olmayıb əlavə dedi: — Yox, gərək mən özüm hər şeyi yerli-yerində ona baş salım. Sən Dezertiri tanımırsan, tərsin biridir.
— O daha sənin öz işindir. Deyəcəksən de.
Şər qarışanadək daha ana ilə oğlu arasında heç bir söz- söhbət olmadı. O, evdə küsülü adamlar kimi qəmli-qəmli gəzişir, əli heç bir şeyə qalxmırdı.
İkram həmin gün Əsmər arvadla danışdı. Dezertirin yemi üçün ona xərclik verib dedi:
— Əsmər xala, elə et ki, nənəm nigaran getməsin.
Əsmər onu arxayın saldı ki, narahat olmasın. Əlindən gələni edəcək.
Bu müddətdə Nazilə də anası ilə köməkləşib şeylərini qablaşdırdı.
Yola düşəcəkləri gün, sübhün gözü Pərizad qarı qalxıb, xırda-para işlərini görüb qurtarandan sonra Əsməri səsləyərək, Dezertiri birlikdə naxıra yola saldılar. Qarı camışın alnından öpəndə gözləri yaşardı. Elə bu zaman İkramın kirayələdiyi kiçik avtobus qapıya yaxınlaşdı. İkram yerə düşüb avtobusu yükləməyə başladılar. İkram onları tələsdirirdi:
— Bir az cəld olun, deyirlər bu gündən bərk istilər başlayacaq. Tez çıxaq ki, yolda istiyə düşməyək.
Pərizad qarı Əsmərlə vidalaşanda da Dezertiri dönə-dönə ona tapşırırdı:
— Əsmər, sən allah, gözün onun üstündə olsun.
— Arxayın ol, ay Pərizad bacı, ona səndən yaxşı baxacağam. Arxayın get.
İkram anası ilə Nazilənin anasını avtobusa mindirib, yerlərini rahlayandan sonra Nazilə ilə birlikdə öz "Jiquli"sinə oturub yola düşdülər.
İkramın əlinə gözəl fürsət düşmüşdü. Bunun üçün Nazilədən üzr istədi ki, anasını öz maşınına mindirmədi, heç yaxşı olmadı.
Nazilə ona sözünü qurtarmağa imkan vermədi:
— Lap yaxşı elədin. Qoca arvad tək maşında darıxardı.
İkram özünə günah eylədiyi bu işin Nazilə tərəfindən belə bəyənildiyini biləndən sonra könlü daha da fərəhləndi. İndi yol boyu bu vaxtadək ürəyində gəzdirdiklərini açıb tökəcəkdi. Nazilə ilə çiyin-çiyinə oturmuşdu. Ona dediklərini Nazilədən başqa kənar bir adam eşitməyəcəkdi. Kürdəmirdən magistral yola çıxandan sonra səhnəyə ilk dəfə aktyor kimi addımını atdı. Bu da ondan ibarət oldu ki, Nazilədən icazə istəmədən, bir qolu ilə onun başını qucaqlayıb, dodaqlarından öpdü. Nazilə də onun bu hərəkətini nişanlanmanın zəruri qanunlarından biri, bəlkə də birincisi kimi qəbul edərək, etirazını bildirmədi.
— Nazilə, bu, mənim gənclik arzum idi ki, onu çəkinmədən, sakit ürəklə yerinə yetirdim. Bunu gərək üzüyü sənin barmağına keçirərkən eləyəydim... ancaq anandan çəkindim.
Nazilə odlu baxışlarını onun azca pörtmüş sifətinə zilləyib gülümsündü. O fikirləşdi ki, gənc yaşlarında yüksək dövlət xidmətçisi vəzifəsinə yüksəlmiş bu adam, nəhayət ki, ona həmişə qüsur gördüyü bu xasiyyətindən əl çəkməyə başlayır. Bu cür vəzifədə işləyə-işləyə bu dərəcədə çevik və bacarıqlı olduğu halda, onda qalmış cocuqluq zəncirlərini qırıb tökməkdə acizlik göstərməsi çox qəribə idi. Onu, daha doğrusu,başa düşmürdü. Bu, bəlkə də onun bütövlüyündən, paklığından, hər şeyə namusla yanaşmasından əmələ gəlirdi. Bəlkə də onu bu gənc yaşında yüksək vəzifəyə qaldıran poçt idarəsində gördüyü adamlar kimi hamının ona hörmət etməsi də bundan doğurdu. Hər halda, bu yaşınadək heç bir gəncdə bu məziyyətləri görməmişdi.
