Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:15

Cəlil Məmmədquluzadə. Ölülər


Dörd mәclis vә beş pәrdәli komediya

MӘCLİSLӘRİN ӘHALİSİ

Ş e y x N ә s r u l l a h--45 yaşında.

Ş e y x Ә h m ә d--onun şagirdi, 40 yaşında.

H a c ı H ә s ә n--şәhәrdә mötәbәr bir hacı, 50 yaşında.

K ә r b ә l a y I F a t m a x a n ı m--onun övrәti, 40 yaşında.

İ s g ә n d ә r--onun oğlu, 22 yaşında.

C ә l a l--onun kiçik oğlu, 10 yaşında.

N a z l ı--onun qızı, 12 yaşında.

Z e y n ә b--Hacı Hәsәnin qaravaşı, 20 yaşında.

Ә l i--Hacı Hәsәnin nökәri, 18 yaşında.

H a c ı B ә x ş ә l i--45 yaşında.

H a c ı K ә r i m--50 yaşında.

H a c ı K a z ı m--50 yaşında.

M ә ş ә d i O r u c--35 yaşında.

M ә ş ә d i O r u c u n a n a s ı--50 yaşında.

M i r B a ğ ı r a ğ a--35 yaşında.

H e y d ә r a ğ a--teleqrafçı, 45 yaşında.

Ә l i b ә y--dilmanc, 30 yaşında.

M i r z ә H ü s e y n--müәllim, 40 yaşında.

K ә r b ә l a y ı V ә l i--35 yaşında.

D ö r d n ә f ә r q ı z--Şeyx Nәsrullahın övrәtlәri: hәr biri 13-14 yaşında.

A z a r l ı l a r, a r v a d l a r, m ü s a f i r l ә r, c a m a a t.


Әhvalat vaqe olur İrәvan şәhәrlәrinin birindә, iyirmi il bundan irәli.

BİRİNCİ MӘCLİS

Hacı Hәsәnin evi. İskәndәrin otağı, küncdә dәmir kravat, qabağında köhnә miz, üstündә bir-iki kitab; mizin yanında iki köhnә stul.

C ә l a l vә M ü ә l l i m diz üstә qabaq-qabağa oturub dәrs oxuyurlar.

C ә l a l (qabağında kitab, duruxa-duruxa oxuyur). Mara çe töhfә adәrdi.

M ü ә l l i m (ucadan). Avәrdi!

C ә l a l. Avәrdi. Küft. Bәxatir. Bәxatir daştәm ki, çün bәdәr xәt....

M ü ә l l i m (ucadan). Bәdirәxt!

C ә l a l. Bәdirәxt gül rәsmi damәni, damәni pәr künәm....

M ü ә l l i m (ucadan). Pür künәm.

C ә l a l. Pür künәm hәdiyeyi әshabra, әshabra çün rәsidәm buy gülәm çәndan mәst gәrd ki, damәnәm, damәnәm öz dәst bәrfәt.

M ü ә l l i m (ucadan). Berәft!

C ә l a l. Әz dәst berәft, ey mürği sәhәr, eşqi zipәrvanә, zipәrvanә....

B i r k i ş i (mәşәdi paltarında tәlәsik girir içәri vә tövşüyә-tövşüyә ucadan). Hacı Hәsәn әmi evdә?...

C ә l a l (kişiyә). Ağam gedib bazara.

Kişi çıxıb gedir. Müәllim tәәccüb ilә baxır onun dalınca.

C ә l a l (yenә oxuyur). Zipәrvanә beyamu, beyamuz ... ganә ... suxtәra....

M ü ә l l i m (ucadan). Düz oxu, kon suxtәra ... şeri qәlәt oxumazlar.

C ә l a l. Kon suxtәra can şüd, can şüd avaz nәyamәd....

İskәndәrin sәsi gәlir: “Mars, Mars! Mars!” deyib iti çağıra, çağıra girir içәri.

C ә l a l (oxuyur). Kon suxtәra, kon suxtәra ... (İskәndәrә) Dadaş, çıx get, qoy dәrsimi oxuyum.

İskәndәr itin qulaqlarından yapışıb, istәyir çәkә içәri. İt dartınıb gәlmir.

C ә l a l (İskәndәrә). Sәn allah, dadaş, iti çağırma içәri; qoy dәrsimi oxuyum.

İskәndәr itdәn әl çәkib, çox hәvәsli vә kefli, şlyapasını kravatın üstünә çırpıb, başlayır papiros eşmәyә.

M ü ә l l i m (İskәndәrә). Xudahafiz. İskәndәr bәy. Yaxşı oldu tәşrif gәtirdiniz. Tәvәqqe elәyirәm mirzә Cәlala nәsihәt elәyәsiniz ki, dәrslәrinә can yandırsın.

İ s k ә n d ә r (oturur kravatın üstündә). Baş üstә, baş üstә, nәsihәt elәrәm. Amma bunu de ki, mәnim sözümә qulaq asan kimdi? Odu, allahın iti dә mәnim sözümә baxmır; nә qәdәr elәdim, içәri girmәdi. Xa ... xa ... xa ... (qah-qah çәkib gülür).

M ü ә l l i m. Yox, elә buyurma. Mirzә Cәlal ağıllı oğlandı; mirzә Cәlal sәnin sözünә baxar; ondan ötrü ki, bu qәdәr zәhmәti ki, mәn onun yolunda çәkirәm, atası çәkir, gәrәk bu da elә rәftar elәyә ki, bu zәhmәtlәr sәmәrәsiz qalmayalar. Mәgәr mirzә Cәlal görmür ki, elmsiz insan bir qәpiyә dәymәz? İnsanın ki, elmi olmadı, onun nә qәdr-qiymәti ola bilәr vә nә hörmәti ola bilәr.

İ s k ә n d ә r (ucadan qah-qah çәkib gülür). Mәgәr mirzә Cәlal görmür ki, elmli insan bir qәpiyә dәymәz? Xa ... xa ... xa ... hәr kәsin ki, elmi var, onun hörmәti yoxdu; hәr kәsin ki, hörmәti var, onun da elmi yoxdu. Xa ... xa ... xa.... İnsan ona deyәrlәr ki, nә elmi ola, nә hörmәti ola. Xa ... xa ... xa....

M ü ә l l i m (Cәlala). Yox-yox, İskәndәr bәy zәrafәt elәyir; әlbәttә, zәrafәt elәyir.

C ә l a l (müәllimә). Mirzә, vallah dadaşım genә keflidi.

İ s k ә n d ә r (tez durub gәlir Cәlalın yanına). Mәn? Mәn? Mәn kefliyәm?

Ağzını Cәlalın ağzına tutub, "hu, hu, hu" elәyir. Hanı? Mәn kefliyәm?

C ә l a l. (başını kәnara çәkib üzünü turşudur). Vallah, dadaş, genә çaxır içmisәn.

İ s k ә n d ә r (gülә-gülә ucadan). Yalan deyirsәn, vallah yalan deyirsәn! Çaxır içmәmişәm araq içmişәm! Gördün yalan deyirsәn! Xa ... xa ... xa!...

M ü ә l l i m (ayağa durub, Cәlala). Çünki bu gün dәrsini yaxşı bilmirsәn, dәxi mәn dә sәnә tәzә dәrs vermirәm. Haman dәrsi sabah soruşacağam.

B i r k i ş i (mәşәdi paltarında qapıdan tәlәsik girib, tövşüyә-tövşüyә ucadan). Hacı әmi evdә?

C ә l a l (kişiyә). Evdә deyil.

Kişi gedir. Hәyәtdә it hürür kişinin üstünә.

İ s k ә n d ә r (qapıya tәrәf gedib). Küş, küş, küş! Xa ... xa ... xa! Küş, küş, küş! Xa ... xa ... xa! Mars, Mars, Mars! Fut, fut, fut! (İti muşqurur).

C ә l a l (İskәndәrә). Vallah, dadaş, ağam gәlәndә deyәcәyәm ki, dadaşım iti küşkürürdü adamların üstünә.

