Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

2 aprel mitinqi öncəsi tutulanlar var


11 mart aksiyası
11 mart aksiyası
İKİ NƏFƏRƏ 7 SUTKA HƏBS VERİLDİ

Martın 31-də Sumqayıt polisinə aparılan Müsavat Partiyasının üzvü Elçin Səlimov barədə Sumqayıt şəhər Məhkəməsi 7 sutka həbs qərarı çıxarıb.

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynli də 7 sutka həbs alıb.

Yasamal polisi tərəfindən aparılan Rövşən Nəsirli və onun qardaşının harada olması barədə isə hələ ki, məlumat yoxdur.

R. Nəsirli səhər özü AzadlıqRadiosuna zəng edib bildirmişdi ki, evlərinə gələn 5-6 polis onu şöbəyə aparmaq istəyir, o, isə getməkdən imtina edir.

Amma bir qədər sonra onu və qardaşını polislər maşına mindirərək aparıblar.

DİN MƏLUMATSIZDIR


«Saxlanılanlarla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində hər hansı məlumat yoxdur».

Bunu AzadlıqRadiosuna Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib.

CƏBHƏÇİ VƏ MÜSAVATÇI SAXLANIB


AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyevi polislər saxlayıb.

AXCP sədrinin köməkçisi Faiq Əmirov deyir ki, hazırda N. Əliyev Bakı şəhər Nizami rayon Polis İdarəsinin 25-ci bölməsindədir. O, asayişi pozmaqda ittiham edilir.

Bundan başqa, Şirvan şəhərində Müsavat Partiyasının üzvü Vüqar Həsənli də saxlanıb.

KXCP FƏALINA XƏBƏRDARLIQ OLUNUB

Polis Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ağsu və Samux rayon təşkilatlarının sədrlərini saxlayıb.

Ağsu təşkilatının sədri Yaqub Babalı AzadlıqRadiosuna deyib ki, polisdə mitinqlə bağlı xəbərdarlıqdan sonra sərbəst buraxılıb.

Partiyanın Samux rayon təşkilatının sədri Tahir Abdullayevin hələ də polisdə olduğu bildirilir.

BƏLƏDİYYƏ POLİSİNİN SABİQ RƏİSİ 10 SUTKA ALDI


Bələdiyyə polisinin sabiq rəisi, keçmiş siyasi dustaqlardan sayılan Mehdi Mehdiyev martın 30-da məhkəməyə aparılıb və 10 sutka inzibati həbs cəzası alıb. Onu Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşlarının saxladığı bildirilir. Şahidlərin bildirməsinə görə, M.Mehdiyev siqaret almaq üçün həyətə düşən kimi polislər onu saxlayıblar.

M.Mehdiyevin saxlanılmasının 2 aprel mitinqi ilə bağlı olduğu ehtimal edilir. M.Mehdiyevə martın 31-də polisə gəlmək barədə bildiriş verilibmiş.

M.Mehdiyevin saxlanma və bölməyə çağırılma səbəblərini öyrənmək üçün 24-cü polis bölməsinə zəng vurduq. Özünü rəis müavini kimi təqdim edən şəxs kimliyimizi bilən kimi, bizə DİN-in mətbuat xidmətinə zəng vurmağımızı deyərək dəstəyi asdı.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə dedi ki, Mehdi Mehdiyevin saxlanmasının səbəblərini dəqiqləşdirib qısa müddətdə bizə məlumat verəcək.

GƏNCLƏRDƏN BİRİ 5 SUTKA ALDI


Səbaİl rayon Məhkəməsi Təbriz Qasımov (Önər) barəsində 5 sutka həbs qərarı çıxarıb. O, polisə müqavimətdə ittiham olunur.

ƏLİ KƏRİMLİNİN SÜRÜCÜSÜ SAXLANILIB


AXCP sədrinin sürücüsü Kərim Mehdiyev və partiya Rəyasət Heyətinin üzvü İlham Hüseynli də saxlanılıb.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin köməkçisi Faiq Əmirov məlumat verib.

Kərim Mehdiyevi polislər evindən, İlham Hüseynlini isə yoldan aparıblar.

BİR NEÇƏ GƏNC FƏALI POLİS SAXLAYIB

Daha iki gənc fəalı polis saxlayıb. Hər ikisi Müsavat Gənclər Təşkilatının üzvləridir. Elçin Səlimovu Sumqayıt, Xalid Amanlını isə Nəsimi polisi saxlayıb.

Gənclər saxlanmalarının müxalifətin 2 aprel mitinqi ilə bağlı olduğunu deyirlər.

Müsavat Gənclər Təşkilatından AzadlıqRadiosuna bildiriblər ki, Rauf Məmmədovu da polislər aparmağa cəhd ediblər, amma o, qaçıb. Hazırda onun harada olduğu bilinmir.

Bu səhər ilk polisə aparılan Təbriz Qasımov olub. Onu saat 9 radələrində Səbail polisi metronun «İçərişəhər» stansiyası qarşısında saxlayıblar. Gənc fəal hazırda Səbail rayon Məhkəməsindədir. Ona qarşı polisə müqavimət ittihamı irəli sürülüb.

Daha bir gənc fəal Rövşən Nəsirli də qardaşı ilə birlikdə Yasamal polisinə aparılıb.

AXCP Gənclər Təşkilatından da saxlanılanlar var.

GƏNC FƏAL TƏBRİZ QASIMOV SAXLANILDI

Martın 31-də gənc fəal Təbriz Qasımovu səhər təhsil aldığı universitetə gedərkən metronun «İçərişəhər» stansiyasının qarşısında polislər saxlayıb.

Bu barədə AzadlıqRadiosuna gəncin atası İlqar Qasımov məlumat verib. O deyir ki, hazırda oğlu Səbail rayon 9-cu polis bölməsindədir:

«Mən bölmədə idim. İki nəfər arxası ilə düşüb onu izləyirmişlər. Metrodakı polis işçilərinə göstəriş veriblər ki, onu saxlasınlar. Hazırda Səbail rayon 9-cu polis bölməsindədir».

İlqar Qasımov deyir ki, oğlunun saxlanmasının nə ilə bağlı olduğu onlara bəlli deyil. O, ehtimal edir ki, bu, müxalifət partiyalarının aprelin 2-ə təyin etdiyi mitinqlə bağlı ola bilər.

Gənc fəal Təbriz Qasımov Azərbaycan Kooperasiya Universitetinin 2-ci kursunda oxuyur.

Polis hələ ki, gənc fəalın saxlanması ilə bağlı hər hansı bir açıqlama verməyib.

Gənc fəal Rövşən Nəsirli isə AzadlıqRadiosuna zəng edib bildirib ki, səhər evdən çıxanda, Yasamal polisləri onu saxlamaq istəyiblər.

O, rəsmi çağırış olmadan bölməyə getməyəcəyini bildirib.

Rövşən Nəsirli deyir ki, hazırda polislər onların evinin qarşısında gözləyirlər. O, isə polislər getməyənə qədər evdən çıxmayacağını bildirir.
XS
SM
MD
LG