İkram Nazilənin susduğunu gördükdə təəccüblə soruşdu:
— Nazilə, niyə susdun? Bəlkə mən qəbahət iş tutmuşam?
— Yox,yox, qətiyyən. Sənin söylədiyin sözlər məni xoş xəyallara düşürdü. Necə deyərlər, xəyal dəryasına qərq olmuşdum.
— Sən məni qurtardın, mənim mələyim.
Nazilə artıq özünü qınayırdı. Necə olub ki, bu dərin incəlikləri o duya bilməyib.
Bakıya çatanadək İkram oxuduğu zamanlardan, tanıdığı şəxsiyyətlərin həyatından elə maraqlı əhvalatlar danışdı ki, yolun yorğunluğunu qətiyyən hiss etmədilər. Bir də gördülər ki, maşın artıq Bakıyı çatır.
İkram Bakıya qayıdandan sonra günləri çox gərgin keçirdi. Necə deyərlər, başını qaşımağa vaxtı yox idi. O, bir tərəfdən təzə aldığı bağda köhnə bir evin təmiri ilə məşğul idi, o biri tərəfdən toya hazırlıq görürdü. Sonra da Kürdəmirə gedib,anasının camışını gətirməli idi. Anası isə bütün günü deyinib dururdu: "Heyvancığaz, görəsən, neyləyir. Qorxuram, Əsmər onu yedirdə bilməyə". Oğlu isə ona söz verirdi ki, bu günlərdə bağda evin təmiri qurtaran kimi gedib gətirəcəkdir.
Qarının səbri tamam tükənmişdi. İkram isə anasının təkidlərinə baxmadan, başladığı işləri səliqə ilə qurtarmağa çalışırdı. Buna görə də evdə tapılmırdı. Evə ancaq axşamlar dönürdü. Onun da çox yarısını Naziləgildə keçirirdi. Məzuniyyət vaxtının qurtarmasına az qalırdı. Bağ evinin təmirini qurtaran kimi toya hazırlaşmağa başladı. Şəhərin ən gözəl restoranlarından biri ilə danışıb, qonaqlara dəvətnamələr göndərdi. Toy gününə bir neçə gün qalmış anası üçün təzə paltar aldı. Və tapşırdı ki, məclisdə özünü xanım kimi aparsın.
Toya iki yüz nəfərədək adam dəvət etmişdi. Onların içərisində nazirlik işçiləri, özünün tələbəlik yoldaşları və başqa tanış- bilişləri vardı. Nazirliyin iki nəfər işçisindən xahiş etmimşdi ki, ona kömək etsinlər. Görəcəyi hər bir iş barədə Nazilə ilə məsləhətləşirdi. Toyun başlanmasına iki gün qalmış bağdakı evin təmirini qurtardı və bütünlüklə toya hazırlığa girişdi.
Toya hazırlığın belə rəvan başa çatacağına sevinən İkram üçün birdən gözləmədiyi bir problem meydana çıxdı. Anası ona bildirdi ki, kişilərin də olacağı toyxanaya o gedə bilməyəcək. İkram onu razı salmaq üçün çox dedi, anası isə az eşitdi. Məsələyə axır Nazilənin anası qarışmalı oldu. İkramın düşdüyü vəziyyət onun ürəyini ağrıdırdı. Onun az qala bir uşaq kimi anasına yalvardığını gördükdə, İkramı bir kənara çəkib dedi:
— Oğlum, sən heç narahat olma. Mən onu toya gətirərəm.
Ancaq Pərizadı yola gətirmək o qədər də asan başa gəlmədi. Qarı Zeynəbin şirin dil tökməsi qarşısında deyirdi: "Axı, o gözəl bilir ki, mənim boz üzüm tutanda, heç dədəmi də tanımıram".
--Nə üçün, nə üçün axı,ay Pərizad bacı ?
— O mənə söz vermişdi ki, Dezertirimi toya qədər gətirəcək. Toy da gəlib çatdı, bəs niyə gətirmədi ?