İ s k ә n d ә r (bir qәdәr Cәlala baxandan sonra). Mәn dә deyәcәyәm ki, Cәlal dәrsini bilmirdi. Xa ... xa ... xa! (Gülüb qurtarandan sonra bir az baxıb, gәlir Cәlalın yanına). Yox, yox, demәnәm, demәnәm. Sәn bilirsәn ki, mәn sәni çox istәyirәm (üzünü әllәyir). Amma dadaşının sözünә baxmamaqda bir az yaxşı elәmirsәn. İndi mәsәlәn, bu kitabı qoyubsan qabağına, oxuyursan (Kitabı götürür әlinә). İndi yәqin ki, ağan bu kitaba üç abbası, bәlkә hәlә dörd abbası, ya bir manat verib, alıb, sәn axmaq qabağına qoyub oxuyursan. Amma o pulları aparıb Karapetә versәydin, sәnә iki şüşә Smirnov arağı verәrdi. Sәn dә gәtirib verәrdin İskәndәr dadaşına. Mәn qoyardım cibimә. Birini sәhәrdәn içәrdim axşama kimi sәnin sağlığına, birini dә axşamdan içәrdim sәhәrә kimi mirzәnin sağlığına. Siz sağ olardınız, mәn dә kef elәrdim (müәllimә tәrәf). Mәn ölüm, mirzә, doğru demirәmmi? Xa ... xa ... xa!...

M ü ә l l i m. Bağışlayın, İskәndәr bәy, hәrçәnd bәndәnin tәrәfindәn küstaxlıqdır sizә nәsihәt elәmәk, amma uşaq tayfasına o cür sözlәri demәyiniz bir az bicadır. Siz qardaşınıza demәkdәn ki, sәy elә, elm dalınca get, başlayırsız ona lazım olmayan nәsihәtlәri elәmәyә.

Cәlal istәyir kitabı onun әlindәn ala, o da vermir.

İ s k ә n d ә r. Xa ... xa ... xa!... (Cәlala). Elm dalınca get. Xa ... xa ... xa! Elm dalınca get. Yavaş, yavaş, qulaq as, gör nә deyirәm.

B i r m ә ş ә d i (tövşüyә-tövşüyә içәri girib, ucadan). Hacı Hәsәn әmi evdә?

İ s k ә n d ә r. Evdәdi, evdәdi.

C ә l a l (mәşәdiyә). Dadaşım yalan deyir, ağam gedib bazara.

M ü ә l l i m (mәşәdiyә). Nә var, nә xәbәrdi?

Məşәdi dinmәyib gedir.

İ s k ә n d ә r (әlindә kitab, qaçır mәşәdinin dalınca). A kişi, getmә, hacı evdәdi, getmә. Mars, Mars, Mars! Küş, küş, küş! Qoyma getdi. Fut, fut, fut! Aha, aha, fut! Küş, küş, küş! (Ayaqlarını yerә döyür).

M ü ә l l i m (istәyir çıxıb gedә). Hәlә ki, xudahafiz (Çıxıb gedir).

İ s k ә n d ә r (gülә-gülә müәllimin dalınca). Mirzә, getmә! Mәn ölüm getmә, gәl Cәlala elm öyrәt. Oxusun alim olsun.

C ә l a l (İskәndәrә yavıq gәlib). Dadaş, ver kitabımı.

İ s k ә n d ә r (çox ucadan vә hirsli). Cәhәnnәm ol!

Cәlal qorxub qaçır eşiyә.

(İskәndәr bir az onun dalınca baxandan sonra, gedib oturur kravatın üstündә vә bir cibindәn araq şüşәsini vә o biri cibindәn bir balaca stәkan çıxarıb, başlayır töküb içmәyә, sonra kitabı açıb baxır).

İ s k ә n d ә r (kitaba). Tanıyıram sәni. Mәn dә sәni bir az oxumuşam. On beş il bundan irәli hәmin otaqda mәn dә sәni oxumuşam (oxuyur). "Mәlikra on nәsihәt sudmәnd amәd vә әz sәri-xuni-u dәr güzәşt" [1]. Mәnim dә müәllimim mәnә nәsihәt elәrdi ki, bala, sәy elә, dәrslәrini yaxşı öyrәn. Amma bu dılğırların heç birindәn eşitmәdim ki, desin: bala, adam ol. Hәr kәsә rast gәlirsәn, elә bunu eşidirsәn ki, elm oxu, alim ol. Amma mәni bir başa salan yoxdur ki, axır, bu elm, elm nә demәkdir? Elm ona deyәrlәr ki, indi birisi bu şüşәni çәkә başına, hamısını içә, (içir). Pah! Puf! (üzünü turşudur). Bax, elm--buna deyәrlәr.

[1] Sədi Şirazinin məşhur “Gülüstan” əsərindəndir. Mənası: Padşaha onun nəsihəti xoş gəldi və onun qanindan keçdi.

C ә l a l (başını qapıdan uzadır içәri). Dadaş, vallah, ağam gәlәndә deyәcәyәm.

İ s k ә n d ә r (stәkaşı vә şüşәni qoyur cibinә) Cәlal, Cәlal, bura gәl, gör sәnә nә deyirәm.

C ә l a l. Gәlmirәm, sәn keflisәn.

İ s k ә k d ә r. Cәlal, bilirsәn Sokrat nә deyirmiş?

C ә l a l. Sokrat kimdi?

İ s k ә n d әr. Sokrat bir adam idi; çoxdanın adamı idi. Çox, çox çoxdanın adamı idi. Sokrat deyәrmiş ki, "mәn dәrs oxumamış elә xәyal elәrdim ki, dünyada bir zad bilirәm; amma elm oxuyandan sonra yәqin elәdim ki, heç zad bilmirәm". Xa ... xa ... xa! Yәni araq içmәyi dә bilmirәm! Cәlal, ay Cәlal! İndi sәn mәndәn qaçırsan, deyirsәn ki, mәn kefliyәm; amma and olsun Qara ağac pirinә ki, sәn dә mәnim kimi dәrs oxuyub qurtarandan sonra, başlayacaqsan İskәndәr dadaşın kimi küplәrin dibindә yatmağa. Xa ... xa ... xa!...

N a z l ı (qapıda görsәnir). Dadaş, sәn allah az iç bu zәhrimarı!

İ s k ә n d ә r. Baş üstә, bax, mәnim bu gözlәrim üstә (әlini qoyur gözünә).

N a z l ı. Vallah, yalan deyirsәn.

İ s k ә n d ә r. Vallah, yalan demirәm. Nә qәdәr ki, sәn burada durubsan, bir tikә dә içmәrәm, amma doğrudan doğrusu elә ki, buradan gedibsәn, içәcәyәm.

N a z l ı (gәlib yapışır İskәndәrin әlindәn). Mәn dә sәnin yanından getmәnәm.

İ s k ә n d ә r (Nazlını qucaqlayır). Ey mәnim gözәl bacım Nazlı. Sәhәrdәn axşama kimi oturubsan evdә, anandan bozbaş bişirmәk dәrsi alırsan, amma mәnim yanıma gәlmirsәn ki, gәzdiyim şәhәrlәrdәn sәnә nağıl elәyim, görәsәn dünyada nә var, nә yox! Bax, hәyәtdә gün çıxıb; sәn ki, o günü görmәyәcәksәn, nәyә lazımdır onun işığı? Çöldә otlar göyәrib, ağaclar çiçәk açıb, amma nәyә lazımdır sәnsiz o çiçәklәr, o çәmәnlәr? Sәnin burnu fırtıqlı balaca qardaşların (Cәlal vә Nazlı gülür) gedirlәr arxların kәnarında yonca yığıb yeyirlәr, amma sәn evdә oturub, saqqız çeynәyirsәn. Evdә bitli bacılarınnan әl-әlә verib, atılıb-düşürsәn vә deyirsәn: haquşka ha haquşka! Bir yarım var haquşka, uzun әtәk haquşka! Xa ... xa ... xa!... (Cәlal vә Nazlı gülürlәr). Mәnim istәkln Nazlı bacım! Gәl yapışım әlindәn, baş alıb bu vilayәtdәn çıxıb, qoyub gedәk. Dәm qәnimәtәst. Dәxi niyә durubsan?

Dәxi nә yaşınmaq, nә bürünmәk, nә utanmaq?

Bәsdir bu dayanmaq!

Allaha şükür, lalә yanağında eyib yox,

Qaşında, dәhanında, dodağında eyib yox,

Bir zәrrәcә zülfündә, buxağında eyib yox,

Dәxi nә yaşınmaq, nә bürünmәk, nә utanmaq?

Bәsdir bu dayanmaq! [2]

[2] Şer Molla Pənah Vaqifindir.

Hacı Hәsәn çox havalı vә lәhlәyә-lәhlәyә girir içәri. Nazlı vә Cәlal gedirlәr.

İ s k ә n d ә r. Ata, nә xәbәr?

