Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:00

Əli Həsənovun mitinq barədə dedikləri, çayxanalarda inqilab söhbəti və...


Mətbuat icmalı
Mətbuat icmalı
Martın 30-da nəşr olunan qəzetlər Sumqayıtda yeni icra başçısının ticarət köşklərini sökdürməsindən yaranan narazılıqdan, Prezident Aparatının şöbə müdiri Əli Həsənovun mitinqlər barədə dediklərinə, Liviyadakı son hadisələrə, müxalifətin aprelin 2-nə təyin etdiyi aksiyaya yer ayırıb.

«Azərbaycan» qəzeti müğənni İlhamə Quliyevanın imzası ilə çap etdiyi «XAM XƏYALLARA DÜŞMƏSİNLƏR» sərlövhəli məqalədə müxalifətin mitinq etmək istəyi tənqid olunur, bildirilir ki, Azərbaycan ərəb ölkəsi deyil, müasir inkişaf yolundadır:

«Mən üzümü radikal müxalifətə tutaraq demək istəyirəm ki, xam xəyallarla bu millətin ovqatını az korlayın! Azərbaycanı heç bir vaxt məhvə apara bilməyəcəksiniz! Bu gün dünyanın beynəlxalq nüfuzlu qurumları öz hesabatlarında Azərbaycanı MDB məkanında sosial-iqtisadi inkişafın tempinə görə lider sayırlar. Unutmaq olmaz ki, Avropa ilə Asiyanın ucqar nöqtələrini özündə birləşdirən Azərbaycan məşhur «İpək yolu»nun qurucularından biridir».

İlhamə Quliyeva yazır ki, əlbəttə, biz sivil dövlətdə yaşayırıq: «...bura Ərəbistan deyil, bura Azərbaycandır! Onun qüdrətli, qadir, müdrik rəhbəri var! Xalq da ona inanaraq ətrafında birləşib! Xarici qüvvələrin oyuncağına çevrilməyə maraqlı olmayın! Həyat dəfələrlə göstərdi ki, haqsızlar həmişə uduzublar. Hamımız ölkə prezidentinin daxili və xarici siyasətini dəstəkləməklə Qarabağ probleminin həll olunmasında öz rolumuzu düzgün müəyyənləşdirək. Bu, bizim hər şeydən əvvəl vətəndaşlıq borcumuzdur! Bu gün hər birimizin yüksəlişi bax, bu birlikdən keçir!»

«Azadlıq» qəzetində Tofiq Şahtaxtinski prezident İlham Əliyevin birinci və ikinci prezidentlik dövrünü təhlil edir. «İKİ YOLDAN... - HEÇ BİRİ» adlı məqalədə deyilir ki, birinci dövr daha çox vədlərlə yadda qalsa da, ortada heç nə olmadı. Müəllifin fikrincə, neft gəlirlərindən xalq yox, yalnız bir zümrə fayda götürüb:

«İnsanlıq, səmimiyyət, təmənnasız hörmət, insanlara əl uzatmaq, vətənin gələcəyi, Qarabağ dağı - hamısı unudulub, hər şey bu hakimiyyətdə pula satılıb. Hətta udduğumuz hava da, içdiyimiz su da rüşvətlədir. Bazar iqtisadiyyatından əsər-əlamət yoxdur - adi kibrit, siqaretdən tutmuş, yumurta istehsalı və satışınadək hamısı inhisarçıların əlindədir. Xırda və orta biznesi inhisarçılar çoxdan boğub aradan çıxarıblar. Odur ki, qəpiklə ölçülən maaş müqabilində bazar od tutub yanır.
Bakıda çayxana
Nahaq yerə deyil ki, əhalimizin böyük bir hissəsinin yerləşdiyi paytaxt Bakı yaşayış baxımından dünyanın ən bahalı şəhərlərindən biri sayılır».

«Yeni Müsavat» qəzetinin müxbirləri şəhərin çayxanalarına baş çəkib sıravi adamları maraqlandıran məsələləri öyrəniblər. «ÇAYXANALARDA ƏSASƏN İNQİLABLARDAN DANIŞIRLAR» reportajında onlar yazırlar:

«Bu çayxanadakı söhbətlər əsasən məişət problemlərindən ibarət idi. Kimi ev, torpaq alverindən, kimi də televiziyada gedən verilişlərdən danışırdı. Məhəllələrində oturacaqların sökülüb aparılmasından danışanlar da var idi.