— Ay Pərizad bacı, axı o, təkdir. Hamısını birdən-birə çatdıra bilmir. Allah qoysa, toyun başa versin, günü sabah gedib gətirəcək. Axı, bağda töylə hazır deyildi. Bu günlərdə qurtaracaq. Tutaq ki, gətirəcəydi, harada saxlayacaqdın? Özün görürsən ki, yaşadığınız həyətdə heyvan saxlamaq mümkün deyil. İndi Allaha şükür,töylə hazırdır. Toydan sonra gedib gətirəcək. Heç darıxma.
— Sən deyirsən yəni gedib gətirəcək? Tövbə, inanmıram.
— Mənə inan. Toy qurtaran kimi onu göndərərəm,gedər, bacı canı. Əyər gətirməsə, babalı mənim boynuma. Əziz balandır, gəl onun toyuna haram qatmayaq. İstəyirsən çağırım sənin yanında da söz versin. Nə deyirsən, çağırım ?
Qarı dinmədi. Zeynəb qalxıb eşikdə yoldaşları ilə söhbət eyləyən İkramı çağırdı. Anası ilə onun arasında olmuş söhbəti xəbər verəndən sonra dedi:
— İndi zəhmət çək, mənim yanımda söz ver ki, toydan sonra gedib onun heyvanını gətirəcəksən.
İkram irəliləyib anasını qucaqlaldı:
— Nənə, sənə qurban olum, elə şey olub ki, mən sənin sözünü iki eyləmişəm? Allah qoysa, toyu qurtaraq, dərhal Dezertirin dalınca gedəcəyəm.
O, əyilib anasının əllərindən, sonra çal saçlarından öpdü.
— Axı, mənim səndən başqa kimi var? Sən mənim yeganəmsən. Toyda arvadlar da çox olacaq, onlara baxarsan, çal-çalğını eşidərsən ürəyin açılar.
— O arvadlar mənə lazım deyil. Təkcə Dezertirim yanımda olsa, elə bilərəm dünya mənimdir.
--O da olacaq, nənəm, vallah, olacaq. Zeynəb ana da sənin bacın. Onun yanında söz verirəm. Toyda da onun yanında oturacaqsan.
Bu sözlərdən sonra Pərizad qarının yumşaldığını görən Zeynəb də yaxınlaşıb onu öpdü.
Əlvan işıqlara qərq olmuş çilçıraqlar. Salonda görünməmiş bir təntənə vardı. Musiqi sədalarından salonun pəncərə şüşələri də cingildəyirdi. Xoş danışıqlardan ağız deyəni qulaq eşitmirdi. Pərizad qarı ömründə birinci dəfə idi ki, belə çal-çağır görürdü. Bir azdan rəqs başladı. Xanımların geydiyi əlvan paltarların parıltısından Pərizad qarının gözləri qamaşırdı. Qarının ağzı açıla qalmışdı, bilmirdi ki, hansına baxsın. Zeynəb arvad onun bu halını görüb ürəkdən sevinirdi. O, yuxarı başda zərrin yumşaq kreslolarda qoşa oturmuş İkramla Naziləni ona göstərib soruşdu:
— Pərizad bacı, uşaqları görürsənmi?
— Görürəm, görürəm.
— Oğul-uşaqlı olsunlar.
— Amin !..
Bəylə gəlin oynayanda, bütün salon onlara əl çalanda, Pərizad qarı da qeyri-ixtiyari onlara qoşuldu.
Bu dəqiqələrdə Pərizad qarı öz Dezertirini tamam unutmuşdu. Zeynəb arvad altdan-altdan ona göz qoyurdu.
Bu çal-çağırlı, əzəmətli məclis gecədən xeyli ötmüş qurtardı.
Ertəsi gün səhəri bərk yağış başladı. Günortayadək kəsmədi. İkram anasının yanında yalançı çıxmasın deyə, özünə bəraət qazandırmağa çalışdı:
— Nənə, görürsən də, belə yağışlı havalarda yola çıxmaq olmaz. Yağış olmasaydı,mən indi Kürdəmirdə idim.
Anası onun sözləri qarşısında çox sakit bir tərzdə, onunla razı olduğunu bildirdi:
— Mən özüm də razı olmaram ki, bu yağışda yola çıxasan. Gözləyək,görək nə vaxt kəsəcək.