H a c ı H ә s ә n (bir az fikir elәyәndәn sonra başını qalxızıb). Deyirlәr Kәrbәlayı Fәtullah dirilib.

İ s k ә n d ә r (tәәccüblә başını atasına tәrәf әyib). Necә?

H a c ı H ә s ә n. Deyirlәr Kәrbәlayı Fәtullah dirilib.

İ s k ә n d ә r (tәәccüblә). Necә Kәrbәlayı Fәtullah?

H a c ı H ә s ә n. Hacı Rüstәm әmivin oğlu Kәrbәlayı Fәtullah.

İ s k ә n d ә r. O ki, Xorasanda ölmüşdü?

H a c ı H ә s ә n. Hә, hә ... haman Kәrbәlayı Fәtullah.

İ s k ә n d ә r. Yәni lap dirilib, qәbirdәn çıxıb eşiyә?

H a c ı H ә s ә n (hövsәlәsiz). Hә, hә, dirilib.

İskәndәr düzәlib, üzünü çöndәrir kәnara vә istәyir gülmәyini saxlasın, amma tab gәtirә bilmәyib, birdәn qah-qah çәkib gülür vә qaçır eşiyә.

H a c ı H ә s ә n (tәәccüblә onun dalınca baxa, baxa). Allah sәnә lәnәt elәsin! Budu, bu da bizim oxumuşlarımız! Yәqin ki, genә keflidir. Yәni heç kefli dә olmasa, belә şeylәrә inanmaz. Heç bir şeyә inanan deyil; nә allahı tanıyır, nә peyğәmbәri tanıyır. Öz ağırlığı qәdәrincә oxumağına pul qoymuşam, on il gedib, nә bilim, hansı cәhәnnәmin dәrәsindә dәrs oxuyub; indi gör axırı nә günә qalıb? Hәlә bir para namәrdlәr müsәlmanlara mәzәmmәt elәyirlәr ki, uşaqlarını dәrsә qoymurlar. Bu da sәnә dәrs! İndi qoy gәlib, dәrs oxuyanları görsünlәr. Allah mәnә min dәfә lәnәt elәsin, әgәr bir dә mәn uşaq göndәrәm gedә uzaq yerdә kafirlәr içindә dәrs oxumağa! Yәni mәn başı küllü bilirdim ki, axırı belә olacaq. Amma qoymurlar; vallah, billah bu adamlar qoymurlar ki, xalq başını salsın aşağa öz bildiyini elәsin. Yapışırlar yaxamdan ki, hacı, uşağına yazığın gәlsin, allaha şükür, mәqdurun [3] var, qoy getsin dәrs oxusun, gәlib bir qulluq sahibi olsun; incinar olsun, hәkim olsun, silitçi [4] olsun, nә bilim nә zәhirmar olsun. Bәli, göndәrdik. Maşallah, oxudu gәldi; indi gör nә olub; sәhәr kefli, axşam kefli. Divanxanalarda heç mirzәliyә dә götürmürlәr. Allah baisin evini yıxsın.

[3] Qüvvәn; burada: pulun, imkanın.

[4] Rusca sledovatel (müstәntiq) sözünün o zaman el arasında işlәnәn şәkilidir.

H a c ı B ә x ş ә l i (tövşüyә-tövşüyә girir içәri). Hacı, Kәrbәlayı Fətullah dirilib?

H a c ı H ә s ә n (durur ayağa). Bәli, bәli, dirilib; hәtta öz әliynәn kağız da yazıb. Mәәttәl qalmışam.

H a c ı B ә x ş ә l i. Allahın qüdrәtindәn heç bir şey uzaq deyil vә bir dә, ay hacı, ölü öz başına dirilmәz ki? Әlbәttә, onu bir dirildәn var.

H a c ı H ә s ә n. Yәni, ay hacı, bu bir qәribә iş deyil ki! Odu, keçәn il Kabla Xәlilin arvadı, xәbәr çıxdı ki, ölüb. Amma sәhәr dedilәr ki, dirilib. İndi odura gәzir.

İ s k ә n d ә r (qapıdan başını içәri uzadıb). Әlbәttә, axşam elә biliblәr ki, arvad ölüb, amma demә sәn diri imiş! Xa ... xa ... xa!...

H a c ı H ә s ә n (çox ucadan vә hirsli İskәndәrә tәrәf) Cәhәnnәm ol!

H a c ı K ә r i m (tövşüyә-tövşüyә girir içәri). Hacı, deyirlәr Kәrbәlayı Fәtullah dirilib?

H a c ı H ә s ә n. Bәli, belәdir, doğrudur. Hacı, әylәş. Hacı, әylәş.

Otururlar.

H a c ı K a z ı m (tövşüyә-tövşüyә girir içәri). Hacı, Hәsәn ağa, deyirlәr Hacı Rüstәm dadaşın oğlu dirilib?

H a c ı H ә s ә n (durur ayağa). Bәli, hacı ağa, belәdir, doğrudu.

M ә ş ә d i O r u c vә onun dalınca bir dәstә adam tövşüyә-tövşüyә girirlәr içәri.

M ә ş ә d i O r u c (bir әlindә kağız, hәr iki әlini göyә qalxızıb, allahı çağırır). Bari pәrvәrdigara, sәnin qüdrәtini tәrif elәmәyә dilim laldır. Min şükürlәr olsun kәrәminә, ilahi!

Adamların bir parası qabağa yeriyib, kağıza baxırlar vә deyirlәr.

“Budurmu Kәrbәlayı Fәtullahın kağızı? Oxu görәk nә yazıb?”

H a c ı H ә s ә n (Mәşәdi Oruca). Mәşәdi Oruc, yaxşısı budur ki, kağızı oxuyasan, camaatın hamısı eşidә; çünki çox qәribә işdir; insan mәәttәl qalır.

M ә ş ә d i O r u c (yenә hәr iki әlini yuxarı qalxızıb, başlayır ağlamağa vә gözünün yaşını arxalığının әtәyi ilә silәndәn sanra başlayır kağızı oxumağa).

"Ey mәnim әziz vә mehriban qardaşım Mәşәdi Oruc! Bu kağız sәnә çatan kimi, әvvәl qabaqca Hacı Hәsәn әmimә müjdә ver.

Hacı Hәsәn ağlayır.

Ondan sonra, hәyә anam sağdır, get anamı bas bağrına vә deginәn: "Ay ana, yazıq ana, dәxi qüssә elәmә, oğlun Kәrbәlayı Fәtulah dirilib. Sonra mәnim oğlum Mәhәmmәdhәsәni al qucağına vә deginәn: "Ey yazıq bala, ürәyini sıxma, sәn dәxi yetim deyilsәn, atan dirilib vә bir neçә gündәn sonra sәnә Xorasandan qırmızı başmaq gәtirәcәk". Vә ayıb olmasın Mәhәmmәdhәsәnin anası,--әlbәttә indi gedib әrә vә işdi, әgәr getmәmiş olsa,--gәlin bacımı göndәr, ona xәbәr versin (ağlayır). Ey mәnim әziz vә mehriban qardaşım Mәşәdi Oruc! Ola bilәr ki, mәnim dirilmәk xәbәrim sәnә vә bir para qәlbi-qara adamlara tәәccüblü görsәnә. Min lәnәt olsun o kәslәrә ki, xudavәndi-alәmin hikmәtinә şәkk gәtirәlәr!

A d a m l a r h a m ı b i r d ә n: Lәnәt!

M ә ş ә d i O r u c (oxuyur). Qardaşım! Mәşәdi Oruc! Mәn vә mәndәn savayı yüz on dörd nәfәr qәbirdәn ricәt edib, dübarә bu dünyaya gәlәnlәr, gәrәk bir hәftә tamam ziyarәtә mәşğul olaq vә inşallah bir hәftәdәn sonra gәlәrәm vәtәnә. Ancaq indi müxtәsәr surәtdә bunu deyә bilәrәm ki, Mәşhәdi-müqәddәsdә bir abid peyda olub, bunun ismi-şәrifi Şeyx Nәsrullahdır. Әyyәdullah tәala billütf! [5] Şeyx cәnabları neçә illәr ilә İsfahanda ülumi-xәfiyyatı tәhsil edәndәn sonra, tәşrif gәtiriblәr Xorasana vә burada neçә ay riyazәti-tam vә mücahideyi-lakәlamdan sonra, hәmin elmin xәfayasının istinbatına vә istixracına müttәle olub, axırda bu niyyәtә düşüb ki, sübhanә vә tәalanın mәrhәmәtilә tәsxiri-әrvahә iqdam elәsin.

