Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:20

Mirzə Ələkbər Sabir. Küpəgirən qarının qızlara nəsihəti















Qarı nənənin sözlərini sanma çərəndir,
Canım, gözüm, ay qız!
Hər kəlməsi min ləli-Yəmən, dürri-Ədəndir,
Anla sözüm, ay qız!
Çox ömr eyləyib, çox da hünər etmişəm isbat
Bu dari-cahanda.
Min hiylələri qatlamışam sinəmə qat-qat
Bu xeyli zamanda.
Min il sənə nəqlın eləsəm məkri-nisanı
Qurtarmaz, azalmaz.
Doldursam əgər məkrlə ətrafı-cahani
Bir boş yeri qalmaz.
Cadu da əlimdən bacarıb cin də qutarmaz,
Əfsunuma bah-bah!
Mən eylədiyim məkri şəyatin də bacarmaz,
Vallah və billah!
Xoştalelimişsən ki, bu gün feyzi-hüzuram
Oldu sənə qismət.
Qan sözlərimi, indi sən, ey gözdəki nurum,
Qoyma keçə fürsət.
Əvvəl bu qədər bil ki, vəfadar ər olmaz,--
Aqil olur olsun;
Bir ər ki, vəfadar ola, aləmdə tapılmaz,--
Cahil olur olsun;
Zinhar, vəfa etmə tələb ər dediyindən,
Sərvəqt ol, amandır!
Asudə xəyal olma bu şohər dediyindən,
Üç-dördün alandır.
Qırx il edəsən bir kişi əmrində itaət,--
Mənzurdə bilməz;
Vəqta ki, qocaldın alacaq başqa bir övrət,
Baxmaz sənə, gülməz.
Ər dərd-qəmin çəkmə, sən öz halına ağla,
Canı bəcəhənnəm!
Sərrişteyi-tədbirini xəlvətcə yumaqla,
Qıl könlünü xürrəm.
Tainki ayıqdır həzər et ər dediyindən,
Ər zülmü yamandır!
Çün yuxladı, əl qat cibinə zər dediyindən,
Öz rəngini yandır.
Fürsət ki, olur rəngini vur hər gecə məxfı,
Fərrarəlik öyrəş;
Ta bilməyə şeytan da götürdün necə məxfi,
Əyyarəlik öyrəş.
Çün sübh çayın içdi kişi çıxdı kənarə,
Bidərdü qəm oldun;
Açıldı başın, indi qıl öz dərdivə çarə,
Banu hərəm oldun;
Ver Xansənəm ət, yağ, düyü, bal, çay, şəkər alsın,
Gülqənd var evdə;
Artıq nə qalarsa ona da xüşgəbər alsın,
Hərçənd var evdə.
Göndər uşağı, Şahbacını eylə xəbərdar--
Gəlsin hələ-həlbət,
Gəldikdə gətirsin neçə övrətləri zinhar,
Qur məclisi-işrət.
Mindir ocağa qazqanı, qaynat samavarı,
Çal nayı, qavalı;
Mehmanlara hazır elə min dürlü naharı;
Ver külçə, qoğalı,
Həm qaymağı, balı.
Ər fələlik etsin,
Hər gün işə getsin,
Olma ona həmqəm,
Canı bəcəhənnəm!
Sən çəkmə məlali,
Qur məclisi-ali,
Pozma bu cəlali,
Ay başı bəlali!
XS
SM
MD
LG