Başqa bir stolda əyləşən 4 nəfər isə son zamanlar Şərq ölkələrini silkələyən ərəb inqilablarından danışırdı. Onlardan biri inqilabın Azərbaycana təsirsiz ötüşməyəcəyini deyirdi. Sübut etmək istəyirdi ki, Bakıda ərəb inqilablarına rəğbəti olan xeyli adam var:

«Qəzzafi çox zülmkar adam imiş. Bu qədər də insanı qırmaq olar? O köpəkoğluna yaxşı oldu. Zalımların axırı belə olur, axırda başına bomba tökülür».

Onun sözünə qüvvət verən digər rəfiqi isə bu yaxınlarda Bakıda da mitinq olacağını həmsöhbətlərinin yadına saldı:

«Deyirlər aprelin 2-də Bakıda da mitinq olacaq. Qoy olsun. Camaat it günündə yaşayır. Bəlkə bunlar da qorxub camaata bir gün ağlaya. Gördün, Səudiyyə Ərəbistanı kralı xalqın ayağa duracağından qorxub camaata pul paylamağa başladı. Amma öz aramızdır, bizim televiziyalarda müxalifətdən, bu mitinqlərdən yaman danışırlar. Deyəsən, hökumət bu mitinqdən bərk qorxur. Yoxsa niyə bu qədər narahat olurdu?!»

«Bizim yol» qəzetinin son sayında Prezident Aparatının şöbə müdiri Əli Həsənovun «MİTİNQ MÜNASİB YERLƏRDƏ KEÇİRİLƏ BİLƏR» sərlövhəsi altında müsahibəsini yayımlayıb. İctimai Palatanın aprelin 2-də keçirmək istədiyi mitinq haqda sualın cavabında Əli Həsənov deyib:

Əli Həsənov
«Ərəb ölkələrində baş verən hadisələrlə Azərbaycandakı mövcud vəziyyət arasında analogiya axtarmaq qətiyyən doğru deyil. Əlbəttə, Azərbaycanda bəzi qüvvələr, partiyalar, insanlar var ki, ölkədə vəziyyətin qarışmasını, gərginləşməsini, iqtidar-müxalifət qarşıdurmasının olmasını, buraya kənar qüvvələrin müdaxilə etməsini, Azərbaycanın bu gün yürütdüyü siyasətin pozulmasını və s. arzu edirlər. Ancaq bunun üçün ictimai əsas, ictimai dayaq yoxdur. Ona görə də mən bu analogiyanı qüsurla hesab edirəm. O ki qaldı müxalifətin mitinq cəhdlərinə, biz onların qanun çərçivəsində etdikləri bütün cəhdlərə normal reaksiya veririk. Onların mitinq keçirmə arzusunu da anlayırıq və deyirik ki, bu, onların hüququdur, keçirə bilərlər. Lakin mitinq qanuna müvafiq, münasib yerlərdə təşkil oluna bilər. Belə yerlər də Azərbaycan hakimiyyəti tərəfindən ayrılıb, bundan sonra da ayrılacaq».

«Yeni Azərbaycan» qəzetindəki «AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAFI BU GÜNƏ QƏDƏR DÜNYADA HEÇ BİR BAŞQA ÖLKƏDƏ TƏKRARLANMAYIBDIR» sərlövhəli məqalədə müəllif yazır ki, ölkədə əhalinin sosial müdafiəsi yaxşılaşdırılıb və bu, ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir:

«Bu siyasətin mühüm istiqamətləri, həmçinin, paralel olaraq yoxsulluğun səviyyəsinin aşağı düşməsinə də xidmət edir. Azərbaycanda yeni inkişaf strategiyasının başlıca istiqamətləri respublikanın bütün mövcud potensialından səmərəli istifadə etməklə yoxsul təbəqənin, işsizliyin sayının minimuma endirilməsindən ibarətdir. Zəngin valyuta sərvətlərinin ölkəyə daxil olmasının fonunda sözsüz ki, bütün sosial təbəqələr və sahələr üzrə yüksək sıçrayışların müşayiət olunması qaçılmazdır».
XS
SM
MD
LG