[5] Allah-taala öz lütfü ilә kömәk elәsin.

Ey mәnim mehriban qardaşım Mәşәdn Oruc! Macәranın tәfsilini, inşallah, gәlәndә özüm dil-cavabı nağıl elәrәm vә sәn eşidib mat vә heyran qalarsan. Ancaq bunu bil vә eşit ki, cәmadiyәl-axirin on sәkkizinci günü, qәmәr süfla alәminә yavuqlaşan saatda, şeyx cәnabları Mәşhәdi-müqәddәsdә qürәba qәbristanına әhli-qübur ziyarәtinә gәlib, tәsxirül-әmvat şәraitini әmәlә gәtirәndәn sonra, әvvәl başlayıb bir dua oxumağa vә sonra uca sәslә deyib: Әzzәmtü әleyküm ya әhlәl-qübur! Durun ayağa ey allahın mömin bәndәlәri! Bu sәsi eşitcәk cәmi ölülәr allahın qüdrәtilә bir hәrәkәtә gәldilәr.

Adamlar başlayır ağlamağa.

Dәxi nә deyim, ay qardaş? Gördüm başımın üstündә bir şәxs durub, uca qamәtli, qırx yaşında, abidi-saleh vә rәhmdil, siyәhçeşm vә rәngi-ruyi-mübarәkәş bәsәbzә mail vә ismi-mübarәkәş Şeyx Nәsrullah İsfәhani [6].

[6] Qaragözlü, mübarәk üzünün rәngi yaşıla çalır vә mübarәk adı Şeyx Nәsrullah İsfәhani.

H a c ı l a r ı n b i r i d e y i r: Xudaya, şükür sәnin cәlalına!

B i r i d e y i r: Bari pәrvәrdigara, rәhmin gәlsin yazıq bәndәlәrinә!

Hamı yenә ağlayır.

M ә ş ә d i O r u c (oxuyur). Ey mәnim mömin qardaşım Mәşәdi Oruc! Bu kağızı sәnә yazmaqda mәqsәdim sәni xәbәrdar elәmәkdir ki, fazili-bimisl vә abidi-müqәddәs Şeyx Nәsrullah rәcәb ayının qürrәsindә Mәşhәdi-müqәddәsdәn çıxacaq, Culfa yolu ilә Tәbrizdәn keçib, Nәcәfül-әşrәf şәhәrinә azim olacaq. Şeyx cәnablarının qәsdi bizim şәhәrimizdә bir gün qalıb vә әhli-qübur ziyarәtinә müşәrrәf olub, sonra yola düşüb getmәkdir.

Adamlar ağlayır.

Bu kağız sәnә yetişәn kimi bu xәbәri vәtәn qardaşlarıma vә xüsusәn möhtәrәm Hacı әmimә yetirәsәn ki, ayın yeddisindә ya sәkkizindә şeyx cәnablarının pişvazına çıxıb, o pak vücuda layiqincә ehtiram göstәrsinlәr ki, bәlkә ağanın fәzilәtinin kәramәt vә mәrhәmәtindәn mәnim hәmşәhәrlilәrim bibәhrә qalmasınlar. Vәssәlam. Kağıza qol qoyub әhli-vilayәti-filan Mәşәdi Fәtullah Hacı Rüstәm oğlu, fi-tarix 19 cәmadiyәl-axir, şәhri Mәşhәdi-müqәddәs. (Hәr iki әlini göyә qalxızıb ağlayır. Adamlar da habelә ağlayırlar). Xudaya, şükür!

H a c ı B ә x ş ә l i (tәәccüblü). Elәdә şeyx cәnabları bizim şәhәrә dә tәşrif gәtirәcәk?

H a c ı H ә s ә n. Bәli, bәli. Kağızdan belә mәlum olur ki, belә yazılıb. Adamlardan bir neçәsi gәlәcәk; bizim şәhәrә gәlәcәk.

M ә ş ә d i O r u c. Bәli, bәli, bizim şәhәrә gәlәcәk; yәni gәlib buradan Tәbrizә gedәcәk.

H a c ı K a z ı m. Nә vaxt tәşrif gәtirәcәk? A kişi, nә deyirsәn?

M ә ş ә d i O r u c. Bәli, bәli, belә yazılıb; rәcәb ayının yeddisindә ya sәkkizindә tәşrif gәtirәcәk.

H a c ı K ә r i m. A kişi, nә danışırsan? Yәni neçә gündәn sonra bizim şәhәrә tәşrif gәtirәcәk?

M ә ş ә d i O r u c. Yәni iki-üç gündәn sonra.

A d a m l a r ı n b i r n e ç ә s i. Yәni iki-üç gündәn sonra şeyx cәnabları bizim şәhәrә tәşrif gәtirәcәk?

M ә ş ә d i O r u c. Bәli, bәli, belәdir.

Adamlar hәrәkәtә gәlir, bir-birinә deyir: "Dәxi niyә durmuşuq?" Bir az hamı baxır bir-birinin üzünә.

H a c ı H ә s ә n (üzünü hacılara tutub) Vallah, dünyanın işlәrinә mәәttәl qalmışam (bir az fikirdәn sonra). Yәni hәqiqәtdә bu bir möcüzәdir ki, insan ölәndәn sonra dirilә vә bizim kimi ağıllı-başlı adam ola.

H a c ı B ә x ş ә l i. Hacı Hәsәn ağa, sәn elә sözlәri gәrәk buyurmuyasan. Allahın hikmәtinә әl aparmaq olmaz vә bir dә bu işlәr gizlin bir iş ki, deyil: odur ki, kişi öz әli ilә kağız yazıb. Xeyr, Hacı ağa, sәn o sözlәri buyurma.

B i r n e ç ә a d a m. Әlbәttә, әlbәttә, bunların hamısı hikmәtdir. Bu sirlәr hamısı allah-talalanın yanındadır.

H a c ı H ә s ә n. Elәdә dәxi niyә durmuşuq? Elәdә indi şeyx cәnabları yoldadır. Dәxi durmaq vaxtı deyil. Hacı Kazım, Hacı Kәrim, Hacı Bәxşәli, Mәşәdi Oruc, dәxi kim var, hamınıza deyirәm: durmayın, tәdarük görün (ucadan). A gәdә, Heydәrәli, haradadır bizim gәdәlәr?

Nökәr Ә l i qapıda adamların dalında görsәnir.

A gәdә, ata arpa verin, yәhәr-әsbabı sazlayın. Siz dә, hacılar, mәşәdilәr, hazırlaşın; durmaq vaxtı deyil. Gәrәk yol tәdarükü görәk. Gәrәk qabağa gedәk.

Hacılar, adamlar hәrәkәtә gәlirlәr. Adamların bir neçәsi çıxır vә bir-birinә deyir: "Gedәk atları hazırlayaq".

H a c ı H ә s ә n. A gәdә, Heydәr! Durma, tez evә xәbәr elә ki, otaqlara fәrş salsınlar, qonaq gәlәcәk.

Adamların içindәn nökәr Heydәr çıxıb gedir.

H a c ı K a z ı m (Hacı Hәsәnә). Hacı, qoy sizә zәhmәt olmasın, şeyx cәnablarının zәhmәtini mәn çәkim, qoy bizim qonağımız olsun; qorxuram sizә zәhmәt ola.

H a c ı H ә s ә n. Yox-yox, Hacı Kazım, sәn allah elә demә. Elә vücudun yolunda belә zәhmәtlәr xoşdur.

H a c ı B ә x ş ә l i. Xeyr, Hacı Hәsәn ağa, qoy şeyx bizә qonaq olsun.

H a c ı K ә r i m. Vallahı, razı olmanam, gәrәk şeyx cәnablarının bәndәçiliyini özüm qәbul edәm. Vallah, olmaz.

H a c ı H ә s ә n (Hacı Kәrimә). Sәnin başın üçün razı olmanam; çünki şeyx cәnablarının boynumuzda haqqı çoxdur.

H a c ı K a z ı m. Elәdә, Hacı Hәsәn ağa, dәxi dayanmaq vaxtı deyil. Gedәk hazır olaq. Hacılar, buyurun gedәk, yol tәdarükü görәk.

Hamı "buyur-buyur"--deyib çıxırlar. Otaqda bir Hacı Hәsәn qalır. Bu, tәrәfdәn qapıdan Kәrbalayı Fatma xanım, başında çadra, qorxa-qorxa başını içәri uzadıb, sonra girir, içәri.

