Keçid linkləri

2024, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:26

Üzeyir bəy Hacıbəyli. Biz müsəlmanlarda şirkət


Biz müsәlmanlarda şirkәt, kompaniya vә bunun kimi şeylәr çox az әmәlә gәlir vә әmәlә gәlsә dә çox vaxt heç işә başlamamış dağılıb, şirkәtin üzvlәri bir-birini görәndә bir verstlikdәn qaçırlar.

Müsәlmana deyirsәn ki, balam, gәl bir nәşriyyat cәmiyyәti quraq; hәm özümüz pul qazanaq hәm özgәyә pul qazandıraq vә hәm dә camaatımızın arasına savad artıraq.

Müsәlman bir qәdәr fikir elәyir vә bir balaca gülümsünür vә sonra deyir:

-- Axı pulum yoxdur.

Sәn bu sözә inanmırsan, çünki bilirsәn ki müsәlmanın cibindә elә bu saatın özündә bir әlli manat var ki, üzvlük payı üçün bәsdir vә özü dә elә yerlәrә әlli manat xәrclәyir min il çalışsa, o yerdәn әlli qәpiklik dә mәnfәәt görmәz. Bunu deyirsәn, yenә bir az fikir elәyir vә deyir:

-- Axı sәn bilmirsәn ki, әlli manatın әlli min dәrdi var?

Bu sözün qabağına heç bir söz deyә bilmirsәn. Doğrudan da, әlli manatın әlli min dәrdi var. Ancaq başlayırsan qandırmağa ki, bu әlli manat itmir. Bәlkә iki-üç onu kimi әlli manat götürülüb yüz min şeyin dәrdinә dәrman olur. Müsәlman inanmaq istәmir vә soruşur:

-- Yәni nә tәhәr?

Deyәrsәn ki, mәsәlәn, birisi bir kitab yazır vә istәyir ki, o kitabı çap etdirsin, amma pulu olmur. Gәlir nәşriyyat cәmiyyәtinin yanına vә kitabını o cәmiyyәtә satır. Cәmiyyәt kitabı alıb çap etdirib, satmağa başlayır. Satıb qurtarandan sonra görür ki, filan qәdәr mәnfәәt elәyibdir vә mәnfәәti dә üzvlәrinin arasında paylayır.

Müsәlman bu sözlәrә qulaq asır vә deyir:

-- Bәlkә kitablar satılmadı?

Onda deyirsәn ki, yaxşı, bәs onda sәn heç dükana corab alıb qoyma. Deyir: "Nә üçün?" Deyirsәn ki, bәlkә corablar satılmadı. Müsәlman gülür vә deyir:

-- Axı, corabla kitab bir deyildir! Corabı yenә ayağa geyirlәr, kitabı nә elәsinlәr?

İş bu mәqama gәldikdә sәn özgә bir fikrә gedirsәn vә baxıb görürsәn ki, bu cürә üzvlәrdәn nәşriyyat cәmiyyәti düzәltmәk ona oxşar ki, palçıqdan iki mәrtәbә ev tikәsәn ki, sonra da uçub tökülәndә altında qalan sәn olasan. Ayağa durub, xudahafiz deyib gedirsәn....
XS
SM
MD
LG