Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:55

Milli mətbuatımız 93 il əvvəl


«31 Mart hadisələrini təkcə erməni-bolşevik birləşmələrinin dinc əhaliyə qarşı kütləvi qırğını kimi yox, həm də Azərbaycan Milli mətbuatına qarşı soyqırım kimi qiymətləndirməliyik»

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yenicə çapdan çıxmış «31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında» kitabının müəllifi jurnalist və mətbuat araşdırıcısı Akif Aşırlı söylədi.

BU MƏDƏNİ GENOSİD İDİ!

Onun sözlərinə görə, araşdırmalar milli mətbuat orqanlarımızın axırıncı saylarının 1918-ci il martın 17-də çıxdığını göstərir. «Hadisələr başlayan kimi «Kaspi» və «Açıq söz» qəzetlərinin redaksiyaları, Orucov qardaşlarının mətbəəsi yandırıldı. Hətta «Kaspi»nin mətbəəsində olan 5 min «Quran» məhv edildi. «İsmailiyə» binasında yerləşən milli təşkilatlarımız- Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti, «Müsavat» partiyası, «Səfa» Cəmiyyəti, Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Milli Müsəlman Şurası dağıdıldı. Ona görə deyirəm ki, bu həm də mədəni genosid idi. Törətdikləri faciələrin izini silmək üçün isə mətbuat sıradan çıxarıldı”.

İKİ QƏZETƏ TOXUNMADILAR

Akif Aşırlının bildirdiyinə görə, Azərbaycanda martın 31-dən sentyabrın 15-nə qədər anadilli mətbuatdan iki qəzet nəşr olunurdu—«Hümmət» və Bakı şurasının «Əxbar»ı. «Çünki mövqe etibarilə bolşeviklərə yaxın idi. Ona görə də, o qəzetlərə dəymədilər. Ancaq Bakının işğaldan azad olunmasından sonra milli mətbuat orqanlarımız işıq üzü görməyə başladı».

TİFLİSDƏ «QARDAŞ QAYĞISI» QƏZETİ ÇIXIRDI

Akif Aşırlı o dövrdə Tiflisdə Azərbaycan mətbuat tarixinə düşməyən anadilli bir qəzetin çıxdığını söylədi. «Bu qəzet noyabrın 12-də işıq üzü görüb. İki səhifəsi ərəb əlifbası ilə Azərbaycan dilində, iki səhifəsi isə rus dilində-böyük formatda». Mətbuat araşdırıcısı bu qəzetin noyabrın 12-də çıxdığına xüsusi diqqət ayırır və o tarixdə artıq Bakını azad edən türk ordusunun geri qayıtdığını vurğulayır. «Azərbaycanlıların köməksiz durumundan istifadə edib uydurdular ki, guya Bakının azad olunması uğrunda döyüşlərdə ermənilər də itki verib. Hətta Tiflis Dumasında ( o vaxt Tiflisdə Avropa ölkələrinin səfirlikləri, konsulluqları yerləşirdi) bu məsələni müzakirə etməyə çalışırdılar. «Qardaş qayğısı» qəzeti ermənilərə cavab kimi buraxılmışdı».

QƏZETİN REDAKTORU MİRZƏ BALA MƏMMƏDZADƏ İDİ

Akif Aşırlı
Akif Aşırlının dediyinə görə, qəzetin üstündə redaksiya heyəti tərəfindən buraxıldığı yazılsa da, əsas fiqur sonralar mühacirət tariximizin görkəmli nümayəndələrindən biri kimi məşhurlaşan Mirzə Bala Məmmədzadə idi. «Qəzetdə Mirzə Bala Məmmədzadə həmin ittihamlara cavab verirdi. Bakının paytaxt olmasını istəməyənlərə, müstəqilliyimizi həzm edə bilməyənlərə qarşı, «Azərbaycanlılar mədəni millət deyil», «Dövlət qurmaq xülyaları boş və mənasızdır»- fikirlərini ortaya atanlara yerini göstərirdi. «Bu millət dövlət qurmağa, onu yaşatmağa qadirdir- deyirdi».