Yağış isə kəsmək bilmirdi. İkramı daha çox narahat eyləyən anasının birdən-birə xəstələnməsi idi. Nazilə bütün günü ondan ayrılmırdı, onu güclə yedirdir, əhvalını xəbər alırdı.
— Pərizad nənə, indi haran ağrıyır?
— Heç yerim ağrımır. Dezertiri görsəm, hər şey keçib gedər.
Onun bu sözlərini Nazilə İkrama xəbər verəndə, o qərara gəldi ki, heç nəyə baxmayaraq günü sabah Dezertirin dalınca getsin.
Elə də etdi. Hələ də davam edən yağışda sübh tezdən yola düşdü.
Həmin gün də geri qayıtdı.Yük maşını ilə gətirdiyi camışı dəniz sahilindəki bağının tövləsinə saldı. Bundan birinci sevinən Nazilə oldu. Ancaq İkram ondan xahiş etdi ki, bunu hələlik onun anasına xəbər verməsin.
— Nə üçün?- deyə Nazilə soruşdu.
— Çünki ona sürpriz eyləyəcəyəm. Yağışlar bü gündən deyəsən kəsilir. Sabah inşallah gedərik bağa, orada Dezertirini ona göstərərəm.
— Sən də sürpriz etməyə vaxt tapdın. Arvad axı, hər gün onu gözləyir.
— Ona deyəcəyəm ki, yağış daha kəsdi. Sabah gedib sənin Dezertirini gətirəcəyəm.
Bu xəbəri Pərizad qarıya deyəndə, arvad sevindiyindən yataqdan qalxmaq istədi.
İkram qoymadı:
— Uzan, nənə, uzan. Allah qoysa, sabah onu görəcəksən. Sabah köçürük bağa. Sizi bağda qoyub gedəcəyəm dalınca.
Ertəsi gün sübh tezdən qapıda bir yük maşını hazır oldu. Köçlərini maşına yüklədilər. Özləri də İkramın maşınına oturub, yük maşını ilə birlikdə yola düşdülər. O gün uzun sürən yağışlardan sonra xoş bir hava idi. Yol boyu orda-burda yağışlardan əmələ gəlmiş xırda-mırda gölməçələr Günəşin altında parıldayırdı. Bağa çatdıqda İkramın əkdirdiyi güllərdən xoş ətir qalxırdı. Yaxınlıqda isə sakit düşmüş Xəzərin sərin nəfəsi duyulurdu.
Arvadlar iri tut ağacının altına palaz döşəyib, səhər yeməyinə hazırlıq görməyə başladılar. İkram da evdə şeyləri yerbəyer eyləyəndən sonra onlara qoşuldu. Elə bu zaman yaxınlıqda moyultu eşidildi. Pərizad qarı bərkdən səsləndi:
— Bu mənim Dezertirimin səsidir.
— Yəqin qonşuluqda inək var, - deyə İkram səsləndi.
— Yox, yox, bu mənim Dezertirimin səsidir. Məni qulaqlarım aldatmaz. Mənim Dezertirimdir dayna!
— Onda baxım görüm, bu inək hardadı? - deyib, tövləyə tərəf getdi. Tövlənin bağlı qapısını açıb Dezertiri həyətə buraxdı. Camışı görən kimi Pərizad qarı ayaqları dolaşa-dolaşa ona yaxınlaşdı:
— Sizə dedim axı, bu mənim Dezertirimdir.
Camışın başını qucaqlayıb alnından öpməyə başladı. - Mənim Dezertirim, deyəsən çox qəribsəmisən...
Qarının gözləri yaşarmışdı.
— Yaxşı, nənə, qoy həyətdə dolaşsın. Sən də çayını iç! - deyə İkram anasının qolundan tutub tut ağacının altına gətirdi.
— Oğul, nənənə kələk gəlmək istəyirdin, hə?
İkram gülümsədi:
— Nənə, daha burada darıxmayacaqsan.
— Dezertirim olan yerdə heç darıxarammı?
— Nənə, Kür qırağı olmasın, Xəzər sahili olsun, nə fərqi var. Dəniz yüz addımlığındadır. İstəsən hər gün aparıb onu çimdirərsən.
"Azərbaycan" jurnalı