K ә r b ә l a y ı F a t m a x a n ı m (Hacı Hәsәnә). Ay Hacı, bu nә xәbәrdir? Deyirlәr Kәrbәlayı Fәtullah dirilib gәlir?

H a c ı H ә s ә n. Kabla Fatma, dәxi durmaq vaxtı deyil, ev-eşiyi sazla. Dünya

vә alәm bir-birinә dәyib; Xorasanda hәr nә qәdәr adam ölmüşdü, hamısı dirilib. Kәrbәlayı Fәtullah da dirilib; odur, bu gün-sabah gәlir. Onu dirildәn şeyx dә gәlir; özü dә düşәcәk bizdә. Di sәnә deyirәm durma get, ev-eşiyi sәliqәyә sal (ucadan vә hirsli). Di sәnә deyirәm durma! (İstәyir çıxıb getsin).

K ә r b ә l a y ı F a t m a x a n ı m. Ay Hacı, allah atana rәhmәt elәsin, bir de görüm, bizim şәhәrin ölülәrini dә dirildәcәk?

H a c ı H ә s ә n (qapıda). Ay arvad, sәn allah, tez ol, durma! Bilmirәm dirildәcәk ya diriltmәyәcәk. O bağlıdır allahın iltifatına. Mәnim özümün dә ağlım çaşıb; heç bilmirәm nә cür dirilәcәk? Allahın iltifatı olsa, bu nә bir çәtin işdir? (Çığırır). Arvad, sәnә deyirәm durma get, tәdarük gör! Mәn gedirәm (çıxır).

K ә r b a l a y ı F a t m a x a n ı m (hәr iki әlini yuxarı qalxızıb ağlayır). Ey yeri-göyü yox yerdәn yaradan allah! Mәni il yarımdır ağlar qoyubsan, gülüzlü qızımı әlimdәn alıbsan, mәnim ciyәrimә dağ basıbsan! Ay rәhim allah, mәn sәndәn istәyirәm Saramı! Ay Kәrbәlayı Fәtullahı dirildәn allah, mәnә dә rәhmin gәlsin; mәnim gülüzlü qızımı dirilt! Allah! Allah! ... (ağlayır, üzüqoylu döşәnir yerә).

İ s k ә n d ә r (içәri girir, yavaş-yazaş gәlib durur anasının yanında vә başını aşağı salıb qәmgin deyir). Yazıq ana!

P ә r d ә


IKINCI MӘCLIS

Hacı Hәsәnin qonaq otağı. K ә r b ә l a y ı F a t m a x a n ı m vә qulluqçusu Zeynәb evi sәliqәyә salırlar. Nazlı sevincәk gәzir, oynayır, oxuyur.

N a z l ı (sevincәk anasına). Ana, başına dönüm, ana, o qadanı alım, ana, deyirlәr bu gәlәn qonağımız ölülәri dirildir. Qadanı alım, ana, bir de görüm doğrudur, ya yox? (Anasını qucaqlayır).

K ә r b ә l a y ı F a t m a x a n ı m. Ay qız, mәn nә bilim? Mәn dә sәnin kimi. Deyirlәr Xorasanda on yüz adam dirildib. Kәrbәlayı Fәtullah әmoğluvu da dirildib. Hәlә mәni ötür, indi qonaqların gәlmәk vaxtıdır, qoy işimi görüm. Ay qız, Zeynәb, tez ol yasdıqları gәtir, bu tәrәfdәn qoy. Bu xalçanı bir az bu tәrәfә çәk. Tez ol! Bir az çәpik tәrpәş!

N a z l ı. Ana, vallah, bilmirәm ağlayım, ya gülüm. Vallah, gör fikrimә nә gәlir. Ana, ürәyimdә bir söz var, qoy deyim (anası dinmir). Ana, vallah, qonağımıza yalvaracağam, onun ayağına düşәcәyәm (ağlaya-ağlaya) mәnim Sara bacımı da diriltsin.

K ә r b a l a y ı F a t m a x a n ı m. Ay qız, nә bilim (Yerә çöküb, üzünü çarqatının ucu ilә örtür vә başlayır ağlamağa).

Z e y n ә b. Ay xanım, sәn allah, ürәyini sıxma, allah kәrimdir (Kәrbәlayı Fatma xanım gözlәrini silib, üzünü açır). Ay xanım, sәn allah, o kişi necә adamdır ki, ölülәri dirildir? Yaxşı, bәlkә imamdı, seyiddi? Bay, allah, kәrәminә şükür. (Bir az dinmәyib). Sәn allah, xanım, bircә bunu sәndәn soruşacaqdım ki, görәsәn o kişi kasıbların da ölüsünü dirildir, ya bircә dövlәtli adamlarınkını? Vallah, xanım, bu gün o qәdәr fikir elәmişәm heç bilmirәm nә qayırıram. Doğrusu (ağlaya-ağlaya) bizim balaca oğlan bu gün yadımdan çıxmır. Elә deyәsәn tifil bu saat qabağımda can verir. Yazıq uşaq ölәndә gözlәrini elә dirәmişdi üzümә ki, deyәsәn mәndәn bir zad istәyir. (Ağlaya-aqlaya çarqatı ilә gözünün yaşını silir).

K ә r b ә l a y ı F a t m a x a n ı m. Ah, vallah, heç özüm dә bilmirәm. Allah rәhim allahdı, әlbәttә bizә dә yazığı gәlәr. Di durma, Zeynәb, get Әliyә de ki, su gәtirsinlәr. Sәn dә ocağın altına bax. (Zeynәb çıxır).

N a z l ı. Ana, ana, vallah, ürәyim bir tikә olub. (Gülә-gülә). Bircә dәfә Sara bacımı görsәydim, ölmәzdim. Ana, axı, sәn bilirsәn mәn Sara bacımı nә qәdәr istәyirdim. Bircә ölmәyәydim, o günü görәydim Sara bu qapıdan girir içәri. Belә atılıb onun boynunu qucaqlayaydım, deyәrdim, ay torpaqların içindә çürüyәn bacı! Vallah, ana, istәyirәm dәli olam. Bilmirәm gülüm, ya ağlayım. Mәn and içirәm allaha, peyğәmbәrә; nәzir elәyirәm ki, hәr nәyim var, paylayım fәqir-füqәraya, bax, paltarlarımı, qızıllarımı, bax, gedib hәr nә var gәtirәcәyәm. (İstәyir qaçıb gedә).

K ә r b ә l a y ı F a t m a x a n ı m. Ay qız, hәlә tәlәsmә. Qoy hәlә görәk. Gedib şey-şüyü gәtirib bura tökmә. Qonaqların gәlmәk vaxtıdı. Get Zeynәbә de tez olsun gәlsin.

İ s k ә n d ә r (oxuya-oxuya girir içәri). Hә ... ana, kefin necәdi?

K ә r b ә l a y ı F a t m a x a n ı m. Eh, zәhrimar olsun kefim! Sәnin dәrdin az qalıb mәni çürütsün. Xalqın da uşaqları dәrs oxuyublar. Odu, hamısı ağıllı-başlı adam olublar; hamısı ayıx-şayıx, ağılları başlarında. Hәrәsi özünә görә bir qulluq sahibi olub. Amma sәn gecә kefli, gündüz kefli.... Vallah, el içindә lap biabır olmuşuq. İçirsәn o zәhrnmarı, hәr nә ağlına gәlir, danışırsan. Nә allah tanıyırsan, nә böyük-kiçik tanıyırsan. Hәlә o nә sözdü dünәn Nazlıya demisәn? "Gәl yapışım әlnndәn gedәk, gәzәk". Yoxsa indi dә bu qalıb ki, qız uşaqları da oğlanlar kimi çıxıb çölü-bacanı gәzәlәr? Vallah, dünәn bunu Cәlal mәnә deyәndәn az qalıram elә öz әlimlә bir qәbir qazam, girәm içinә, yaxam qurtarsın.

İ s k ә n d ә r (qah-qah çәkib, yapışır anasının çiynindәn). Daha bundan sonra ölsәn dә, yaxanı qurtara bilmәyәcәksәn. Odu, Şeyx Nәsrullahdı-nәdi, bu gün gәlir. Sәn ölәrsәn, şeyx genә sәni dirildәr. Xa ... xa ... xa!... Daha bundan sonra ölmәknәn dә yaxan qurtarmaz. Xa ... xa ... xa!...

Z e y n ә b vә N a z l ı girirlәr. İskәndәr gedib oturur yasdıqların üstündә, Z e y n ә b istәyir qoymasın.

