Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:54

«Barəmdə ən sərt qərar qəbul edilsə də, bu məni qorxutmur»


Bunu AzadlıqRadiosuna hazırda həbsdə olan gənc fəal Bəxtiyar Hacıyev məhkəməsinin gedişində yaranan fasilədə deyib:

«Mənim barəmdə açılmış bir aylıq həbs qəti imkan tədbir aprelin 4-də başa çatırdı. Lakin Nizami rayon Məhkəməsi qapalı iclas keçirərək, qeyri-qanuni mənim həbs müddətimi 3 gün artırdı. Bu gün- yəni aprelin 7-də 3 gün başa çatır və mən sərbəst buraxılmalıyam. Hakimlər bununla bağlı müşavirə otağına gediblər. Amma bir saatdan çoxdur hələ geri qayıtmayıblar. Son illər Azərbaycanda gördüyüm məhkəmələr mənə uşaqlığımı, o vaxtlar getdiyim kukla teatrlarını xatırladır. İndi də hansı siyasi sifariş verilsə, yəqin ki, qərar da elə olacaq».

Bəxtiyar Hacıyev onun həbsinə münasibət bildirərkən deyib ki, bu gənclərin gözünü qorxutmaq üçün verilmiş siyasi göstərişdir:

«Amma onlar başa düşməlidirlər ki, bu cür addım atmaqla əslində kimin- kimdən qorxduğunu göstərirlər. Hakimiyyət öz xalqının dəstəyinə inanırsa, gənclərdən ehtiyatlanmaz və bu qədər insanları həbs etməzdilər».

Bəxtiyar Hacıyev təzyiqlərə və haqsızlıqlara baxmayaraq fikrinin dəyişməyəcəyini deyir:

Bəxtiyar Hacıyev məhkəmə zalında
«Belə təzyiqlərə görə, mən fikrimi dəyişsəydim hazırda həbsdə olmazdım. Əksinə mən tutduğum mövqenin düzgün olduğunu daha dəqiq anlayıram. Hazırda dünyada firavan yaşayan ölkələrin bir çoxunda kimlərsə bu yolu keçiblər. Yəni, onlar da döyülüblər, haqsız yerə həbsə atılıblar, həyatlarını itiriblər. Bu prosesin nəticəsi olaraq indi həmin ölkələr yüksək səviyyədə yaşayırlar. Bizim ölkə də bu yolu getməlidir. Mən mövqeyimdə heç bir dəyişiklik hiss etmirəm, yəqin ki, dəyişməyəcəm də».

Barəsində açılmış cinayət işi ilə bağlı məhkəmənin hansı qərarı verəcəyinə münasibət bildirərəkən Bəxtiyar Hacıyev bunları dedi:

«Hansı siyasi sifariş verilsə, həmin qərarı da şıxaracaqlar. Amma Azərbaycan Konstitusiyasına, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara, beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərə istinad edərək hüquqlarımı qoruyacam. Amma mən istənilən qərara hazıram. Barəmdə ən sərt qərar qəbul edilsə də, bu məni qorxutmur».

XS
SM
MD
LG