Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:46

Mitinq ərəfəsi polisə aparılan müxalifətçilərin aqibəti


«Küçədə öz maşınında oturubmuş, gəlib maşınlı-zadlı aparıblar. Polisdə deyiblər ki, sən demisən ki, sabah tezdən uşaqlar yığışsın, gedəcəyik Bakıya mitinqə. Götürüb aparıblar məhkəməyə. Məhkəmə də 296 - ictimai asayişi pozma ilə sənədləşdirib, 7 sutka iş verib».

KXCP-nin Yevlax Rayon Şöbəsinin üzvü Xanlar Laçınovun həbsi haqqında məlumatı şöbə sədri Şəmil Fərzəlibəyli verib. O deyir ki, Xanlar Laçınov protokolda haqqında qeyd olunanları imzalamayıb.

Aprelin 1-də AzadlıqRadiosunun əldə etdiyi məlumatlara görə, ümumilikdə 10-a yaxın müxalif müxtəlif polis bölmələrinə aparılıb, onlardan 1-nə 7 sutka həbs verilib, qalanları xəbərdarlıqla azad edilib.

Aprelin 1-də siyasi partiya rəhbərlərindən Əli Kərimli İsa Qəmbər də polisə çağırılıb. Bakı şəhər Baş polis İdarəsində baş tutan görüşdə onları 2 aprel mitinqindən çəkinməyə çağırıblar. AXCP sədri Əli Kərimli:

«BİZ HÜQUQUMUZDAN İSTİFADƏ ETMƏK FİKRİNDƏYİK»

«Dedilər ki, şəhər icra hakimiyyəti razılıq verməyib mitinqin keçirilməsinə. Səbayel rayonunda ucqar yerdə yer təklif olunub. Biz də sizə təklif edirik ki, qərarınızı dəyişəsiniz, gedib icra hakimiyyətinin verdiyi yerdə keçirəsiniz. Əks təqdirdə biz nümayiş iştirakçılarının təhlükəsizliyinə təminat verə bilməyəcəyik, fikrinizi dəyişin. Mən də onlara bildirdim ki, Azərbaycanın mövcud Konstitusiyası və Azərbaycanın qoşulduğu bütün konvensiyalar Azərbaycan vətəndaşlarına sərbəst toplaşma azadlığı, hüququ verir və biz həmin hüququmuzdan istifadə etmək fikrindəyik. Sabah mitinq keçiriləcək».

Politoloq Ərəstun Oruclu deyir ki, həbslər, hədə-qorxular, izlənmələr Azərbaycan hakimiyyətinin qorxusundan irəli gəlir:

Ərəstun Oruclu
«MÜXALİFƏT YOXDURSA, O ZAMAN POLİSƏ ÇAĞIRILANLAR KİMLƏRDİR?»


«Hakimiyyət deyir ki, müxalifət yoxdur. Müxalifət yoxdursa, o zaman polisə çağırılanlar kimlərdir? Burda bir başını itirmə məsələsi gözə çarpır. Əslində bilirsiz ki, dialoq İctimai Palata, müxalifət liderləri tərəfindən səsləndirilmişdi. Amma hakimiyyət sivil siyasi dialoq aparmaqdansa, polis-müxalifət liderlər dialoquna üstünlük verir. Dırnaq arasında dialoq, təbii ki».

2 aprel mitinqi öncəsi saxlanan və həbs olunanlarla bağlı «Amnesty İnternational» və ABŞ-ın Azərbaycandakı səfirliyi narahatlıqlarını bildiriblər.

«Amnesty İnternational» deyir ki, «Azərbaycanda ictimai fəallara və jurnalistlərə qarşı hədə-qorxu və zorakılıq hallarının artması Azərbaycan hakimiyyətinin istənilən tənqidi fikri boğmaqda qərarlı olduğunu göstərir».

«İCTİMAİ ETİRAZLAR DEMOKRATİK CƏMİYYƏTİN TƏMƏLİDİR»

ABŞ səfirliyi də öz açıqlamasında bildirir ki, çoxsaylı fikirlər və fərqli baxışlar azərbaycanlıların öz uşaqları üçün qurmaq istədiyi müasir, sabit və suveren dövlətə töhfə verə bilər:

«Qanuni söz azadlığı, o cümlədən, ictimai etirazlar demokratik cəmiyyətin təməlidir. Azərbaycan demokratik təsisatların gücləndirilməsinə doğru addım atdığı bir vaxtda, biz hökuməti Azərbaycan Konstitusiyasında təsbit olunmuş söz və sərbəst toplaşma azadlığı hüquqlarını reallaşdırmağa çağırırıq».

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Azadlıq Radiosuna bildirib ki, gənc fəalların saxlanması ilə bağlı ayrıca statistika aparılmır:

«Polis böyük təşkilatdır. Hər gün onlarla şəxs müxtəlif hüquqpozmalarla əlaqədar polisə gətirilir. Onların arasından sizin qeyd etdiyiniz müəyyən şəxslərlə bağlı statistika aparılmır ki, filan partiyanın üzvləridir, filan yerə düşüb. Onlar hamısı bizim üçün vətəndaşlardır, statistika da ümumi aparılır».
XS
SM
MD
LG