Z e y n ә b. Oturub yasdıqları әzmә! Sәndәn ötәri bunları bura qoymamışıq! Görmürsәn ki, qonaq gәlir?

İ s k ә n d ә r (Zeynәbә). Hey, Zeynәb, vallah, fәndini duymuşam! (Durur). Qonağın yolunda, bu qәdәr çalışırsan ki, әrin Kәrbәlayı Novruzu diriltsin? Vallahı, fәndini duymuşam. Xa ... xa ... xa!...

K ә r b ә l a y ı F a t m a x a n ı m (İskәndәrә). Ay yazıq, ay başı daşlı! Sәn nәyә inanırsan ki, buna da inanasan? Yazığım gününә! Yaxşısı budu çıx get, qoy işimizi görәk. Ay qız, Zeynәb, gәl bu xalçanın ucunu düzәlt.

N a z l ı (İskәndәrә). Dadaş, sәn allah, barı bu gün özünü yaxşı saxla. Vallah, adam utanır, qonaq-zad gәlәcәk.

M i r B a ğ ı r a ğ a (girib, başmaqlarını çıxardır). Salam әleyküm.

Nazlı üzünü örtüb, qaçıb gedir.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Әleykәssәlam. Ağa, buyur әylәş.

M i r B a ğ ı r a ğ a oturur. İskәndәr qaçır Nazlının dalınca.

İs k ә n d ә r. Ay qız, Nazlı, muştuluğumu ver! Nişanlın gәldi.

K ә r b ә l a y ı F a t m a x a n ı m (İskәndәrә acıqlı). Kәs sәsini! Axmaq-axmaq danışma!

Mir Bağır ağa başını salır aşağı.

İ s k ә n d ә r (gәlib durur Mir Bağırın qabağında). Mәn ölüm, әl ver! Lotusan hәyә, әl ver! Vallah, ruhun var; düz doqquz yaşında; gәrәk bircә tikә artıq olmasın. Quzu әti, şax, tazә-tәr, lәtif, balaca. Ağzından süd qoxusu gәlir. Lәzzәt, lәzzәt! Vallah, ruhun var! Lotusan hәyә, әl ver!

M i r B a ğ i r (İskәndәrә). Ayıbdı, ayıbdı! Heç olmasa, anandan hәya elә, o sözlәri danışma.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Onun hәyası olsa, niyә o sözlәri danışır?

İ s k ә n d ә r (bir az durub, tәәccüblü baxır özünә). Doğrudan, bәlkә mәndә heç hәya yoxdu. (İki әlini ciblәrinә salıb, bir şey axtaran kimi). Baxım görüm, bәlkә hәya ciblәrimdәdi: yox, yoxdur. (Mir Bağır ağaya). Ağa, mәn ölüm, sәn dә bir ciblәrinә bax, bәlkә ciblәrindә ola.

Mir Bağır ağa istәyir dursun ayağa.

Xa ... xa ... xa!... Mәn ölüm incimә! Lotusan hәyә, incimә! Әylәş, әylәş. Bu saat gedib nişanlını gәtirәcәyәm yanına. (Çağırır) Nazlı, Nazlı! (Fatma xanım da durur ayağa).

M i r B a ğ ı r a ğ a (qeyzli çox ucadan). Kәs sәsini, piyan! (istәyir getsin).

K ә r b ә l a y ı F a t m a x a n ı m. Buy, ay uşaq, başıma xeyr! Bu gәdә lap dәli olub. (Ucadan) Adә, Әli, kәl bu sәfehi çıxar sal eşiyә! (Mir Bağır ağa çıxıb gedir)

N a z l ı (girir içәri). Dadaş, vallah, lap biabır olduq. O nә sözlәrdi danışırdın? Ayıb deyil?

İ s k ә n d ә r (çırtıq çala-çala oxuyur vә oynayır).

Bir qız sevmişәm doqquz yaşında...

Sürmә gözündә, rasix qaşında.

Ay can! Ay can! Ay can!...

(Kәrbәlayı Fatma xanım ikiәlli İskәndәrә boğma çıxardıb gedir).

N a z l ı (ucadan). Dadaş, kәs sәsini!

İ s k ә n d ә r (bir az fikir elәyәndәn sonra gedib yapışır Nazlının әlindәn vә gәtirir pәncәrәnin qabağına). Bax, bax, o kimdi?

N a z l ı. Nә bilim? Özün bilirsәn kimdi.

İ s k ә n d ә r. Yaxşı bax! Bax, gör kimdi?

K ә r b a l a y ı F a t m a x a n ı m (gәlib durur qapıda). Ay balam, axı bir bәsdi! Utan, yorul! Axı bir özünә yazığın gәlsin. Axı bir hәya elә. O sözlәri ki, o kişiyә dedin, necә utanmadın? Yazıq kişi xәcalәtindәn dayana bilmәdi, durub getdi. Necә olsa seyiddi, qohumdu. Mәgәr adamın ağzına nә gәlsә danışar? Axı o da yazıqdır, qәribdir; bizdәn savayı onun bu şәhәrdә kimi var?

İ s k ә n d ә r (çırtıq çalıb Nazlını göstәrir). Belә bu şәhәrdә onun Nazlı kimi nişanlısı var.

N a z l ı. Dadaş, and olsun allaha, mәn Mir Bağır ağaya getmәyәcәyәm. Mәn heç kәsә getmәyәcәyәm.

İ s k ә n d ә r. Xa ... xa ... xa!... (gedib yapışır Nazlının әlindәn). Bacım, hәlә sәn uşaqsan. Get dolanginәn, xamsәn hәnuz! Bir gün olar ki, gәlib görәrәm sәnin qabağına bir ayna tutub, çәkә-çәkә aparırlar. Onda tutaq ki, sәn çәm-xәm elәdin. (Özü dә çәm-xәm, elәyәn kimi burulur). Tutaq ki, sәn istәmәdin gedәsәn. O vaxt bir dә görәcәksәn ki, sәni daldan itәlәyib deyirlәr ki, "Dayanma, tez-tez get!" Çönüb baxıb görәrsәn ki, itәlәyәn sәnin atan Hacı Hәsәndir. Bәli, sonra bәlkә gedә-gedә bir dә istәdin ki, dayanıb getmәyәsәn; bir dә görәcәksәn ki, daldan genә bir adam sәni dürtmәlәyir ki: "Dayanma, yeyin yeri!" Çönüb baxıb görәcәksәn ki, bu da sәnin anan Kәrbәlayı Fatma xanımdı. Әgәr, işdi, çox hay-huy elәsәn, yanındakı, әtrafındakı bibilәrin, xalaların, әmilәrin, seyidlәr, mollalar, qonşular, cicilәr, bacılar--hәrә bir yandan sәni mizlәyәcәklәr ki: "Dinmә, kәs sәsini! Xortdan gәlәr sәni aparar!" Bәli, halla-hallaynan sәni aparıb qatacaqlar bir kişinin yanına. Onda daha sәn mәni haradan tapacaqsan? (Çırtıq çalıb oxuyur).

Bir gün olar sәn dә mәni atarsan,

Qurtlarınan aşnalığı qatarsan,

Balam, qatarsan,

Bacım, qatarsan!...

(Bir az dayanıb fikir elәyәndәn sonra, baxır Nazlının vә anasının üzünә). Ana, bәlkә mәn kef havasına bu sözlәri danışıram? (Kәrbәlayı Fatma xanım dinmir. Nazlı gәlib İskәndәri qucaqlayır).

N a z l ı . Dadaş, kefli dә olsan, mәn sәnin sözündәn çıxmanam.

N ö k ә r l ә r (tövşüyә-tövşüyә girib, xәbәr verirlәr). Xanım, çıxın eşiyә, qonaqlar gәlir.

Xanım vә Nazlı qaçırlar otaqdan.

H a c ı H ә s ә n (üstü-başı tozlu, girib tövşüyә-tövşüyә otağın o tәrәfinә, bu tәrәfinә baxır, uzaqdan salavat sәsi gәldikcә ucalır). Allah-taalanın hәr bar bәlası gәrәk bizim vilayәtә nazil ola, Şeyx cәnabları yolda bir az naxoş olub. Bari allah şәfa versin ki, xәcalәt olmayaq. (İskәndәrә). İskәndәr, bu gün qonaqların yanında özünü yaxşı saxla. Ayıbdı, dost-düşmәn var.

İ s k ә n d ә r. Dadaş, bu haman ölü dirildәn şeyxdir ki, gәlir?

