Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:19

Dünyanın ən nüfuzlu ədəbiyyat dərgiləri - 3. “Poetry”


"Poetry" Fondunun və onun "Poetry" jurnalının saytı
"Poetry" Fondunun və onun "Poetry" jurnalının saytı
8 il qabaq milyonçu Ruth Lilly - Çikaqoda çap edilən “Poetry” (“Poeziya”) jurnalına nə az-nə çox 200 milyon dollar bağışladı.

Lilly bu dəstəyilə Amerikanın ən çox oxunan şeir dərgilərindən olan "Poetry"nin əvvəllər də xeyriyyəçilər tərəfindən yetərincə dəstəklənmiş büdcəsini xeyli artırdı.

Dərgini Poetry Foundation (Poeziya Fondu) buraxır. Bu həmin fonddur ki, həm də Ruth Lilly-nin adını daşıyan şeir mükafatını təqdim edir.

1986-cı ildən etibarən hər il verilən mükafatın dəyəri 100 min dollardır.

DƏRGİ İŞİNİ NECƏ QURUR?

“Poetry” – ingilis dilində çıxan aylıq jurnaldır. Tirajı 30 min nüsxədir.

Jurnala il ərzində təxminən 90 min (1) müəllif yazı göndərir. Amma onlardan seçilib cəmi 300-ü (!) çap edilir.

Jurnalı 1912-ci ildə Harriet Monroe təsis edib. O zaman həmin qadın “Chicago Tribune” qəzetində ədəbi tənqidçi kimi çalışırdı.

Jurnalın təsisçisi o zaman yazırdı ki, “Poetry” – “açıq qapı prinsipi” ilə çalışacaq, yəni özünü hansısa ədəbi qrupa bağlamadan, hansısa ədəbi cərəyanın maraqlarını müdafiə etmədən - ingilis dilində yazılmış ən yaxşı poeziya nümunələrinə səhifələrində yer verəcək.

Yazarlara müraciət edilirdi ki, “Poetry” dərgisi onların “öz evi” olacaq, burada ümummilli ictimai-siyasi qəzetlər və dərgilərin yazarlara qoyduğu məhdudiyyətlər olmayacaq.

Yəni jurnal poeziya haqda az məlumatı olan çoxminli kütlənin maraqlarını, istəklərini ödəməyə, yalnız “hamının anlaya biləcəyi” şeirlər çap etməyə çalışmayacaq, ilk növbədə şeirin keyfiyyətinə fikir verəcək.

Bir sıra tanınmış şairlər, o cümlədən Gwendolyn Brooks, James Merrill və John Ashbery məhz “Poetry” jurnalında çap edilməklə “kəşf ediliblər”.

Ezra Pound, William Butler Yeats, Rabindranath Tagore, Marianne Moore, Charlotte Wilder və başqa tanınmış yazarlar “Poetry”də əsərlərini çap etdiriblər.

İmajist və Obyektivist şeir cərəyanlarının təşəkkül tapması həm də “Poetry”nin
"Poetry"nin "şinelindən çıxan "Gwendolyn Brooks
səhifələrində gerçəkləşib.

JURNALA YAZI GÖNDƏRMƏK…

“Poetry”də çap edilmək asan iş deyil. Ona görə yox ki dərgi rəhbərləri bürokrat və laqeyd insanlardır.

Sadəcə, jurnalın hər sayının materiallarını seçmək sanki müsabiqə keçirib yaxşıların yaxşısını müəyyən etmək kimi ağır bir işdir.

Jurnal əvvəllər çap edilmiş şeirlər qəbul etmir. Jurnala göndərilən əsərlər əvvəllər hansısa qəzet-jurnalda, saytda, yaxud kitabda çap edilmiş ola bilməz.

Çap edilmiş şeirin hər sətrinə görə 10 dollar qonorar verilir. (jurnal 2003-cü ildə 200 milyon dollarlıq yardım almamışdan qabaq bu məbləğ – 2 dollar idi).

Çap edilən əsərlərin müəlliflik hüququ yazarda qalır. Ona əsəri çap edilmiş jurnalın 2 nüsxəsi də göndərilir.