QƏZETDƏ MARAQLI FAKTLAR VAR


Qonağımız qəzetdə mart hadisələrinin masştabı ilə bağlı faktlar olduğunu da vurğuladı. «Bakıda 18 min, Şamaxıda 7 min, Qubada 6-7 min insanın qətli faktları orada təsdiqini tapır. Nəvai kəndinin yerlə-yeksan olunması, İrəvan quberniyasının Azərbaycan türkləri yaşayan 42 kəndinin məhv olması, Şamaxıda məsciddə «400 islam ailəsinin» (qəzetdə belə də yazılıb) qılıncla doğranması, Abbas Səhhətin qətl faktı əksini tapıb».

MƏTBUAT DƏYƏRLİ SALNAMƏDİR

«Mətbuat etibarlı və dəyərli salnamədir» fikrini vurğulayan A. Aşırlı həmin qəzetdə hətta bir şahidin gördüyü hadisələri təsvir etdiyini də söylədi. «Xanım Sultanovanın yazdığı məqalədə göstərilir ki, bolşeviklərin 8 min nəfərin öldürülməsi haqqında uydurduğu fakt düzgün deyil, çünki Bakı ətrafındakı kəndlərdə nə qədər insanın qurban getdiyi barədə dəqiq məlumat yoxdur...»

BƏRPA DÖVRÜNDƏN SONRA NƏLƏR YAZILDI?


Akif Aşırlı Bakının azad olunmasından sonra qəzetlərin bərpa dövrünü yaşadığını bildirdi. «Azərbaycan», «Açıq söz», «İttihad», «Bəsirət» qəzetlərində Mart soyqırımı ilə bağlı materiallar işıq üzü gördü. Düzdür, ingilislərin Bakıya gəlişindən sonra Azərbaycan mətbuatının bu mövzuya toxunma imkanları daraldı. Ancaq 1919-cu il martın 31-i Milli Matəm Günü elan olundu. «Azərbaycan» qəzeti xüsusi səhifə buraxdı. «Müsavat» partiyasına bağlı bütün qəzetlər ilk səhifələrini bu günə həsr etmişdilər. «İstiqlal» qəzeti matəm nömrəsi buraxmışdı. «Azərbaycan» qəzeti aprelin əvvəllərinədək davam edən bir neçə sayında «Mart hadisələrinin müxtəsər tarixçəsi»ni vermişdi. İlk atəşin açılmasından tutmuş, ta hadisələrin sonunacan».

DİNİ FACİƏMİZ AŞURA, MİLLİ FACİƏMİZ 31 MART...


Akif Aşırlı Cümhuriyyət qurucularının bu hadisəyə milli faciə kimi yanaşdıqlarını da dedi. M.Ə. Rəsulzadə yazırdı ki, bizim dini faciəmiz Aşuradır, milli faciəmiz 31 mart soyqırımıdır. Yəni faciənin rəngini də verirdi.

- Qəzetlərdə gedən şahid ifadələrində nələr var?

- Fövqəladə Tədqiqat Komissiyasının materiallarında nələr əks olunub?

- Xəlil bəy Xasməmmədlinin «Müraciətnamə» məqaləsində hansı faktlar yer alıb?

- Mətbuat Mart qırğınlarının ssenarisi haqqında nə yazırdı?

- İlk qırğınlar harada olmuşdu?

- «Hümmət» qəzetinin apreldə çıxmış «Faciədən 4 saat qabaq» məqaləsində nələr əks olunub?

- N. Nərimanov öz evində təşkil etdiyi yığıncaqda üzünü S. Şaumyana tutub nə xahiş edib?

- S. Şaumyan verdiyi vədə niyə əməl etmədi?

-Və nəhayət, Akif Aşırlı «Kaspi» qəzetinin mürəttibi, əslən Maştağadan olan Seyidağa Axundzadənin «Mart hadisələri- 1918 və yaxud Nuru Paşanın Bakını işğaldan azad etməsi» adlı dördcildlik kitabını niyə mart hadisələrini ən dəqiq verən nəşr adlandırdı? Kitabda hansı sensasion faktlar var?

«İz» qarşınızdadır.
XS
SM
MD
LG