Keçid linkləri

2024, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:41

Üzeyir bəy Hacıbəyli. Təbrik teleqramı


Cavanlarımızdan. Şәrifzadә, Әlizadә, Kazımzadә, student Mәlikov, Mәhәmmәd Rәhimov, İsmayılzadә, Әzizbәyov, Rüstәm Rzayev, Ağa Mövsümov, Rzazadә, Ağası bәy, Ağaşәrif bәy (ki bur ada yoxdurlar), Mehdixan bәy, İsmayıl bәy, Әziz bәy Aşurbәyov (ki hamısı daçalardadırlar), Sәttar Şәrifov, İsa bәy Aşurbәyov (ki, Moskvadadırlar), artist Sarabski, artist Vәli vә sairәlәri hökumәt tәrәfindәn şeyxülislamlıq yerinә tәyin olunan Pişnamazzadә cәnablarına belә bir teleqram vurubdular: "Öhdәnizә düşәn elә bir müşkül vә mәsuliyyәtli vәzifә münasibәtilә sizi tәbrik edirik!" Yәni o qәdәr ağır bir işin içinә düşmәniz mübarәk olsun! Sonra. "Belә bir ağır zamanda sizin şeyxülislamlıq mәnsәbinә tәyin olunmağınız millәtimizin xeyri üçün gördüyünüz sәmәrәdar işlәrinizә hәmişә nәzәr yetirәn adamların qәlbindә şadlıq oyandırmaya bilmir. Gәlәcәk işlәrinizin meyvәlәrinә ümidvarıq".

Çox gözәl, çox yaxşı. Görünür ki, cavanlarımız yatmayıbdılar, camaat işlәrinә qarışırlar, iş görmәkdәdirlәr, mәsәlәn, teleqram göndәrirlәr.... Görünür, şeyxülislam yerinin boş qalmağı cavanlarımızı çox bikef vә bidimağ edirmiş ki, bu gün hökumәt tәrәfindәn şeyxülislam tәyin olunan kimi keflәri açılıb, şad olubdular, teleqram göndәriblәr.

Әlbәttә, teleqram köndәrmәk yaxşı şeydir, amma teleqramı göndәrmәkdәn qabaq hәmişә bir neçә sual vermәk vә cavab almaq lazımdır. Hәrgah o cavablar hәqiqәt hala vә iqtizayi-zәmanәyә müvafiq isә, o halda teleqramı göndәrmәk olar.

Hәrçәnd cavanlarımızın teleqramı gedib vә olar ki, sahibinә çoxdan çatıbdır, çünki teleqram "şeytan әmәli" olduğuna görә çox tez çatan şeydir vә onu da icad edәn kafirdir, amma yenә dә biz haman sual-cavabı burada tәtbiq elәyәk, görәk nә çıxır?

-- Cavanlarımız teleqram göndәrirlәr.

-- Kimә?

-- Pişnamazzadә cәnablarına.

-- Nә üçün?

-- Tәbrik edirlәr.

-- Nә münasibәtlә?

-- Şeyxülislam olubdur.

-- Aha! Çox gözәl, çox әla. Görünür ki, camaat Pişnamazzadәni seçdi, allah mübarәk elәsin bu seçkini, çox mübahdır.

-- Xeyr! Başa düşmәmisiniz.

-- Çox mübarәkdir, çox gözәldir, bax, hәr yerdә camaat seçkisi olsa, bu şәrtlә ki, Bakının qlasnı seçkisi kimi olmaya, onda yaxşı olar, çox mübarәkdir.

-- Bir hövsәlә elәyin, görünür, sizin xәbәriniz yoxdur....

-- Nә olub?

-- Onu camaat seçmәyibdir.

-- Bәs nә tövr??

-- Hökumәt tәyin elәyibdir.

-- Bәs, ...Tiflis ... vәkil ... seçki ... sәs-küy ... camaat ... nәlbәki....

-- Xeyr, xeyr. Arxayın olun, Pişnamazzadә cәnablarının millәt yolunda etdiyi xidmәtlәr hamısı bizә mәlumdur. Biz nәzәr yetiririk.

-- Bәs onda tәvәqqә olunur ki, o xidmәtlәri müfәssәl yazıb qәzet vasitәsilә camaatımıza bildirin ki, sizinlә bәrabәr bütün camaat dәxi şad olub tәskinlik tapsınlar ki, barı seçkidәn mәhrum oldularsa da, belә bir vücudun tәyini ilә "zәrәr yoxdur" -- demәyә haqqımız olsun. Yenә tәvәqqә olunur ki, bu barәdә bir az cәld tәrpәnәsiniz.
XS
SM
MD
LG