Hər yazar dərgiyə maksimum 4 şeir göndərə bilər. Bir faylda göndərilən şeirlərin ümumi həcmi 7.63 MB-ı keçməməlidir.

Yazıları jurnala zərfdə də göndərmək olar: Ünvan:

Poetry Editors
444 N. Michigan Avenue
Suite 1850
Chicago, IL 60611-4034


YENI REDAKTORUN YENI QAYDALARI

2003-cü ildə şair Christian Wiman (1966 təv.) “Poetry” jurnalının baş redaktoru vəzifəsinə gətirilir.

Onun apardığı birbaşa e-mail kampaniyaları nəticəsində jurnalın tirajı 11 mindən 30 minə qalxır.

Onun strategiyası “mümkün qədər çox insanı jurnal haqda danışamağa sövq etmək” idi.

“Buna görə mən çalışdım ki, jurnalın hər sayına provokativ ola biləcək müəyyən yazılar yerləşdirim” – deyə Wiman bildirir.

Yeni redaktor kəskin yazıları ilə seçilən tənqidçiləri başına toplayır və onlara “tam səmimi olmağı” tövsiyə edir.

Wiman öz redaktor köşəsində yazırdı:

“Bu təkcə ona görə vacib deyildi ki, mətbuat açıq-aşkar ədəbi tərifnamələrlə dolu idi, dostlar bir-birinin kitabını göylərə qaldırır, müəllimlər öz tələbələrinin yazdıqlarını tərifləyir, gənc yazarlar yaşlı yazarlar haqda tərif yazıları dərc etdirirdilər, həm də ona görə
Rabindranath Tagore
vacib idi ki, yazılan yazılar elə mülayim, elə dişsizdi ki… Biz istəyirdik ki, şairlər elə yazsınlar ki, sanki qarşılarında çağdaş poeziya ilə maraqlana biləcək adi oxucu auditoriyası var…”

JURNALIN TƏSİSÇİSİ DƏ REDAKTORA DƏSTƏK VERİR...

2006-cı ildə jurnalda Poetry Foundation-in rəhbəri Con Barrın mübahisəli yazısı dərc edildi.

"American Poetry in the New Century" (“Yeni yüzillikdə Amerika poeziyası“) adlanan məqalədə deyilirdi:

“Məncə, Amerika poeziyası üçün yeniliyin vaxtı ona görə çatıb ki, bizim şairlər uzun müddətdir ki, eyni yolla gedirlər. Bu günkü poeziya yorğun, ətalət basmış kimi görünür”.

Barr yazırdı ki, çağdaş poeziya ictimai həyatdan yoxa çıxıb, çağdaş Amerika şairləri çox vaxt şeiri – yalnız şairlər üçün yazırlar, onların yazdıqları - böyük auditoriya üçün maraqlı deyil.

Və məhdud çeşidli olmaqla yanaşı şeirlər həm də rezonans doğurmur, oxucunu əyləndirmir…

“Əgər siz Şekspir dövrünün dramları, keçən əsrin romanları, yaxud bu günün filmlərinə baxsanız, görərsiniz ki, incəsənət yalnız öz zəmanəsinin geniş auditoriyasına müraciət edəndə, ondan ruh alanda öz qızıl dövrünə qədəm qoyur”.

Amma bəziləri Barrın fikirlərinin jurnalın təsisçisinin 100 il qabaq müəyyən etdiyi prinsiplərə zidd olduğunu yazdılar.

Məsələn, Dana Goodyear “The New Yorker” jurnalındakı məqaləsində yazırdı ki, jurnalın təsisçisi Harriet Monroe əksinə şairləri kütlənin zövqünə uyğunlaşmamağa çağırırdı.

Jurnalın baş redaktoru Wiman isə bildirmişdi ki, Barrın “müasir poeziya haqda dediklərinin çoxu ilə razıdır”…

Həmçinin oxu
Dünyanın ən nüfuzlu ədəbiyyat dərgiləri - 2. "Granta"
Dünyanın ən nüfuzlu ədəbiyyat dərgiləri - 1. “The Paris Review”
XS
SM
MD
LG