Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:44

Üzeyir bəy Hacıbəyli. Biz qızışırıq...


Hәr bir qızmış şey axırda soyuyan kimi, biz dә әvvәl qızışıb sonra soyuyuruq. Mәsәlәn, günlәrin bir günü qızışıb mәktәb açırıq. Budur, müavini-müdir, nazir, müavini-nazir; müәllim, müavini-müәllim, mübәssir, mütәbbir, xәzinәdar, buxalter, kağızaparan, kağızgәtirәn, storoj, müavini-storoj--qәrәz, bir batalyon adamı çağırıb mәktәb açırıq vә deyirik ki, gәrәk bu mәktәbdә әrәb dili, fars dili, türk dili, rus dili, firәng dili, alman dili, ingilis dili, şәriәt, tәbiәt, hikmәt, hәndәsә, hesab, hifzüs-sihhә, üsuli-dәftәr, coğrafiya, tarix, filan, filan, filan oxuyub, uşaqlarımız mәktәbi qurtaran kimi alimi-fazil vә filosofi-kamil olsunlar.

Bir il keçir....

Biz yavaş-yavaş soyuyuruq....

Mәktәb dә yavaş-yavaş soyuyur....

İki il keçir....

Biz lap soyuyuruq....

Mәktәb dә lap soyuyur....

Üç-dörd il keçir.

Biz soyuyub buza dönürük....

Mәktәb dә soyuyub buza dönür.

Sonra oturub papağımızı keri edib, ah çәkirik vә deyirik ki:

-- Ah! Bu mәktәbin bir zamanı vardı ki, dәm-qәstgahı dillәrdә söylәnirdi, amma indi? Müdirlәr, müәllimlәr dağıldı, uşaqlar dağıldı. Ata-analarda hәvәs qalmadı. Elә müsәlmanın işi belә olar!

Daha әvvәldә bir fikir elәmirik ki, axı bir bu qәdәr camaatı ki, mәktәbә yığmışıq vә mәqsәdimiz dә uşaqlarımızı filosof etmәkdir, bunları dolandırmaq lazımdır; dolandırmaq üçün pul lazımdır; pul tapmaq üçün әllәşmәk lazımdır; әllәşmәk üçün hәvәs lazımdır; hәvәs üçün başda fikir lazımdır; fikrimiz dә gәrәk bu cürә olsun: "İşin bünövrәsini xırda götür, qoy sonra böyüsün, yәni tәbiәtin yolu ilә get!"

Tәbiәtin yolu deyir ki, insan, heyvan, nәbatat--anadan doğulanda balaca olsun, sonra yavaş-yavaş böyüyüb hәddi kamala yetsin.

Hәmçinin ticarәt, hәmçinin sәnәt, hәmçinin hәr bir işimizdә bu yolla getmәk lazımdır.

Әvvәl xırda, sonra böyük, nәinki әvvәl böyük, sonra xırda....
XS
SM
MD
LG