Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:03

Günəş ana


Leyla HƏSƏNOVA


Mən Tanrının insanları insanlara əmanət etdiyinə inanıram.

İnsanları yaradıb, onlara hisslər yükləyib və onları bir-birlərinə tapşırıb.

Qruplaşdırdıqdan sonra onlara ad verib, dost, tanış, sevgili, ailə, bacı, qardaş vs.

Bir-birlərini yaxşı qoruya bilmələri üçün də ailə adı verdiyi şifrəni bir azca bərk edib.

Heç zaman qopmayan, aralarında hansısa hisslərin azalıb çoxalmasına baxmayaraq sədaqətin, sevginin izinin itməyəcəyi bir şifrədir.

Və o ailənin bir-birlərinə əmanət edilən fərdlərinə daha çox sevgi, sədaqət yüklənilir, ailə fərdlərini sevəcək qədər böyük qəlb və beyin verilir.

Hər şey tələbə olmağımla başlamışdı sanki.

Elə bil çox yüksəkdən yerə çırpılmışam, bədənimdən qan yerinə su çıxıb və o su üzümə sərt şəkildə dəyərək, məni oyadıb.

Mən anamı tələbə olanda sevdim. Daha doğrusu onu necə sevdiyimi tələbə olanda anlamışdım.

Elə bil tələbəliyi mənə bəxş edən, xalamın sağlamlığını, anamın ömrünü əlindən almış, məni də oyatmışdı.

Oyananda anamın ömrü qısalmış, xalamın sağlamlığı tükənmiş, qardaşım böyümüşdü..

Mən artıq tələbə olmuşdum və getmək vaxtı idi.

Gedəndə anamdan ayırmadığım xalam xəstə idi, onunla xəstəxanada sağollaşdıq.

Qucaqladı məni, səsi titrəyirdi. Öpdü..

Nəfəsi, gözlərindəki doluluq “getmə” deyə qışqırsa da, səsi çıxmırdı..

Ona baxa bilmirdim, gözlərimi qaçırdırdım ondan..

Cəsarətim yox idi ona baxmağa..Gecə, xalamla mənim gözlərimizi gizlətməmizə kömək etmişdi..

Və evə gəldik anamla. Səhər məni yola saldılar.

Anamın da üzünə baxa bilmədim..Öpdüm və üzümü çevirdim.

Cibimdə xalamın “getmə” deyə səslənməsi, anamın qoxusu, gələcəyim, planlarım, peşmanlıqlarım, ümidlərim vardı.. Getdim..

Əlləri sehirli qadının dəyəri su kimi hər gün üzümə çırpılıb, ordan qəlbimə sancılırdı..

Nəfəsimi kəsirdi..Anam bizi böyütmüşdü..Yadımdadır, biz baxçaya gedəndə beş mərtəbəli binanın beşinci mərtəbəsində, bir otaqlı evdə yaşayırdıq..

Çox güclü yağış yağırdı.

Qardaşımın qızdırması var idi. Evimizin damı yağışa tab gətirə bilməyib dammağa başladı.

Evimiz bir otaqlı, amma şirin görünüşlü və sıcaq idi.

Əslində o evin içimizi isidən sıcaqlığının anamla əlaqəsi olduğunu, o evi anamın varlığı ilə isidəcəyini, mənim günəş anam olduğunu sonradan anlayacaqdım.

Divarlarında qardaşımla mənim əl işlərimiz var idi.

Təzə öyrəndiyimiz hansı hərf, hansı şəkil var idisə heç düşünmədən o divarlarda sərgiləmişdik.

Sərgiyə də anamı çağırırdıq hər zaman.

Anam elə o divara yaxın olan stolun üstündə qardaşım üçün yer hazırladı və qardaşımı orada yatızdırdı.

Mən də anamın qucağında yatıb, yuxumu planlayırdım ki xalamgil gəldi qəflətən.

Xalamın gəlməsi yağışı da kəsmişdi, qardaşımın qızdırmasını da yox etmişdi.

Anam başqa insandır mənim.

Bilirəm, hər kəs üçün anası başqadır. Anamın hər zaman hüzuru və sakitliyi olub bizə bəxş edəcək.

Sehirli əlləri, sözləri olub problemlərimizi həll etməyə.

Sağlam sevgisi olub km`lərcə uzaqda olsam belə içimi isidəcək nəfəsinin olduğunu bilmişəm..

Rahat yatmağıma səbəb olacaq özü var, sevgisi, istisi var..

Dadlı yeməkləri var..

Atamın gedişindən sonra nə atamızı unutduran, nə də yoxluğunu hiss etməmizə izin verməyəcək qədər güclü qadındır o.

Bəlkə dünyanı qurtarmayıb, bəlkə məşhur deyil, bəlkə heç inqilabçı da deyil, ancaq o, çox güclüdür..

Bizə deməsə də, qəbul etməsə də sehirlidir.

Fövqəltəbii gücləri var. Atamdan sonra bizi qoruya bildiyi üçün, həm ana, dost ola bildiyi üçün sevirəm onu.

Mən qarşımdakının kimliyindən və ətrafındaki insanlarla əlaqəsinin hansı səviyyədə olmasından asılı olmayaraq, içimdən gəlmədikcə o adamı sevə bilmirəm.

Anamı ana kimi yox, adam kimi sevirəm.

Onun mənəvi keyfiyyətlərinə görə sevirəm.

Özü xəstə ola-ola mənim xəstəliyimlə maraqlandığı, özünün dərdləri olmasına baxmayaraq mənim dərdlərimi həll etməyi, 24 saat səsimə səs verməsini, alnındaki qırışlara rəğmən alnıma qırış düşməsinə imkan verməməsini, yaşamımı sevgisi ilə isitməsini, sevgisinin böyüklüyü ilə məni qucaqlamasını, sıxılıb çarpayının altında gizlənəndə gəlib məni ordan tapıb sıxıntımı dağıtdığı üçün, adam kimi adam olduğu üçün sevirəm onu.

Gecikmiş sevgidir mənim sevgim, dəyərini ancaq uzaqda olub, sevgisi ilə içimin isindiyinin fərqinə varmağım da gec olub.

Çox gecikmişəm ona. Gözəlliyinə gözəllik və hüzün qatan gözlərinin hüzuruna gecikmişəm.

Dostluğunun qiymətini bilməyə, səsindəki hüzura,ömrünün rəngliyinin işığına gecikmişəm.

Gecikmiş bir sevgim var cibimdə. Amma içimdə fövgəltəbii gücləri olan, sehirli əl`li, günəş anam var..

Sevgisi məni izləyən, sözləri saçımı oxşayan, nəfəsi günlərimi isidən bir qadın var.

Hər gün oyananda “necədir?” deyə düşünüb, səsini duymaq ehtiyacı içimdə bəslənən günəş qadın..

Bir gün mənim də sənin kimi fövgəltəbii güclərim olacaq.

Nə yaxşı ki, Tanrı məni sənə əmanət edib.
XS
SM
MD
LG