Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

Zaur Qərib. Dünyanın yetim bucağı















SƏNİ YARADANI SEVİRƏM
(Cizgilər...)

Susuram...
Üzünə, gözlərinə, qamətinə diqqətlə baxıram...
Baxır, xəyallara dalır, xəyallarada yaşayıram...
Səsini eşitmirəm.
Zərif gülüşündən dodaqlarının tərpənişinə baxıram.
Yenə də susuram...
Niyə susuram axı mən?!
Tez – tez mesaj lövhələrində:
- Salam, səni Yaradanı sevirəm mən – yazıram...
Sənsə, sadəcə, gülmsəmək işarəsiylə, cavabını bildirirsən.
Bəlkə də zənn edirsən ki, aşiqinəm?!
Yəqin düşünürsən, dərdindən dəli divanə olmuşam?!
Sənə baxıram deyə, fərəhlənir, qürrələnirsən...
Bəlkə rəfiqələrinə də: - Dərdimdən dəli olub, - deyirsən.
Yanılırsan əzizim, yanılırsan...
Mən sənə yox, əsərin gözlərinə,
Tez – tez gülümsəyən dodaqlarına,
Al yanaqlarına baxıram...
Orada bu əsəri Yaradanı axıtarıram...
Xəbər tutmayasan deyə, göyərçin, qaranquş olub,
Gecə, gündüz pəncərənə qonub
Səndən gizli sənə baxmaq istəyirəm.
Baxmaq istəyirəm, yatmağına, qalxmağına...
Yaradana baxmaq istəyirəm!
Təşəkkür, min təşəkkür səni yaradana...
Yenə sevdirdi özünü mənə.
Hər dəfə sənə baxdıqca, Yaradanı sevirəm mən yenə.

26 Mart, 2011.
Bakı şəhəri.



DÜNYANIN YETİM BUCAĞI

(Cizgilər...)

Deyirsən: - Küsürəm səndən.
Sənə nə deyim axı?..
Allah küsmüşdü məndən,
Sən də küs, yetim qalım!
Çıxım içi boş adamlarla dolu küçələrə,
Kimsəsiz küçələri dolaşım.
Bu dünyada barışacağım adamı tapmadımsa,
Heç olmasa, küçələrlə barışım.
Sənə, Allahıma deyib, içimi boşalda bilmədiklərimi
Onlarla bölüşüm.
Bölüşüm daşla, kəsəklə,
Bölüşüm dərdlərimi qan rənginə çalan torpaqla...
- Qan rəngli torpaq?
Hə, qan rəngli torpaq!
Qanı, insan canını sevən,
Qan rəngli torpaq!
Danışım, torpağa qəddarlığından.
Bəlkə, o, məni anlayar...
Dünyanın üstündən, altına aparar.
Bu dünya dairəvidi, - deyirlər.
Fırlanır, fırlanır...
Hərəyə bir tinin, bir bucağın verir.
O, da sənin kimidi,
Kiminə bəxtiyarlıq küncünü,
Kiminə yetimlik bucağın verir.
İndi sən də dedin: - Küsürəm səndən.
Nə deyim axı, mən sənə?..
Görünür,
Dünyanın yetim bucağı
Yazılıb bəxtimə əvvəldən.

29 Mart, 2011.
Bakı şəhəri.
XS
SM
MD
LG