H a c ı H ә s ә n. Şeyx Nәsrullah cәnablarıdır. Dәxi vaxtım yoxdur sәnnәn artıq danışmağa. (İstәyir çıxsın). Görüm evdә hәr bir şeyi hazır elәyiblәrmi?

İ s k ә n d ә r. Dadaş, elәdә qonaqdan tәvәqqe elә ki, әvvәl qabaqca mәni diriltsin; çünki elә mәn dә ölü kimi bir şeyәm.

Hacı Hәsәn tez vә dinmәz gәlib yapışır İskәndәrin qolundan vә çәkә-çәkә aparır eşiyә. Salavat sәsi, adamların hay-küyü yaxınlaşır. Tarap-turup, at kişnәmәsi vә qiylu-qal gәldikcә ucalır, H a c ı H ә s ә n bir tәrәfdәn vә Ş e y x Ә h m ә d bir tәrәfdәn, Ş e y x N ә s r u l l a h ı qoltuqlayıb, gәtirirlәr içәri vә oturdurlar döşәyin üstündә vә özlәri çәkilib, әdәblә dururlar kәnarda. H a c ı B ә x ş ә l i, H a c ı K ә r i m, H a c ı K a z ı m, M ә ş ә d i O r u c, M i r B a ğ ı r a ğ a vә h a c ı l a r, otaq tutduqca, c a m a a t üst-başları tozlu, tövşüyә-tövşüyә otağa girib, әdәblә dururlar kәnarda. Şeyx Nәsrullah naxoş kimi heç kәsә baxmayıb, dayanır yastıqlara. İskәndәr adamların içindәn başını çıxardıb baxır. Hacı Hәsәn işarә elәyir ki, çıxıb getsin. İskәndәr yox olur. Şeyx Әhmәd yavaşca gәlir, çökür Şeyx Nәsrullahın qabağında vә dizi üstә yavaşca soruşur.

Ş e y x Ә h m ә d (Şeyx Nәsrullaha). Şeyxәna, әhvalınız indi necәdir?

Şeyx Nәsrullah bir söz demәyib, başını tәrpәdir.

H a c ı H ә s ә n (qorxa-qorxa Şeyx Әhmәdә yavıq gәlib). Şeyx cәnabları izin versin çay gәtirsinlәr.

Şeyx Nәsrullah başı ilә yox işarәsi elәyir.

H a c ı H ә s ә n (qorxa-qorxa). Bәlkә qәndab gәtirsinlәr?

Şeyx Nәsrullah yenә başı ilә işarә elәyir razı deyil.

H a c ı H ә s ә n. Bәlkә şeyx cәnabları tәam buyuralar? Yaxşı cücә-plov bişiriblәr.

Ş e y x N ә s r u l l a h (heç kәsin üzünә baxmayıb yavaşca). Adәmi dәr vәqti-mәrәz iştәhayi-tәam nәmibaşәd. Dil niz dәr vәqti-ibtila bәillәti-hәva vә istilayi-mәrәzi-hübbi dünya, rәğbәt bәzikri-pәrvәrdigar nәmidarәd. Tәam hәrçәnd lәziz başәd vә lakin dәr nәzәri-bimar lәzzәt namidәhәd. Dil niz çün bәmәrәz zatül-sәfәr vәsvәseyi-dünya mübtәla başәd, әz nemәti-bәndәgiyi-xuda vә tәhsili-faideyi-üqba mütәlәzziz nәmigәrdәd. Bәqәdri-matәhzünü lid-dünya yüxrücühümül-axirәtü min qәlbikә vә biqәdri matәhzünü axirәtin yüxrücü hümmüd dünya min qәlbikә [7].

[7] Xәstәlik zamanı insanın xörәk yemәyә meyli olmaz. Ürәk dünyanın hәvavü hәvәs mәrәzinә mübtәla olan vaxt allahı yada salmağ rәğbәt etmәz; yemәk nә qәdәr lәzzәtli olur-olsun xәstәnin nәzәrindә lәzzәtli görünmәz vә axirәt faydasını әlә keçirmәk dә ona lәzzәt vermәz. Sәndә axirәt eşqi olsa, dünya üçün gözәl hesab etdiyin şeylәrin hamısını axirәt sәnin ürәyindәn çıxardar vә axirәtdә görmәk istәdiyin şeylәr dünyanı sәnin ürәyindәn çıxardar.

(Bir az fikir elәyib, baxır Hacı Hәsәnin üzünә vә birdәn dikәlib çığırır). Necә tәam? Necә cücә-plov? (Şeyx Әhmәdә). Şeyx Әhmәd, mәni hara gәtirmisәn? Bunlar necә müsәlmandırlar? Necә mömindilәr? Bu nәdir? (Otağın fәrşlәrini göstәrir). Bu xalilәr nәdir? Necә tәam, necә cücә-plov? Şeyx Әhmәd, mәgәr sәn bunlara demәmisәn ki, mәnim xörәyim gündә bir xurmadır?!

Şeyx Әhmәd vә adamlar qorxub titrәyirlәr.

Ş e y x Ә h m ә d. Bәli, şeyxәna, demişәm.

Ş e y x N ә s r u l l a h (üzünü adamlara tutub çığırır). Bu nәdir, vәlәdüzzina? Nә uymusunuz bu dünyaya? İnnә dünyaküm indi lahövlә min vәrәqәtin fixümmi cәradәtin. Bu nәdir? Nә istәyirsiniz? Nә axtarırsınız? Ölәcәksiniz, әgәrçi şah olasız. Dünyayi-şüma dәr nәzdi-mәn hәr ayinә biqәdrtәr әst әz bәrgi ki, dәr dәhәni-mәlәx başәd [8]. Sizin dünyanız ibarәtdir altı cür lәzzәtdәn: mәtum, mәşrub, mәlbus, mәnkuh, mәrkub vә mәşmum. Vәssәlam! Lakin tәamların әn lәzzәtlisi baldır ki, arının tüpürcәyindәn әmәlә gәlir. İçdiyiniz suyun içindә minlәrcә heyvanat cәmdәyi üzür. Әtirlәrinizin әlası müşkdür ki, ahunun göbәyinin qanından ibarәtdir. Mәrkubatın әşrәfi atdır ki, onu minәn hәmişә xәtadadır. Libasların nәfistәri ipәkdir ki, qurdun üfunәtli ağzından çıxır. O ki, qaldı mәnkuhatın müәzzәm faydaları burada mәtlәb bir az tuldur (bir az sakit olub, yavaşca deyir). Sudmәndtәr daruyi ki, cәrәb xarxari-şahidan gülüzarra füru minişanәd, әmri-tәzvic nikahi-mitәәst. Tәdbirist mәtin dәr mühafizәti-şәhristani-iman әz taraci-türkan, qәmzәhayi canistan hisnisti-hәsini dәr tәqlidi-xuni-fasid [9]. (Çox ucadan). Mәn tәzәvvәcә әhrәzә nisfi dinihi. Yәni hәr kәs ki, tәzvic konәd nisfi-dini-xudra әz şәrri-vәsvasi-şeytani vә fәsadi vә hәvәshai-nәfsani eymәn başәd [10]. (Bir az dayanıb yavaşca), Şeyx Әhmәd, bu camaatın içindә bacılardan heç gözümә dәymir? Deynәn ki, o biçarәlәrә xәbәr versinlәr ki, onlar da buraya gәlib vә pәrdә dalına cәm olub, allah-taalanın hökmlәrini eşitmәkdәn bibәhrә qalmasınlar.

[8] Sizin dünyanız mәnim yanımda çәyirtkә ağzında olan yarpaqdan da alçaqdır.

[9] Gözlәrin xәyalı ilә tәrpәnәn çox qaşıntılı qoturluğun әn faydalı dәrmanı-- evlәnmәk mәsәlәsi, yәni siğә elәmәkdir. İman mәmlәkәtini canalıcı naz-qәmzә gözәllәrinin qarәtindәn mühafizә etmәk üçün siğә möhkәm bir tәdbirdir.

[10] Hәr kәs evlәnsә, evlәnmәk onun dinini saxlar. Vәlәdüzzina, yәni hәr kәs evlәnsә, öz dininin yarısını şeytanın şәrindәn vә nәfsani hәvavü hәvәsdәn qorumuş olar.

Adamlar hәrәkәtә gәlir. Çadraya bürünmüş övrәtlәr tәk-tәk otağa girib, kişilәrin dal tәrәfinә düzülürlәr.

Ş e y x N ә s r u l l a h (ucadan). Әksәrü әhlinnaril-әz-zәb; biştәrin әhli-cәhәnnәm әzabanәnd (yavaşca Şeyx Әhmәdә). Şeyx Әhmәd, mәnim taqәtim yoxdur, sәn bunları başa sal.

Ş e y x Ә h m ә d (camaata). Şeyx cәnablarının fәrmayişindәn belә mәlum olur ki, cәhәnnәm әhlinin çoxsu siğeyi-mütәdәn mәhrum olan kişi vә övrәtlәrdir.

Ş e y x N ә s r u l l a h (Şeyx Әhmәdә). Ucadan de, ucadan de. (Çığıra-çığıra). Dü rükәt nәmazi ki, mütәzәvvic güzarәd behtәr әst әz hәftad rükәt nәmazi ki, әzәb miküzarәd [11]. (Birdәn ayağa qalxıb vә sağ әlini camaata tutub, çox ucadan). Tәzvic kon vә gәr nә әz cümleyi rәhbanani-nәsarayi vә gәr nә әz bәradәrani-şeytani [12].

[11] Evlinin qıldığı iki rükәt namaz subayın qıldığı yetmiş rükәt namazdan yaxşıdır.

[12] Evlәn, әks tәqdirdә nәsara rәhbanlarından vә şeytan qardaşlarından olarsan.

H a c ı H ә s ә n (qabağa yeriyib, düşür Şeyx Nәsrullahın qabağında sәcdәyә). Şeyxәna, bizә rәhmin gәlsin; biz yazığıq. Biz hәr halda sizin әmrinizә itaәt etmәyә hazırıq. Bizә yazığın gәlsin.

Ş e y x N ә s r u l l a h (bir qәdәr Hacı Hәsәnin üzünә baxandan sonra başlayır ağlamağa). Hәzrәt Davudra bә qәbristani güzar iftadә, mәlәki әzabra did ki, mürdәra әzab mikünәd. Hәzrәt fәrmud [13]. (Dayanıb oturur yerә vә camaat başlayır ağlamağa). Şeyx Әhmәd, danışmağa taqәtim yoxdur.

[13] Davudun bir qәbiristana yolu düşdü, gördü ki, әzab mәlәki bir ölüyә әzab verir. Hәzrәt buyurdu.

H a c ı H ә s ә n. Allah şәfa versin!

A d a m l a r. Allah şәfa versin!

Adamların içindәn "çәkil oyza yol ver" sәsi gәlir. H e y d ә r a ğ a, Ә l i b ә y vә müәllim M i r z ә H ü s e y n girirlәr içәri. Şeyx Nәsrullah bunlara göstәrilәn hörmәti görüb, durur ayağa.

Ş e y x N ә s r u l l a h. Şeyx Әhmәd, bu ağalar kimdirlәr?

H a c i H ә s ә n. Şeyxәna! Bu Heydәr ağadır, telğrafxanada sahibmәnsәb vә әhli-elm bir vücuddur. Bu ağa--Әliqulubәydir. Mәşhur Cahangir bәy mәrhumun oğlu; özü dә hakim yanında dilmancdır. Bu cәnab--Molla Hüseyn müәllimdir.

Ş e y x N ә s r u l l a h (әli ilә gәlәnlәrә yer göstәrir, onlar da otururlar). Mәzaci-şәrifiniz inşallah sәlamәtdir?

H e y d ә r a ğ a. Allah-taala siz tәk ülәmanın sayәsini bizim üstümüzdәn әskik elәmәsin.

Ә l i q u l u b ә y. Allah sizә ömür versin.

Ş e y x N ә s r u l l a h. Çün adәmira bә cәnazә güzarәnd vә raqimani-kitabxaneyi-qeybi ibrәtxaneyi-kalbudi-insanra baxameyi-әcәl bәr lövhi-tәxteyi-tabut nigarәnd hәqq-tәala.... [14] (Şeyx Nәsrullah birdәn "uy-uy" elәyib, üzünü qırışdırır vә sol әlini qoyur böyrünә).

[14] Elә ki, insanı qәbrә qoydular, qeyb kitabxanasının katiblәri insan bәdәninin ibrәtxanasını әcәl qәlәmilә tabut taxtasının üstünә

yazarlar.... Allah-taala....

Adamlar tәәccübә gәlib dinmirlәr. Şeyx Әhmәd genә bir söz demәyib, durur

ayağa vә Hacı Hәsәnә işarә elәyib çıxır. Hacı Hәsәn Şeyx Әhmәdin dalınca çıxandan sonra Şeyx Nәsrullah yenә başlayır moizәsini.

Çehl sual әz u nümayәd. Әz cümleyi on sual: yeki anәst ki, fәrzәndi-alim, zahiri xudra balibashayi-kafiran zinәt dadi vә batini xudra ki, mәhәlli-nәzәri-mәn büvәd vagüzaşti. Nәdanәm ki, dәr cәvabi-in sual çe guyәnd? [15].

[15] Ona 40 sual verәr. O suallardan biri odur ki, ey alim oğlum, sәn öz zahirini kafirlәrin paltarları ilә bәzәdin, amma mәnim nәzәrimi cәlb edәn batinini yaddan çıxartdın. Bilmirәm bu suala necә cavab verәcәklәr.
H e y d ә r a ğ a. Bәli, cәnab şeyx, biz hәr halda allah-taalanın günahkar bәndәlәrindәnik. (Üzünü adamlara çöndәrib bir az yavaş). Maşallah, cәnab elm dәryasıdır; mәn belә alim görmәmişәm.

A d a m l a r ı n b i r n e ç ә s i. Maşallah, qәribә danışır, lap allah vergisidir.

Ә l i q u l u b ә y (adamlara). Maşallah olsun şeyxin elminә! "Malades!".

Ş e y x N ә s r u l l a h (Heydәr ağaya). Ağayi-mәn, bu şәhәrdә sizdәn savayı da әcnәbi dәrsini oxuyan var, yainki siz iki nәfәrsiniz?

H e y d ә r a ğ a. Xeyr, şeyxәna, yoxdur. Ancaq bir neçә nәfәrik. Doğrudur, Hacı Hәsәn ağanın oğlu da Firәngistanda oxuyub; amma çifayda ki, axırı peşimanlıq olub. Hәqiqәt, cәnab şeyx, әcnәbi millәtlәrin dilini insan bir az öyrәnsә, heç eyib deyil.

Ş e y x Ә h m ә d vә H a c ı H ә s ә n girirlәr içәri.

Amma bir surәtdә ki, müsәlman uşağı illәrlә gedib kafirlәr içindә qaldı, әlbәttә, etiqadı dәyişilәcәkdi.

H a c ı H ә s ә n. Şeyxәna, doğrusu, mәn övladdan yana bәdbәxt olmuşam. Bir qәlәtdir elәmişәm.

Ş e y x N ә s r u l l a h. Hacının oğlu da burada camaat içindәdir?

H a c ı H ә s ә n. Xeyr, cәnab şeyx, xәcalәtindәn sizi görcәk qaçıb gizlәnib. Allah onun üzünü qara elәsin.

Ş e y x N ә s r u l l a h. Әmr bәmәruf hәr müsәlmana vacibdir. Hacı Hәsәn ağa, çağırın oğlunuzu gәlsin; mәn onu görmәk istәyirәm.

Adamlar hәrәkәtә gәlir, Hacı Hәsәn qapıya tәrәf gedir, bir övrәt başlayır ucadan ağlamağa.

Nә istәyir övrәt?

M ә ş ә d i O r u c (bir az qabağa yeriyib). Şeyxәna, bu mәnim anamdı; oğlundan ötrü ağlayır. Oğlu haman Kәrbәlayı Fәtullahdır ki, sizin mәrhәmәtiniznәn Xorasanda dirilib.

A ğ l a y a n ö v r ә t (çadra başında, bir az ağlaya-ağlaya qabağa gәlir). Belә sәnә qurban olum, ay şeyx! Mәn oğlumu sәndәn istәyirәm.

Ş e y x N ә s r u l l a h (çox ucadan). Hәr süxәn cayi, hәr nüktә mәqami darәd [16].

[16] Hәr sözün bir yeri, hәr nüktәnin bir mәqamı var.

Ş e y x Ә h m ә d (övrәtә). Ay bacı, çәkil get, şeyxә başağrısı vermә; hәlә o söhbәtin vaxtı deyil.

DAVAMI
XS
SM
MD
LG